Torpaq – uğrunda ölən varsa, Vətəndir


Fevralın 26-da, Xocalı soyqırımının 21-ci ili qeyd olunduğu gündə RİH başçısı Mirdaməd Sadıqov rayon ictimaiyyəti ilə bərabər İsmayıllı rayonunun Şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin məzarı üstünə və xatirə lövhəsi önünə tər qızılgüllər düzmüşdür. Başçı ziyarətçilərin ön sıralarını təşkil edən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələri üzvlərinə göstərdikləri xidmətin dövlətimiz və xalqımız tərəfindən heç vaxt unudulmayacağını söyləmiş, torpaqlarımızın qorunmasında şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət diləmişdir.
…1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə tarixi düşmənlərimiz olan ermənilər keçmiş SSRİ-nin 366-cı alayı ilə birləşərək Xocalı şəhərinə hərbi hissənin arsenalında olan bütün növ silahlarla hücuma keçdilər. Millətimizə qarşı soyqırım törədildi. Dünya müharibələri tarixində Xocalı soyqırımınadək belə qəddarlığa, dinc insanlara qarşı qeyri-insani, vəhşi hərəkətlərə rast gəlinməmişdi.
Separatçılıqla əsası qoyulan Ermənistan-Azərbaycan müharibəsinə ikili standartlarla yanaşmanın nəticəsi olaraq Xocalı faciəsi, millətimizə qarşı soyqırım törədildi. Fevralın 26-sı səhər saat beşədək Xocalı yer üzündən silindi. Erməni vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalı soyqırımında 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Xocalı faciəsi miqyasına və qəddarlığına görə Xatın və Sonqmi faciələrindən geri qalmır.
İllər, qərinələr keçsə də, Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi əziz tutulacaqdır. Çünki, şair demişkən:
– Torpaq – uğrunda ölən varsa, Vətəndir!
“İsmayıllı xəbərləri”

Şərh Yaz