Fənn birləşmələrinin təşkili

Kimya və biologiya fənn birləşmələrinin planına aşağıdakı mövzular daxil edilə bilər:
-Kimya və biologiya dərslərində müstəqil işlərdə şagirdlərin əmək bacarıqlarının inkişaf etdirilməsi təcrübəsindən.
– Kimya və biologiyanın təcrübəsində fənlərarası əlaqədən istifadə təcrübəsindən.
– Kimya və biologiyanın təcrübəsində şagirdlərin elmi materialist dünyagörüşünün formalaşdırılması təcrübəsindən.
– Kimya və biologiyanın təcrübəsində peşəyönümü işinin təşkili təcrübəsindən.
Fənn birləşmələrinin planında əsas məsələ məşğələlərin düzgün təşkili ilə bağlıdır. Fənn birləşmələrinin bütün üzvləri eyni dərəcədə fəal olmalı, gənc müəllimlərin məruzələrinin dinlənməsinə daim diqqət yetirilməlidir.
Fənn birləşmələrinin iş planlarına məruzələrlə yanaşı yuxarıda qeyd etdiyimiz kimi, digər tədbirlər (proqram materiallarının planlaşdırılması, sinifdənkənar işlərin təşkili və buraxılış imtahanları üçün hazırlıq və s.) daxil edilməlidir.
Tədqiqat göstərir ki, kimya və biologiyadan fənn birləşmələrində oxunacaq məruzələr şifahi, mövcud ədəbiyyatdan köçürülmüş məlumatlar şəklində deyil, müəllimlərin öz iş təcrübəsi ilə əlaqələndirildikdə daha səmərəli olur. Bunun üçün açıq dərslərin təşkilindən istifadə edilə bilər. Məsələn, kimya və biologiyadan fənn birləşmələrinin növbəti məşğələsinə bir neçə gün qalmış burada məruzə oxuyacaq müəllimin açıq dərsi təşkil edilməlidir. Kimyadan şagirdlərin müstəqil işlərinin təşkili təcrübəsi mövzusunda məruzə müzakirə edilməlidir.
Məruzə oxuyacaq müəllim açıq dərsə qədər məruzə ilə əlaqədar metodik ədəbiyyatı və internet resurslarını nəzərdən keçirməli, dərsdə tətbiq ediləcək üsulları müəyyənləşdirməlidir (yeri gəlmişkən, deməliyik ki, bəzən kimya və biologiya müəllimləri müstəqil işləri yalnız məsələ həll etdirməklə məhdudlaşdırırlar. Kitab üzərində laboratoriya təcrübələri aparmaqdan, məruzə və referat, cədvəl, dioqram hazırlamaq və s. kimi müstəqil işlərdən isə əksər hallarda istifadə olunmur). Müəllim mövzunun xarakterindən asılı olaraq göstərilən müstəqil iş formalarından, kompyuterdən istifadə etmək ustalığını həmkarları qarşısında nümayiş etdirməlidir.
O, müstəqil işlərin bir növü üzərində daha geniş dayanmalı və açıq dərsdə də özünün həmin sahədə iş təcrübəsinə geniş yer verməlidir. Fərz edək ki, müəllim məruzəsində dərslik üzrə müstəqil işdən söhbət açmağı nəzərdə tutmuşdur. Belə halda, açıq dərsdə şagirdlərə dərslik üzrə müstəqil iş tapşırılmalıdır.
Dərslik üzrə müstəqil işi müxtəlif formalarda şagirdlərə plan verib, ayrı-ayrı bəndlərinə cavab yazdırmaq, laboratoriya və praktik işlər üzrə göstərişlərdən istifadə etməklə təcrübələri yerinə yetirmək, dərs materiallarının sonunda çalışma və məsələləri həll etdirmək və s. təşkil etmək olar.
Dərslik üzrə müstəqil işlərin hansı formasından istifadə edilirsə edilsin, dərsdə onun nəticələri geniş müzakirə olunmalı, şagirdlərin fəallığı nəzərə alınmalıdır.
– Açıq dərsdə fənn birləşməsinin bütün üzvlərinin iştirakı təmin edilir. Eyni zamanda, açıq dərsin bütün detallarını dəqiqliyi ilə nəzərdən keçiririk, müsbət və mənfi cəhətləri qeyd edirik.
Qabaqcıl təcrübəni öz işlərində tətbiq etmək üçün fənn birləşmələri üzvlərinə məsləhət görürük.
Kimyadan fənn birləşmələrinin bu qaydada aparılması məruzə oxuyacaq müəllimin və eləcə də, dinləyicilərinin məsuliyyətini artırır, dərslərin müasir səviyyədə qurulmasına xeyli kömək edir.
Fənn birləşmələrinin məşğələlərində kimya və biologiya üzrə illik proqram bölgülərini müzakirə edirik. Odur ki, neçə illərdi keçirilmiş buraxılış test imtahanlarında 2 saylı tam orta məktəbdə kimya və biologiyadan qeyri-kafi qiymət alan olmamışdır.
Fənn birləşməsində proqram materiallarının planlaşdırılmasına dərs planının düzgün tətbiqinə geniş yer verilməlidir. Bu fənlərin tədrisi sinif otaqlarından istehsalata, təbiətə çıxarılmalıdır. Yalnız belə olduqda, məktəb islahatının tələbləri yerinə yetirilə bilər. Şagirdlər kimya, biologiya laboratoriyalarında gördükləri preparatları, istehsalat qurğularını, bitki orqanlarını təbii halda müşahidə etməlidirlər. Belə olarsa, şagirdlər bilikləri dərindən mənimsəyər, istehsalatı, təbiəti dərk etməkdə böyük imkan qazanmış olarlar. Göründüyü kimi, fənn birləşmələrinin işinin təşkili və keçirilməsi o qədər də asan deyil. Fənn birləşmələrinin müəllimlərinin təkmilləşmiş üsullardan istifadə etmələri, onların tədris prosesində baş vermiş yeniliklərlə müntəzəm tanış olmaları, ümumiyyətlə, elmi-pedaqoji səviyyələrini daima artırmaları çox yaxşı vasitələrdən biridir. Məsələn, İsmayıllı şəhər 2 saylı tam orta məktəbin müəllimi Rəna Həsənova hər il olduğu kimi, bu il də I yarımilin yekununda VII və VIII siniflərdə biologiyadan test tapşırıqları və əlavə suallar verərək şagirdlərin bilik səviyyəsini qiymətləndirdi. Lazım olduqda, internetdə maraqlı sahələri şagirdlərə göstərərək izah etdi. Belə faktlar şagirdlərdə fənnə maraq yaradır.
Dünyabəyim Eminova,
İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin kimya və biologiya fənn birləşməsinin sədri

Şərh Yaz