Xocalı soyqırımından 21 il ötür

Xocalı soyqırımından  21 il ötür
Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtliksə, tufan kimi gəlir, özü də uçura-uçura, dağıda-dağıda. Onu heç kəs seçmir, o, öz ayağı ilə gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Xocalı soyqırımı kimi.
Xocalı faciəsi Varfolamey gecəsindən də dəhşətli, ondan da müdhiş, ağrılı və acılıdır. Bu dəhşət əliyalın, günahsız dinc sakinlərə qarşı yönəldilmiş soyqırım idi. Bütün türk dünyasına qarşı əsil genosid idi.
1992-ci illərin əvvəllərində Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağın dağlıq hissəsindəki azərbaycanlılar yaşayan kəndləri işğal etdilər. Sovet İttifaqının Xankəndidəki 366-cı mexanikləşdirilmiş alayın əsgər və zabitlərinin köməyi ilə ermənilər Xocalını da işğal etdilər. Yerlə-yeksan etdilər, demək daha doğrudur. Rus və ermənilərdən ibarət bu alay Xocalıda XX əsrin Xatın, Liditsa və Sonqmi kimi faciələrindən də dəhşətli soyqırımı törətdilər. Bu zaman respublikada hakimiyyətdə olan maymaqlar Xocalıya heç bir köməklik göstərmədilər.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə rus və erməni birləşmələri Xocalını mühasirəyə aldılar. İlk zərbə Xocalı hava limanına endirildi. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar da, cəsarətlə vuruşurdular. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyevin başçılıq etdiyi 22 nəfərlik dəstə qəhrəmancasına vuruşdu. Onlar düşmənin üç həmləsini igidliklə dəf etdilər. Qüvvələr bərabər deyildi, döyüş sursatı da tükənmək üzrə idi. Ə.Hacıyev vəziyyətin çıxılmaz olduğunu görəndə hava limanını partladır ki, düşmənin əlinə keçməsin. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralanır və qəhrəmancasına həlak olur. Ölümündən sonra Ə.Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Tofiq Hüseynovun rəhbərlik etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri özlərindən qat-qat güclü olan düşmənlə qəhrəmancasına vuruşurdu. T.Hüseynov son nəfəsinədək döyüşdü, düşməni azdırıb onlarca həmvətənimizin mühasirədən çıxmasına imkan yaratdı. Ancaq özü mühasirəyə düşdü. İgid döyüşçü düşmənin təslim ol çağırışına məhəl qoymadan sonadək vuruşdu və son gülləsini özünə vurdu. Ana torpağı qucaqlayıb gözlərini əbədi yumdu. Ölümündən sonra T.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Ağdam-Əsgəran istiqamətində toplanmış milli hissələr arasında əlaqə və ümumi rəhbərliyin olmaması üzündən onlar düşmənə qarşı hücum təşkil edə bilmədilər. Bu pərakəndəlik düşmənə mütəşəkkil surətdə zərbə endirməyə imkan vermirdi.
Xocalı süqut etdi, şəhər yandırıldı, ölənlərin sayı yüzlərcə idi. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar və uşaqlar şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladı. Qarlı, şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə keçirən qaçqınların çoxunu don vurdu, yaralıların bir qismi də tab gətirməyib öldü. Yüzlərcə köməksiz qadın, qoca və uşaq vəhşiliyin qurbanı olmuşdur.
Xocalıda dəhşətli qırğın törədilmişdir. 613 nəfər, o cümlədən 106 nəfər qadın, 83 nəfər azyaşlı uşaq, 70 nəfər qoca öldürülmüşdür. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. 1275 nəfər əsir alınmış, 8 ailə bütövlüklə məhv edilmişdir. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.
Bu faciəni rus ordusu ilə birlikdə erməni faşistləri törətmişlər. Bu faciədə uzun müddət düşmən əhatəsində qalan şəhərə vaxtında lazımi köməklik göstərməyən, düşmənin güclü hücuma hazırlaşması barədə məlumat aldıqdan sonra belə əhalini təhlükəsiz yerlərə köçürmək üçün tədbirlər görməyən respublika rəhbərliyi də az günahkar deyil. Hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital toplamağa, respublikada vəziyyətin gərginləşməsinə çalışan siyasətbazların rolu da olmuşdur.
Xocalı şəhəri erməni-rus birləşmiş qüvvələri tərəfindən işğal edildikdən sonra az müddət ərzində bütün yuxarı Qarabağ zəbt edildi. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağır göynərti, ən müdhiş yaradır. Qan yaddaşımız, can yaddaşımızdır.
Tarixdə elə hadisələr olur ki, baş verdiyi ilk vaxtlarda əsl qiymətini almır. Amma illər ötdükdən sonra həmin hadisə, belə demək olarsa, tarixin süzgəcindən keçir və layiqli qiymətini alır. Bu gün ölkəmiz bu soyqırımın bütün dünyada tanınması istiqamətində ardıcıl iş aparır. Bunun nəticəsində ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımı artıq tanınmışdır. Digər ölkələrdə də bu istiqamətdə məqsədyönlü işlər aparılmaqdadır. 1992-ci ilin 26 fevralı belə günlərdəndir. 1997-ci ildən Xocalıda azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq fevralın 26-da saat 17-də sükut dəqiqəsi elan olunmuşdur.
Çox keçməz ki, düşmən tapdağı altında olan torpağımız azad olar, ermənilər törətdikləri bütün faciələrin cavabını verərlər. Mən buna tam əminəm.
İlhamə Yusifli,
Xanagah kənd ümumi orta məktəbin tarix müəllimi

Şərh Yaz