Şəhidlər unudulmur

N. Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Rəsm və inşa yazı müsabiqələrində fərqlənən şagirdlər rayon səviyyəsində keçirilən eyni adlı müsabiqələrdə iştirak etmək hüququ qazanmışlar. Bu mərhələdə məktəbli rəssamlarımızdan Sevinc Əlağalı birinci, Elşad Mirzəyev ikinci olmuşdur.
Məktəbdə ayın 17-də keçirilən tədbiri tərbiyə işləri üzrə direktor müavini Səxavət Əliyev açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Gülnarə Mitəlovanın 20 Yanvar hadisələri ilə bağlı çıxışı maraqla dinləndi. Məktəbin musiqi müəllimi Qumru Hacıyevanın şagirdlərlə hazırladığı ədəbi-bədii kompozisiya şəhidlərin xatirəsinə gözəl töhfə oldu. Şagirdlər faciəyə həsr olunmuş şeirlər söylədilər və vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.
Tədbirin sonunda tarixi faciə ilə bağlı fikirlərini bildirən məktəb direktoru Qalib Bəşirov tədbiri hazırlayanlara təşəkkür etdi.
Mehparə Manafova,
məktəbin uşaq təşkilatı rəhbəri

Şərh Yaz