Ekologiya gecəsi

Ekologiya gecəsiBiz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir.
Akademik Həsən Əliyev
Müasir dövrdə dünya ölkələrini narahat edən ekoloji problemlərin həlli ilk növbədə əhalinin, o cümlədən gənc nəslin ekoloji biliklərinin artırılmasından, təbii sərvətlərə qayğıkeş və məsuliyyətli münasibətin yaradılmasından asılıdır.
Ekologiya gecəsiAzərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli 847 saylı fərmanı ilə təsdiq olunmuş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununda ekoloji təhsilin fasiləsizliyi bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilmişdir.
Məktəblərdə keçirilən ekoloji tədbirlər şagirdlərin ekoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu günlərdə İsmayıllı şəhər İ.Həsənov adına tam orta məktəbində rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə Ekoloji gecə keçirilmişdir. “Ətraf mühitin çirkləndirilməsinin insanın sağlamlığına təsiri” mövzusunda səkkizinci sinif şagirdlərinin iştirakı ilə keçirilən ekoloji gecədə ətraf mühitin mühafizəsi ilə əlaqədar səhnəciklər göstərildi. Hər bir səhnəcik insanları öz sağlamlıqları naminə ətraf mühiti çirkləndirməməyə səsləyirdi.
Ekologiya gecəsiMaraqlı keçən tədbirin sonunda İ.Həsənov adına 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev çıxış edərək belə tədbirlərin şagirdlərin ekoloji tərbiyəsində mühüm əhəmiyyəti olduğunu qeyd etdilər.
Pərvin Kərimova,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz