Məmurlara sərt xəbərdarlıq

Məmurlara sərt xəbərdarlıq
Fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən müşavirədə Prezident İlham Əliyev son bir ayda ölkədə baş verən ciddi sosial etiraz aksiyalarına reaksiya verib və dövlət strukturlarında yer alan məmurlara sərt xəbərdarlıqlar ünvanlayıb. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş tədbirdə dövlət başçısı konkret adlar çəkməsə də, ümumi şəkildə ölkədəki etiraz aksiyasından bəhs edib, məlum hadisələrə görə məmurları suçlayıb.
Ölkə başçısı məmurlardan regionlarda sahibkarlığın inkişafına maneçiliklərin aradan qaldırılmasını tələb edib: “Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pullarını vermirlər. Belə olmaz! Əgər onlar fikirləşirlərsə ki, mənə bu məlumat çatmır, səhv edirlər. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər ki, sahibkarları incidənlər cəzalandırılacaq”.
Prezident vəzifəli şəxslərin övladları barədə daha sərt danışıb: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Prezident çıxışında bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirib: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.
Müşavirədən sonra hər kəs hesab edir ki, prezidentin bir sıra məmurlara, onların harın övladlarına ünvanladığı xəbərdarlıqlar bu cür hallara qarşı qətiyyətlə mübarizə aparılacağına işarədir. Bu cür ifadələr bir daha onu göstərir ki, prezidentin siyasətinin başlıca istiqaməti Azərbaycan xalqının rifahına, problemlərinin yüksək səviyyədə həllinə yönəlib və prezident üçün Azərbaycanın adi bir vətəndaşının hüquqları istənilən bir məmurun səlahiyyətlərindən üstündür. Bu, yetərincə bütün icra strukturlarında işləyənlər üçün çox ciddi xəbərdarlıqdır və bundan nəticə çıxartmayanlar nəinki vəzifədən gedəcək, onlar daha xoşagəlməz, ciddi cəzalarla üz-üzə qalacaqlar.
Prezident İlham Əliyevin bu çıxışı ölkə ictimaiyyətinin, eləcə də ismayıllıların ciddi müzakirə mövzusuna çevrilib. Dövlətə və dövlətçiliyə xidmətdə həmişə sədaqət nümayiş etdirən ismayıllılar Prezidenti dəstəkləyir, əmindirlər ki, bu istiqamətdə atılan addımlar bundan sonra da davamlı və faydalı olacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz