Tədbirə görə təşəkkür

Bu günlərdə H.Əsədov adına Vəng kənd tam orta məktəbində Əlifba bayramı keçirilmişdir. Şənlikdə kənd ictimaiyyətinin nümayəndələri, birinci sinifdə oxuyan şagirdlərin valideynləri, qış tətilində doğma kəndinə qayıtmış ali məktəb tələbələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri açan məktəbin direktoru Şirxan Cəfərov “Əlifba” bayramının keçirilmə ənənəsindən söz açdı. Birinci sinfin rəhbəri Zemfira İsgəndərova birincilərin Əlifbanı necə öyrənmələrindən, qarşılaşdığı çətinliklərdən danışdı. Daha sonra birincilər kiçik səhnəciklər göstərdilər, şeir, mahnı ifa etdilər. Şagirdlərdən Duyğu İsmayılovanın, Aidə Əhmədovanın, Aysu Allahverdiyevanın, Rəvan Qasımovun, Fuad Məmmədovun, Könül Salahovanın, Sərvan Budaqovun, Şəhla Hüseynovanın, Sübhan Cəfərovun və Elçin Cəfərlinin çıxışları alqışlarla qarşılandı.
Məktəbin tədris işləri üzrə direktor müavini X.Allahverdiyev, metodbirləşmə sədri K.Səmədov, valideyn X.Qasımov Zemfira müəlliməyə tədbirə görə təşəkkürlərini bildirmiş, ona gələcək işlərində uğurlar arzulamışlar.
Kamran Səmədov,
məktəbin müəllimi

Şərh Yaz