Regional Mərkəzlərin rolu

Hər bir dövlətin demokratik imicini onun insan hüquqlarına münasibəti, həmin dövlətin ərazisində yaşayan insanların hüquq və azadlıqlarının müdafiəsi vəziyyəti müəyyənləşdirir. İnsan hüquq və azadlıqlarının yalnız qanunvericilikdə əks olunması deyil, eyni zamanda reallıqda həyata keçirilməsi ölkənin hüquqi dövlət kimi formalaşmasında xüsusi rol oynayır. Konstitusiyamızın 12-ci maddəsinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir. Həmin maddədə eyni zamanda İnsan və vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi öz əksini tapmışdır. Respublikamızın Konstitusiyasının maddələrinin əksər hissəsinin insan hüquq və azadlıqlarını əhatə etməsi, dövlətimizin hüquq və azadlıqları sahəsində 200-dən artıq beynəlxalq sənədləri ratifikasiya etməsi, ölkə daxili qanunvericilik bazasının müntəzəm olaraq təkmilləşdirilməsi və beynəlxalq aktlara uyğunlaşdırılması ölkənin insan hüquq və azadlıqlarını real olaraq həyata keçirmə istəyini əks etdirir.
Dövlət bu mühüm funksiyanı həyata keçirməsi üçün hüquqların müdafiəsinin real mexanizminə malik olmalıdır. Ölkənin hüquq sistemində aparılan ardıcıl islahatlar da bu məqsədə xidmət etmişdir ki, bu gün artıq ölkədə kifayət qədər tanınan Azərbaycan Ombudsman İnstitutu da dövlət daxili mexanizmlərin bir vasitəsi olaraq əsas fəaliyyəti İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş müstəqil bir təsisat olaraq qəbul edilir.
28 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyanın Qanununa əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmişdir. Qanuna əsasən Müvəkkilə əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək, Azərbaycan Respublikası Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsi və yenidən baxılması, amnistiya elan edilməsi barədə təkliflər vermək səlahiyyətləri vardır. Həmçinin Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququnun olması da qanunda təsbit olunmuşdur.
Müvəkkilin rəhbərliyi altında fəaliyyətə başlayan təsisat ilk illərdən öz işini səmərəli qurmaqla insan hüquq və azadlıqlarının daha effektiv müdafiəsini təmin etmək məqsədi ilə ölkənin bütün regionlarını əhatə etmiş, əhali tərəfindən Müvəkkilə müraciət edilməsini asanlaşdırmaq, ərizəçilərin şikayətlərin göndərilməsi üçün böyük məsafələri qət etmək, nəqliyyat və poçt xidmətlərini ödəmək zərurətindən qurtarmaq, şikayətlərə baxılması, müvafiq orqanlardan zəruri sənədlərin alınması müddətlərini qısaltmaq, daha tez müddətdə Müvəkkilin sorğularına cavablar almaq, mütəmadi olaraq hüquqi maarifləndirmə işləri aparmaq məqsədi ilə 2003-cü ilin iyun ayından BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Respublikanın Şəki, Quba və Cəlilabad rayonlarında Müvəkkilin Regional Mərkəzləri yaradılmışdır. 02.10.2006-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilmiş, 1 yanvar 2007-ci ildən Müvəkkilin Regional Mərkəzlərinin fəaliyyətinin hüquqi statusu müəyyən edilməklə dövlət büdcəsindən maliyyələşdərilməsinə başlamlmışdır. 2007-ci ilin sentyabr ayından isə Müvəkkilin Gəncə Regional Mərkəzi də fəaliyyətə başlamışdır.
29 iyun 2003-cü il tarixdə Müvəkkilin ilk Regional Mərkəzinin ölkəmizin qədim tarixi diyarlarından olan Şəki şəhərində yaradılması şimal-qərb regionunda yaşayan əhaliyə hüquq və azadlıqlarının müdafiəsinin təmini baxımından geniş imkanlar yaratmışdır. Respublikanın 6 rayonunu (Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən) əhatə etməklə fəaliyyətə başlayan, 2011-ci ildən isə Müvəkkilin müvafiq sərəncamı ilə Mingəçevir şəhəri və İsmayıllı rayonu da daxil edilməklə əhatə dairəsi daha da genişləndirilən Şəki Regional Mərkəzi hazırda ölkənin səkkiz inzibati ərazi vahidini əhatə edir. Fəaliyyət müddəti ərzində mərkəzin əməkdaşları tərəfindən mərkəzin əhatə etdiyi inzibati ərazi vahidlərində müntəzəm olaraq vətəndaşların qəbulu, həmçinin müxtəlif mövzularda əhalinin, həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmiş, təsisatın rəhbərliyinin tapşırığı əsasında zəruri hallarda daxil olmuş şikayətlərlə əlaqədar yerində araşdırmalar aparılmışdır.
Beləliklə də, fəaliyyətə başladığı dövrdən indiyədək keçən müddət ərzində Şəki Regional Mərkəzi tərəfindən öz fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinə diqqət yetirməklə Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarına, Müvəkkilin bu istiqamətdə verdiyi tapşırıq və göstərişlərin icrasının təmin olunmasına çalışılmışdır.
P.Məmmədov
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Omhudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri

Şərh Yaz