Məktəblilərimizin idman uğurları

Məktəblilərimizin  idman uğurları
Bir məktəbdən üç xəbər
Ölkəmizdə idmanın hərtərəfli inkişafına diqqət daha da artırılmışdır. İndi bölgələrdə istifadəyə verilmiş Olimpiya- İdman Kompleksləri heç kəsi təəccübləndirmir. Gənclərin idman uğurlarında bu qurğuların rolu əvəzsizdir. Nəticədə, idmançılarımızın Avropa, dünya və Olimpiya yarışlarında qazandıqları müxtəlif əyarlı medalların sayı da artır. Keçən il keçirilən London Olimpiadası dediklərimizə misal ola bilər. İdmana marağın təməli məktəblərdə qoyulur. Bu gün məktəblərin əksəriyyətində sadə idman qurğuları fəaliyyət göstərməkdədir. Kiçik bulaqlardan böyük çaylar yarandığı kimi, məktəblərdə idmanda ilk addımlarını atanlar da böyük idmana gəlib çıxır, dünya miqyaslı yarışlarda Azərbaycanın üçrəngli bayrağını ucaldırlar. Məktəbimizin kiçik idmançıları da rayon və respublika yarışlarında öz sözlərini deməyə çalışırlar.
Yola saldığımız ilin sonunda Ucar rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş çoxmübarizəli döyüş növünə aid açıq turnir keçirilmişdir. Bu yarışda məktəbimizin 7 nəfər şagirdi iştirak etmiş və hamısı da mükafat alan yerləri tutmuşdur. Məktəbin VIII sinif şagirdi Məsud Feyzullayev 12-13 yaşlılar arasında 35 kiloqramlıq çəki dərəcəsində I yeri tutaraq qızıl medala, diploma və hədiyyəyə layiq bilinmişdir. VIII sinif şagirdləri Musa Musayev II və Nicat Əsədli III yerə layiq bilinmişlər. V sinif şagirdi Tahir Məmmədov II, üçüncü sinif şagirdləri Biruni Qəhrəmanov və Rəvan Cəfərov III yeri tutmuşlar.
Bundan əlavə, məktəbli idmançılarımız İsmayıllı rayon Gənclər və İdman İdarəsinin keçirdiyi bir sıra yarışlarda da uğurla çıxış etmişlər. Buna misal olaraq ulu öndər H.Əliyevin xatirəsinə həsr edilmiş karate üzrə yarışı göstərə bilərik. Həmin yarışda məktəbimizin 12 nəfər idmançısı birinci yerə layiq görülmüş, medal və Fəxri fərmanlarla təltif erilmişdir. Həmin şagirdlərin adlarını aşağıda qeyd edirik: Nicat Əsədli (43 kq. çəkidə çıxış etmişdir), Həsən İbrahimov (27 kq), Biruni Qəhrəmanov (25 kq), Hüseyn İbrahimov (31 kq), Samir Tağıyev (29 kq), Tahir Məmmədov (33 kq), Vüqar Dəmirov (35 kq), Musa Musayev (42 kq), Xəyyam Musayev (35 kq), Ümid Xəlilov (54 kq), Ələmdar Qəhrəmanov (40 kq), Rəvan Cəfərov (20 kq).
Burada məşqçinin əməyini qeyd etməmək qəbahətdir. Məşqçi Bayram Qəhrəmanova təşəkkürümüzü bildirir, işində yeni-yeni idman uğurları arzulayırıq. Gənc idmançılarımıza bir arzumuz var: Qoy onların sorağı daha mötəbər yarışlardan gəlsin!

Şərh Yaz