Qəhrəmanlıq tariximizin bədii ədəbiyyatda əksi

Qəhrəmanlıq tariximizin bədii ədəbiyyatda əksiYanvar ayının 17-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təlim zalında “Qəhrəmanlıq tariximizin bədii ədəbiyyatda əksi: 20 Yanvar yerli yaradıcı insanların gözü və sösü ilə” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri Mərkəzin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə Əliyeva açdı. O, 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən, istiqlaliyyətimizin qazanılmasında bu hadisələrin oynadığı roldan danışdı.
İlk söz dəvətlilərdən “İsmaylllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğluya verildi. Özünü bu gün də 23 il əvvəl baş vermiş hadisələrin içində hiss etdiyini söyləyən yazar o müdhiş günlərin acı xatirələrindən danışdı. “20 Yanvara” şeirini dəirmi masanın dinləyicilərinə oxudu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi, şair Murad Məhərrəmov sovet əsgərinin əliyalın insanların üstünə hansı vəhşiliklərlə gəlməsini, bu anda qorxmaz azadlıq fədailərinin əməl və düşüncələrini “20 Yanvar şəhidinin dilindən” adlı şeiri ilə çatdırdı.
Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, şair Xalıq Yusifoğlu hadisələrdən ötən vaxt ərzində yaradılan sənət nümunələrindən, onların yetişən yeni nəslin nümayəndələrinə təbliğindən, necə çatdırılmasından söz açdı.
Şairə Xatının tədbirdə oxuduğu şeirdə sanki səbrin, dözümün də bir qədəri olmalıdır fikirləri ifadə olunurdu. “Bu gün alaq Qarabağı” şeirində xalqımızın o gücə, qüdrətə malik olması əksini tapmışdı.
Tədbirin dəvətliləri sırasında olan Azərbaycan Yurnalistlər Birliyinin üzvü Bəybala Babayev, İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev, UADM-nin könüllüsü Vəkil Bəkirov da hadisələrlə bağlı fikirlərini söylədilər, hadisələrdən ötən dövr ərzində yaranan ədəbiyyatdan, onların yayılma coğrafiyasından və təsirindən danışdılar.
Yazarlardan Nazir Ziyanın (Talıstanlı) “Sənə atılan güllə”, Tamam Qarayevanın igid zabit Ramil Səfərova həsr etdiyi “Belə gələrlər”, gənc şair Hüseyn Həsrətin “Oyan, Azərbaycan” şeirləri də milli ruhun tərbiyə edilməsində yazarlarımızın gördüyü işlərdən xəbər verdi.
Tədbirdə səslənən şeirləri oxucularımıza təqdim edirik:

Şahməmməd Dağlaroğlu
şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

20 Yanvara

Mənim dərdim – bir millətin dərdidi,
Qar yerinə güllə yağdı qışıma.
Qan yerdədi, nə vaxtadək dost-tanış
Baxacaqdır düyünlənmiş qaşıma?

Gəlib keçdi neçə yanvar, neçə il,
Azad oldu torpağımız, doğma dil.
Güllərimin gözü idi qərənfil
Gülə bilmir, gələ bilmir xoşuma.

Şəhidlərin xiyabanı müqəddəs,
Ölə bilməz bu torpağı sevən kəs.
Dünənimdən qopan nalə, gələn səs
Baxmır mənim ağ saçıma, yaşıma.

İgid gərək doğula da, ölə də,
Şanlı ölüm hər an düşməz ələ də.
Üzüm bərkdi, yaşayıram hələ də,
Gör nə vaxtdan daş düşübdür başıma.

Qara günə günəş doğdu haradan?
Günahsıza necə qıydın, Yaradan?
Nə vaxt ölsəm bu aldığım yaradan,
İyirmi yanvarı yazın daşıma.

Murad Məhərrəmov

20 Yanvar şəhidinin dilindən

Azadlığım əlimdə, arzular pərən-pərən,
Mənəm burda can verən, torpaq üstə göyərən.
Əlim tank lüləsində,gözüm atəşə sarı,
Boyadım al qanımla önümdəki divarı!
Bu bir əcəl deyil ha, azadlığım, harayım,
Bu mənim qızıl taxtım, bu mənim daş sarayım.
Gəl tankınla üstümə, yoxdu əldə silahım,
Bu mənim azadlığım, bu mənim intibahım.
Ala bilməzsən onu, ruhum parçalar səni,
Vermərəm, zalım, sənə, vermərəm bu Vətəni!
“Haylar”a hay verirsən, zalımlıq libasında,
Öldürdün Larisanı sən ki, kiçik yaşında.
Gəl, zalım, gəl üstümə, sındırım inadını,
Sındırım sərt baxışla o dəmir qanadını.
Güllələdin, yol keçən o gəncin nə günahı?!
Qara rəngə boyadın 20-ci sabahı.
Əl saxla, qara şeytan, qadına atma güllə,
Dikəlib daş məzardan, varam hələ səninlə.
Güclüyəm ölümümlə od saçan silahımdan,
Güclüyəm güc aldığın xallıbaş “allahından”!
Bu küçə qan içində, o divarda yazı qan,
Sən daşnak əlaltısı, deyilməz sənə insan.
Mənə qardaş söyləyib yetmiş il ulamısan,
İliyimi sourub, sümüyü yalamısan.
Vətənim Azərbaycan azadlığın yolunda,
Hələ gücünü göstər, hələ güc var qolumda.
Dağılacaq bu duman, güləcək mavi göylər,
Onda şəhid nəğməsi oxuyacaq bu ellər.
Keçib ağır sınaqdan, keçib bu yoldan-izdən,
Tarix bir ibrət aldı silahsız gücümüzdən.
Al qanımız yol aldı günəşli Xəzərimə,
Dünyamız heyran qaldı silahsız zəfərimə!
Bir gecənin hökmünü bir tarixə yazmışıq,
Qarı düşmən önündə şanlı zəfər çalmışıq.
Keçdi o qara yellər, ötüşdü o sərt tüfan,
Azadlığa qovuşdu vətənim Azərbaycan!

