Sosial vəziyyətin yaxşılaşdırılmasına xidmət

Sosial vəziyyətin yaxşılaşdırılmasına xidmətBu günlərdə İsmayıllıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Azərbaycan Kənd İnvestisiya Layihəsi-2-nin (AzKİL-2) zona konfransı keçirilmişdir. Konfransın gedişindən söz açmazdan əvvəl AzKİL-2 nədir, AzKİL-2 necə işləyir və ən əsası, sizin icma AzKİL-2 ilə necə əməkdaşlıq edə bilər suallarına cavab vermək lazım gəlir.
AzKİL-2 ölkəmizin beş regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən layihədir. Bu məqsədlə də respublikada beş region yaradılmışdır. Bunlar: Muğan-Salyan, Düzən-Şirvan, Naxçıvan, Şimal və Şimal-Qərb regionudur. Rayonumuz Şimal regionuna daxildir. Buraya İsmayıllıdan Zaqatalayadək, Ağsu, Şamaxı, Qobustan, həmçinin Qusardan tutmuş üzübəri Abşeronadək olan 17 rayon daxildir.
Sosial vəziyyətin yaxşılaşdırılmasına xidmətLayihənin həyata keçirilməsində məqsəd icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq, həmçinin kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdən ibarətdir.
AzKİL-2 özünün sosial vəziyyətini yaxşılaşdırmaq üçün vaxt, əmək və maliyyə yardımı göstərməyə hazır olan icmaları maliyyə və texniki yardımla təmin edir. Həyata keçirilən layihələrə məktəblərin, tibb məntəqələrinin, xəstəxanaların, içməli su qurğularının, suvarma sistemlərinin, elektrik şəbəkələrinin, yolların, körpülərin, icma mərkəzlərinin və sairin bərpası və ya tikintisi daxildir.
2005-2012-ci illər ərzində AzKİL və Əlavə Maliyyələşdirmə çərçivəsində 642 icma layihəsi həyata keçirilmişdir ki, bura 333 yol, 108 içməli su, 63 elektrik, 28 məktəb, 40 suvarma, 34 tibb məntəqəsi, 29 drenaj, 5 abadlaşdırma və iki piyada körpüsü layihələri daxildir.
Konfrans akademik Zərifə Əliyevanın adını daşıyan parkdakı “Qala” şadlıq sarayında baş tutmuşdur. Nümayəndələr qeydiyyatdan keçdikdən sonra konfrans öz işinə başlamışdır. Qonaqları İsmayıllı RİH başçısının müavini Rövşən Ağayev salamlamış və giriş nitqi söyləmiş, konfransın işinə uğurlar arzulamışdır.
AzKİL-2-in direktoru Sübhan Əsgərov, layihənin direktor müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova, AzKİL-2 Şimal-Qərb zonası üzrə proqram mütəxəssisi Akif Kərimli açılış nitqləri söyləmişlər.
Proqram üzrə mütəxəssis Akif Kərimli AzKİL-in əməkdaşlıq etdiyi icmalarda “İnstitutsional Dayanıqlığın” mənzərəsi, Güllü Quliyeva (xəzinədar) Padar İcması (Ağsu) AzKİL və İcma Layihələrində Dayanıqlıq mövzusunda təqdimat etmişlər.
Konfransda geniş müzakirələr getmiş təklif və rəylər irəli sürülmüşdür. Konfransın işi yüksək qiymətləndirilmişdir.
AzKİL-in direktor müavini Gülbəniz Qənbərova yekun söz söyləmişdir. O, səmimi qəbul üçün ev sahiblərinə təşəkkür etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz