Müasirdir, xoşagələndir

Müasirdir, xoşagələndirMən bu gün bir idmançı kimi çox sevinirəm. Əlbəttə, hər bir gənc istəyir ki, öz sağlamlığını qorusun. Mən də çalışıram ki, sağlamlıqla bərabər öz idman karyeramı daha da yaxşılaşdırım. Uşaqlıqdan karate idman növünə maraq göstərmişəm. Çox təəssüf edirəm ki, uşaqlıqda idmanla məşğul olanda məşqlərimi standartlardan kənar, qaranlıq, istiliyi olmayan zallarda keçirmişəm. Belə şəraitdə idmanla məşğul olanda adamda ruh düşgünlüyü yaranır. Ancaq buna baxmayaraq mən daima məşqlərimi davam etdirmiş, karate idmanının sirlərinə yiyələnmişəm. Müəllimim Anar Həsənov həmişə biz idmançılara təsəlli verər və bizim də rayonumuzda idmançıların yüksək səviyyədə, standartlara cavab verən idman komplekslərində məşğul olacağımıza bizi əmin edirdi.
Bəli, arzuladığımız və gözlədiyimiz gün gəldi. 2009-cu ilin oktyabr ayında rayonumuzda müasir Olimpiya-İdman Kompleksi tikilib idmançıların və rayon sakinlərinin ixtiyarına verildi. Əlbəttə, bu günə qədər müxtəlif zona və respublika yarışlarının iştirakçısı olmuş, mükafatçılar sırasında özümə yer qazanmışam. İsmayıllı Olimpiya-İdman Kompleksi istifadəyə verildikdən sonra biz məşqlərimizi işıqlı, geniş idman zallarında keçirik.
Burada bizim üçün hər cür şərait yaradılıb. Mən artıq burada etdiyim məşqlərin məsuliyyətini dərk edərək beynəlxalq turnirlərə hazırlaşdım. 2011-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən dünya kubokunun qalibi, Tailandda keçirilən Avropa birinciliyinin qızıl medalına layiq görülmüşəm. 2012-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində təlim-məşq toplantısını başa vurub rayona qayıtmışam. Mən qayıdanda sonra eşitdim ki, İsmayıllı Olimpiya-İdman Kompleksi ilin ən yaxşı kompleksi adına layiq görülüb, Fəxri fərmanla təltif edilib. Bu münasibətlə mən də idmançı dostlarım adından, öz adımdan kompleksin rəhbərliyini və bütün kollektivini aldıqları bu ada görə təbrik edirəm. İnanıram ki, kollektiv işgüzarlıq nümayiş etdirməklə, layiq görüldüyü adı qoruyub saxlaya biləcəkdir
Həbib Cəfərov,
Birinci Dan qara kəmər ustası

Şərh Yaz