“Rəfiqi-şəfiqimə…”

Bakıda yaşayan Basqal ziyalılarının Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əliağa Vahid və bir çox görkəmli şair və nasirlə yaxın dostluğu məlumdur. Onlar bir-birinə qonaq gəlib-gedir, məktublaşır, mütərəqqi fikirlərin, adət və ənənələrin yayılmasında təşəbbüskarlıq göstərir, ədəbi diskussiyalar aparırdılar. Belə şəxslərdən biri də Ağasəfərəli Hacı Gülü oğludur. Onun oğlu, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Mustafa Güliyevlə ölümündən bir qədər əvvəl Bakıda, (Mustafa müəllim 1993-cü ildə 89 yaşında vəfat etmişdir) Əzizbəyov küçəsindəki mənzilində görüşdük. Mustafa müəllim 1918-ci ildə vəfat etmiş atası barədə maraqlı söhbət etdi, özünün zəngin kitabxanasında saxladığı müxtəlif qiymətli sənəd, fotoşəkil, qəzet və jurnalları bizə göstərdi.
Ağasəfərəli Güliyev Şərq klassiklərindən bir çoxunun əsərlərini mütaliə edir, rus, İran, Misir dövri mətbuatını mütəmadi izləyirmiş. Ticarətlə geniş məşğul olmaqla yanaşı, o, əldə etdiyi qazancın çox hissəsini özündən dörd yaş kiçik olan qardaşı Məşədi Məmmədtağı ilə birlikdə Moskvaya, Peterburqa, Kiyevə, Minskiyə, həmçinin Fransaya, İngiltərəyə, İrana, İraqa, Səudiyyə Ərəbistanına, Türkiyəyə və dünyanın bir çox başqa ölkələrinə səyahətlərə sərf etmişdi. Mütaliə, səyahətlər, istedadı, açıqgözlüyü onu dövrünün hərtərəfli biliyə malik ziyalılardan biri etmişdi. Ağasəfərəli gah Bakıda, gah da Basqaldakı yaraşıqlı, yüksək zövqlə tikilmiş xudmani mülkündə yaşayırdı. Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Məmməd Səid Ordubadi, Soltan Məcid Qənizadə, Ömər Faiq Nemanzadə, Əlicabbar Orucəliyev, Abdulla bəy Əfəndizadə, Mir Cəfər ağa Hacı Seyid Əzim oğlu və başqa görkəmli şəxslərlə dostluq etməsi onun dünyagörüşünün zənginləşməsi üçün əlverişli şərait yaratmışdı.
Mustafa müəllim atasının hürriyyət carçısı, cəsarətli şair Məhəmməd Hadi ilə qardaşlığa keçən dostluğundan müxtəlif epizodlar danışdı. Maraqlı idi ki, görkəmli alim Məhəmməd Hadinin saysız-hesabsız şeirini əzbər bilir, onları təhlil edirdi. Sonra o, şairin 1908-ci ildə Bakıda H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çap olunmuş “Firdəsül-hamad” kitabını göstərdi. Titul vərəqindən sonra şairin şəkli verilib. M.Hadi başında sur papaq, gözlərində zərif pensne, əli qoynunda sentimental bir görkəmdə fotoya alınıb. Şəklin ətrafında azadlıq istərkən bundan məhrum qaldığını və onun əldə olunması üçün heç bir çarə görə bilmədiyini etiraf edən şair yer üzündən uzaqlaşmaq, bu dəhşət, vəhşət və səfalətlərdən uzaqlara, ulduzlara uçmaq xəyalını izhar edən misraları yazılmışdır:
Uçsaydım, ah, mən o müəlla cahanlara!
Yüksəlmək ən böyük əməlim asimanlara.
Artıq xilas olur da əlindən fəlakətin,
Görməm vücuhi-dəhşətini ərzi-vəhşətin.

