Yaşlı nəsil unudulmamalıdır

Məktəbimizdə müxtəlif maraqlı tədbirlər keçirilir. Bu tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərir. Yeni ilqabağı keçirilmiş tədbirə xeyli qonaq dəvət etmişdik. Bu qonaqlar əvvəllər, müxtəlif illərdə məktəbimizdə çalışmış yaşlı müəllimlərin nümayəndələri – Yaşar Nuriyev, Bəyalı Əsgərov, Əlixan Sultanov, Sədaqət İsazadə, Qureyiş Mikayılova, həmçinin gənc nəsildən olan, əvvəllər bizimlə çiyin-çiyinə çalışmış və müxtəlif vəzifələrə irəli çəkilmiş İsmayıllı Şəhər Bələdiyyəsinin sədri Fəqan Məmmədov, rayon Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov dəvətli idilər. Şəhər 5 saylı tam orta məktəbinin biologiya müəllimi Zamin Allahverdiyev və başqaları da qonaqların arasındaydılar. Tədbir 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr edilmişdi.
Məktəbin direktoru Ramil Dadaşov uğurlardan danışaraq qeyd etdi ki, 2012-ci ildə kollektiv ən yaxşı məktəb müsabiqəsinin qalibi olmuşdur. Gənc müəllimə, XI sinfin rəhbəri Eminə Orucova çıxış edərək gənc həmkarlarının uğurlu işlərindən söz açdı. Onu da qeyd etmək çox xoşdur ki, məktəbin üç nəfər məzunu, keçmiş müəllimi – Fəqan Məmmədov, Ülviyyə Tahirova və Çingiz Muradov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidirlər.
Məktəbin veteran müəlliməsi Qureyiş Mikayilova yaşlı müəllimlərin yada salınmasını, onların məktəbdə keçirilən tədbirlərə dəvət edilməsini sevinc hissi ilə qarşıladığını xüsusi qeyd etdi və buna görə məktəbin rəhbərliyinə veteranlar adından təşəkkürünü bildirdi.
Tədbirdə bir qrup müəllimə qazandıqları uğurlara görə diplomlar və hədiyyələr təqdim edildi. 65 yaşı tamam olması ilə əlaqədar pedaqoji fəaliyyətini başa vurmuş Sədaqət İsazadənin əməyi xüsusi qeyd edildi. TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və məktəbin direktoru Ramil Dadaşov Sədaqət müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək ona diplom və qiymətli hədiyyələr təqdim etdilər.
Maraqlı tədbir məktəbin XI sinif şagirdlərinin fəal iştirakı, şən mahnıları və rəqsləri, həm də Şaxta babanın xeyir-duası ilə başa çatdı.
Xatirə Orucova,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz