Vətənpərvər şair yad edildi

Vətənpərvər şair yad edildiMəktəbimizdə görkəmli şair və yazıçıların yubileylərinin keçirilməsi artıq ənənə halını almışdır. Bu günlərdə isə məktəbimizdə represiya qurbanlarından biri olmuş, himnimizin müəllifi, nəğməkar şair, gözəl şeirlər miras qoyub getmiş Əhməd Cavadın yaradıcılıq gecəsi keçirilmişdir. Məktəb və kənd kitabxanasının birgə təşkil etdikləri tədbir Azərbaycanın Dövlət Himninin ifası ilə başladı. Aparıcılar Aygül Novruzlu və Xəzər Hüseynov şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Sonra bir-birindən maraqlı çıxışlar başladı.
Ə.Cavadın yaradıcılığı rəngarəngdir. Əsərlərində vətənpərvərlik ruhu çox yüksəkdir. Onun sinəsındə Azərbaycan üçün döyünən alovlu bir ürək vardı. Məktəblilərin ifasında göstərilən səhnəcik, səslənən şeirlər, şairin sözlərinə yazılmış mahnıların ifası onun vətənpərvərliyini bir daha təsdiq etmiş və tamaşaçıların alqışlarına səbəb olmuşdur.
…1937-ci il… Şagirdlərin ifasında Ə.Cavadın istintaq səhnəsi. Məktəbli Şahmar Həkimli müstəntiq, Miqdad Qafarlı Ə.Cavad rolunda. Xəyalən istər-istəməz represiya illərinə qayıdırsan. Şairin mərdliyi, hazırcavablılığı, Vətənə, xalqına bağlılığı ona olan hörmət və məhəbbəti ikiqat artırır. Şair məhbus kürsüsündə belə əzəmətini, vüqarını itirmir.
Vətənpərvər şair yad edildiFatimə Əşrəflinin ifasında “Quşlara” şeiri, Hicran Soltanlının ifasında “Qurban olduğum” mahnısı səslənir. Sonra Güldənə Əzizli “Yazıq”, İfadə Hüseynova “Qaldı” şeirlərini səsləndirirlər. Aygün Hüseynova və Tacəddin Məmmədzadə “Şəhidlərə” şeirini ifa etdilər. İfalar bir-birini əvəz edir. Nicat Şirinli və Elnarə Osmanlı “Bismillah” mahnısını, Elnarə həm də “Çırpınırdı Qara dəniz”mahnısını böyük həvəslə oxudular. Lamiyə Ağayevanın ifasında “Azərbaycana”, Leyla Qafarlının ifasında “Ana”şeirləri, Nurəngiz Hüseynovanın ifasında səslənən “ Gəncədən gəlirəm” mahnısı maraqla qarşılandı.
Tədbir VII sinif şagirdlərinin ifasında “Can Azərbaycan” mahnısı ilə yekunlaşdırıldı. Hiss olunurdu ki, şagirdlər tədbirə həvəs və böyük məsuliyyətlə hazırlaşmışlar. Onlar nakam şairin sevincini, kədərini, Vətən yanğısını tədbir iştirakçılarına dolğunluğu ilə çatdırmağa can atırdılar.
Əhməd Cavadların Vətənə məhəbbəti, əzəməti, mərdliyi ucbatından “xalq düşməni” damğası vurulması kimi haqsızlıq qəlbimizi sızıldadır. Nə yaxşı ki, Ə.Cavad gözəl şeirlər, ən əsası isə himnimizi bizə miras qoyub getmişdir. Hər dəfə himnimiz oxunanda şairin işıqlı xatirəsi yad edilir.
Sonda məktəbin direktoru Eyvaz Mursalov maraqlı tədbir üçün məktəbin psixoloqu Azadə Xəlilovaya, kitabxanaçı Kifayət Hüseynovaya, həmçinin şagirdlərə təşəkkürünü bildirdi.
K.Hüseynova,
Cülyan kənd tam orta məktəbinin kitabxanaçısı

Şərh Yaz