Xatın

Bu gün alaq Qarabağı

Çəkişməyək,
Daha bəsdir!
Bu çəkişmə, boş, əbəsdir!
Torpaq, Vətən dara düşüb,
Sinəsinə yara düşüb.
Sürünməyək ayaqlarda,
Quyruq kimi,
Gəl birləşək, yumruq kimi!
Nizamlayaq “solu”, “sağı”
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Ey siyasət meydanında
Mərd ərənlər,
Dərin ağlı, zəkasıyla
Böyük hünər göstərənlər!
Vətən yoxsa, siz də yoxsuz.
Birləşsəniz ordusunuz,
Hələ çoxsuz.
Birləşdirək gücümüzü!
Düşmənlərdən ala bilək
Öcümüzü.
Yağıların sinəsinə
Çəkək dağı!
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Tikəmizdən kəsək bu gün,
Vətən üçün.
Şirin, dadlı nemətlərdən,
Çal-çağırdan, eyş-işrətdən
Əlimizi üzək bu gün.
Vətən üçün
Şirin candan,
Qızıl qandan
Keçmək olar.
Əvəzində nəsillərə
Vətən qalar.
Təmizləyək düşmənlərdən
Bu torpağı,
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Ən böyük haqq –
Vətən sözü,
Vətən özü.
Gəl çəkməyək Qarabağdan
Gözümüzü.
Düşmən gülür üstümüzə,
Barı, dəysin bu gülüşlər
Şəstimizə.
Gəl, birləşək, bütövləşək,
Nərəmizdən geriləsin
Qalib kimi gülən yağı.
Sabah gecdir,
Bu gün alaq Qarabağı!

Tamam Nur (Tağlabiyanlı)

Belə gələrlər

Qəhrəman Vətən oğlu Ramil Səfərova
Xoş gəlmisən bu yurda, Vətənə xoş gəlmisən,
Yağının quyusunu qazıb belə gələrlər.
Çıxmaqla axırına iblislərin, xainin,
Yad adı sıralardan pozub belə gələrlər,
Əbədi salnaməni yazıb belə gələrlər.

Qəribsəyib yad eldə yazdan, bahardan ötrü,
Duyasan ağrı-acı nazlı nigardan ötrü.
Qəlbin yana göynəyə, vəfalı yardan ötrü,
Ayrılığa, hicrana dözüb belə gələrlər,
Qırıb sərt məftilləri, çözüb belə gələrlər.

Eyləməklə sinəni, bədəni dəlik-dəlik,
Qazanıb məğrurluğu, başını tutmusan dik.
İşə salıb cəsarət, işlədib yumruq, təpik,
Alıb canı, nəfəsi üzüb belə gələrlər,
Usanıb yad-yamandan, bezib belə gələrlər.

Ovub göz qarasını, tökmüsən ağınacan,
Bağlayıb dil-dodağı, tikmisən ağzınacan.
Keçirib nəzərindən başdan ayağınacan,
Nifrət ilə, kin ilə süzüb belə gələrlər,
Tapdalayıb yağını, əzib belə gələrlər.

Qayıdıb gülər üzlə bu elə, bu obaya,
Sevinc, fərəh gətirdin hər yurda, hər yuvaya.
Gərəkli oğul kimi dağa , daşa, qayaya.
Sərhədləri dolaşıb, gəzib belə gələrlər,
Səmaların qatında süzüb belə gələrlər.

Nazir Ziya (Talıstanlı)

Sənə atılan güiiə
(Şəhid qardaşıma)

Bağrımın başındadır,
Sənə atılan güllə,
Şəhidlik yaşındadır,
Sənə atılan güllə.

Qeyrətinə dəymədi,
Cürətinə dəymədi,
Qüdrətinə dəymədi,
Sənə atılan güllə.

O güllə mənə dəydi,
Dəymişdi, yenə dəydi.
Milyona, minə dəydi,
Sənə atılan güllə.

Bakının küləyində,
Bu xalqın ürəyində,
Azadlıq diləyində
Sənə atılan güllə.

Haqsız zamana dəydi,
Yurda, məkana dəydi.
Azərbaycana dəydi
Sənə atılan güllə.

Şərh Yaz