Şair fotonun çəkildiyi qısa anda belə qəlbindəki kədəri gizlədə bilməmiş, bunu baxışında büruzə vermişdir. Şəklin arxasında şairin öz dəsti-xətti ilə bu sözlər yazılmışdır: ”Rəfiqi-şəfiqim, məhəbbətli dostum Ağasəfərəli cənablarına yadigarım olsun. Bakı, 1909 sənə 30 yanvar. M.H.Abdulsəlimzadə”.
Dövrünün istedadlı alimi, yazıçısı, mütərcimi olan Abdulla bəy Əfəndizadə (Azaqbəyli) ilə dostluğu isə H.Ağasəfərəli üçün daha çoxşaxəli, daha uzun sürən olmuşdur. Mustafa müəllim bu dostluqdan özünün də kifayət qədər bəhrələndiyini söyləyib, Abdulla bəy Əfəndizadənin həyat və yaradıcılığını əks etdirən qeydləri, çap materiallarını bizə göstərdi.
A.Əfəndizadə də böyük qardaşı, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev kimi, Şəki realnı məktəbini, Qori seminariyasını, sonralar Tbilisi Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş, müəllimliklə məşğul olmuşdur. 1906-cı ildə Abdulla bəyin “Rüstəmin yuxusu, yaxud röyası” adlı ilk əsəri çapdan çıxır. 1919-cu ildə onun ikinci kitabı – “Son türk əlifbası” adlı əsəri nəşr olunur. Müəllif bu əsərində Azərbaycan xalqının savadlanması üçün çətinlik törədən ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini zəruri məsələ kimi qaldırır. A.Əfəndizadə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da dərs deyibdir. Bu illərdə o, üçüncü kitabını da yazıb və onu “Fənni-tərbiyə” adlandırmışdı.
A.Əfəndizadə (Azaqbəyli) 1928-ci ildə Bakıda vəfat etmişdir.
Hacı Ağasəfərəlinin Bakıdakı mənzilində ara-sıra qonaq olarkən Abdulla bəy dostunun yeganə oğlu Mustafa ilə maraqlanar, tez-tez onunla söhbət edər, əməksevər və istedadlı olmasından razı qalardı. A.Əfəndizadənin təkidi ilə Mustafa Güliyev 1915-1917-ci illərdə Şəki gimnaziyasında təhsil almışdı.
Mustafa Güliyevin əzizləyib saxladığı xatirələr, məktublar, sənədlər içində zərli, qıraqları rəngbərəng haşiyəli bir dəftərdə A.Əfəndizadənin öz əli ilə 2 may 1917-ci ildə yazdığı, bu vaxta kimi heç bir yerdə çap olunmamış şeir parçası vardır. Millətin dərdindən, qayğısından, parçalanmasından yanğı ilə bəhs edən “Yüz yerdən” rədifli bu şeir mənə elə gəlir ki, kiçik də olsa, A.Əfəndizadənin kamil şairlik səriştəsindən xəbər verir. Bu parça məxsusi olaraq Şəki gimnaziyasının əlaçı məzunu Mustafa Güliyevin xatirə dəftərinə müəllif tərəfindən yadigar kimi yazılmışdır:
Yüz yerdən
Xudavəndə, hər iqlimə
Qılıbsan çarə yüz yerdən.
Nədəndir, bəs bizim millət
Olub biçarə yüz yerdən?
Hesabca, milləti-islam
Üç yüz milyonu keçmişdir.
Nə hikmətdir, bizim millət
Ölüb sədparə yüz yerdən?
Hanı İran, hanı Turan.
Hanı şah Əkbərin təxti?
Dönüb bu aləmi islam
Xərabəzara yüz yerdən.
Kəlamüllahi hali qıl,
Gəlib görsün bu əhvalı.
Nədəndir, söyləsin millət
Olub avarə yüz yerdən.

Təməli əsrimizin əvvəllərində qoyulmuş bu ailəvi dostluq, sənətkarlıq, özünəməxsus həyat tərzi ilə bir-birinə oxşayan Şəki-Basqal camaatının ünsiyyət tellərini daha da yaxınlaşdırıb mehriban qohumluq əlaqələri yaratmışdır. Abdulla bəyin özü və onun oğlu Ziya müəllim (mərhum şair Hikmət Ziyanın atası) basqallı qızları ilə ailə qurmuşlar: ata Məşədi Mustafanın qızı Şəkər xanımla, oğul isə bəy nəslindən – Xələf bəyin qızı Bəyim xanımla evlənmişdi. Abdulla bəyin kiçik oğlu, bu sətirlərin müəllifinin sədaqətli və mehriban dostu, yaradıcılığının qaynar vaxtında qəflətən dünyadan köçmüş gözəl, səmimi, təvazökar insan, musiqişünas, ömrünün son gününədək Azərbaycan radiosunun musiqi verilişləri baş redaksiyasında işləmiş Aslan Əfəndiyev də Basqaldan – xalası qızı Zərqələm müəllimə ilə evlənmiş, yaxşı övladlar tərbiyə etmişdir.
Şübhəsiz ki, Mustafa müəllimin əsaslı təhsil görmüş oğlanları Ağasəfər, İftixar və Abdulla bəy Azaqbəylinin nəvə-nəticələri bu dostluq tellərinin qırılmaması üçün həmin tarixçəyə nəzər salacaqlar.
Miryavər Hüseynov,
İsmayıllı rayonu, Basqal qəsəbəsi

Şərh Yaz