Mənalı ömür sahibi

Mənalı ömür sahibiAilədə böyüyən övlad yalnız o ailənin deyil, həm də xalqın, vətənin, bəşəriyyətin övladıdır. Valideynlər onu cəmiyyət üçün layiqli övlad kimi yetişdirirlər. Belə övladlardan biri də Sədaqət müəllimdir.
1947-ci il sentyabr ayının 2-də İsmayıllı kəndində Nəsrəddin müəllimin ailəsində bir övlad doğulur, adını Sədaqət qoyurlar.
Sədaqət İsazadə 1965-ci ildə şəhər 2 saylı tam orta məktəbini bitirir və Şamaxı Pedaqoji Texnikumuna daxil olur. 1968-ci ildə təhsilini başa vurur və İvanovka kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. 1968-1970-ci illərdə ordu sıralarında xidmət edir. Yenidən İvanovka kənd orta məktəbində əmək fəaliyyətini davam etdirir. O, 1972-ci ildə şəhər 2 saylı tam orta məktəbində işə qəbul edilir. Əvvəlcə uşaq birliyi rəhbəri, sonra isə ibtidai sinif müəllimi işləyir. S.İsazadə ADPU-də qiyabi yolla ali təhsil alır.
Atası vaxtsız vəfat edir. Çətinliklərə baxmayaraq kiçik yaşlı bacı və qardaşlarının qayğısına qalır. Bacılarını köçürür, qardaşlarını ev-eşik sahibi edir…
Bu mübariz insan nöqsana göz yummağı bacarmır, vətənpərvərdir, öz təşəbbüsü ilə dəfələrlə ağır günlərdə Qarabağda döyüş zonalarında olub, əsgərləri ruhlandırıb, onlara mənəvi dəstək göstərib.
Sədaqət müəllim qəlbini şama döndərərək gecə-gündüz el balalarının yolunda əridən, heç bir çətinlik və maddi çatışmazlıqlardan qorxmayan pedaqoq olub. Şagird önündə, el yanında, Vətən yolunda həmişə başı uca olub.
Əmək fəaliyyəti dövründə onun iş təcrübəsi rayonda yayılıb, nümunə göstərilib. Sədaqət müəllim dəfələrlə RTŞ-nin, işlədiyi məktəbin Fəxri fərmanları ilə təltif edilib. O, keçirilən attestasiyalarda metodist müəllim, ali kateqoriyalı müəllim adına layiq görülüb. Şəkli RTŞ-nin şərəf lövhəsinə vurulub.
S.İsazadə Respublikamız müstəqillik qazandıqdan sonra keçirilən ilk müəllimlər qurultayının nümayəndəsi olub.
O, tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Məktəb həmkarlar komitəsinin sədri seçilib.
S.İsazadə 1993-cü ildən YAP-nın üzvüdür, fəal ictimaiyyətçidir. Dəfələrlə məntəqə seçki komissiyasının üzvü olub . Keçən seçkilərdə İsmayıllı kənd bələdiyyəsinin üzvü seçilib. O, hazırda rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvüdür.
S.İsazadə məktəbdə və rayonda keçirilən tədbirlərdə müntəzəm iştirak edir. İşlədiyi müddətdə məktəbdə ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri olub. Metodbirləşmə iclaslarında ibtidai siniflərdə fənlərin tədrisi ilə bağlı mühüm məsələlər, tədrisdə yeni təlim metodlarının tətbiqi, tədrisin keyfiyyətinin yüksəldilməsi və s. təkliflər ümumiləşdirilir, öyrənilir və tətbiq edilir.
Həmyerliləri Sədaqət müəllimə hörmətlə yanaşır, onunla məsləhətləşirlər. O, ağsaqqal kimi abadlıq işlərində, toy və yas mərasimlərində fəal iştirak edir.
Sədaqət müəllim nümunəvi ailə başçısıdır. 3 övladı 4 nəvəsi var. Övladlarının hamısı ali təhsillidir. S.İsazadə 2012-ci ilin sentyabr ayında 65 yaşı olduğu üçün məktəblə vidalaşıb.
A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin pedaqoji kollektivi Sədaqət müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onu yüksək əhval-ruhiyyə ilə, təmtəraqla təqaüdə yola salıblar.
Bu yazını hazırladığımı eşidən məktəbin direktoru Ramil Dadaşov dedi ki, biz Sədaqət müəllimlə həmişə fəxr etmişik. Onun pedaqoji təcrübəsindən bundan sonra da istifadə edəcəyik, bəhrələnəcəyik. Ramil müəllim ona sağlam və şərəfli ömür arzuladı.
Xatirə Orucova,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərh Yaz