Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq

Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq
Bu mövzuya müraciət etməyim və özüm barədə bir neçə kəlmə:
Məlum olduğu kimi, insan ömrünün uzadılması, sivil cəmiyyətin qurulması və mənəvi saflığın tərbiyə edilməsi günümüzün aktual problemlərindəndir. Sizə təqdim etdiyim bu məqalənin ideyası 40 ilə yaxındır ki, bir tibb işçisi kimi məni düşündürməkdədir. 1976-cı ildə bu mövzuda ilk məqaləm mətbuatda çap olunub. O vaxt bu məqaləm oxucular arasında böyük marağa səbəb olmuşdu. Məqalənin mahiyyəti barədə mülahizələrimi daha geniş oxucu kütləsinə çatdırmaq üçün mərkəzi mətbuatda çap olunmasına çalışdım, fikirlərimi bir neçə qəzet və jurnal redaksiyasına göndərdim. Həmin redaksiyalardan mənə məqaləmi bəyənmələri barədə müsbət cavablar göndərsələr də müəyyən səbəblər üzündən iş çapa qədər gedib çıxa bilmirdi.Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq

Bu mövzuya müraciət etməyim və özüm barədə bir neçə kəlmə:
Məlum olduğu kimi, insan ömrünün uzadılması, sivil cəmiyyətin qurulması və mənəvi saflığın tərbiyə edilməsi günümüzün aktual problemlərindəndir. Sizə təqdim etdiyim bu məqalənin ideyası 40 ilə yaxındır ki, bir tibb işçisi kimi məni düşündürməkdədir. 1976-cı ildə bu mövzuda ilk məqaləm mətbuatda çap olunub. O vaxt bu məqaləm oxucular arasında böyük marağa səbəb olmuşdu. Məqalənin mahiyyəti barədə mülahizələrimi daha geniş oxucu kütləsinə çatdırmaq üçün mərkəzi mətbuatda çap olunmasına çalışdım, fikirlərimi bir neçə qəzet və jurnal redaksiyasına göndərdim. Həmin redaksiyalardan mənə məqaləmi bəyənmələri barədə müsbət cavablar göndərsələr də müəyyən səbəblər üzündən iş çapa qədər gedib çıxa bilmirdi.
Lakin ziyalı olaraq bu məqalənin mahiyyəti barəsində bu günə qədər düşünməkdəyəm. Akademik Ziyəddin Göyüşovun məqalə haqqında söylədiyi yüksək fikirlər dediklərimi bir daha təsdiqləyir.
Sovetlər dönəmində təhsil sistemində islahatlar aparılmasında müəyyən rolu olar deyə, məqaləmi Sosioloji Tədqiqatlar Mərkəzinə göndərdim. Onlar da məqalə haqqında yüksək fikirdə olduqlarını söyləməkdən başqa bir iş görmədilər.
Ölkəmizin müstəqillik qazandığı və ildən-ilə inkişafa doğru irəlilədiyi bir vaxtda mövzu barəsindəki fikirlərimə bir qədər də dəqiqlik gətirməklə, yenidən onun xalqımıza və millətimizə verə biləcəyi üstünlüklər baxımından çap olunması qərarına gəldim.
Ölkəmiz və iqtisadiyyatımız inkişaf etməkdə davam edir. Bu, olduqca sevindirici haldır. Lakin bununla yanaşı xoşagəlməzliklər, ümumilikdə cinayətlər, bu halların cəmiyyətə ötürdüyü mənfi emosiyalar da artmaqdadır. Əslində, əksinə olmalı, cəmiyyət inkişaf etdikcə, mənfiliklər, insanların sağlamlığına və uzunömürlülüyünə zərbə vuran amillər azalmalıdır. Oxucuların diqqətinə çatdırdığım və təhsil islahatında yer tapa bilməsinə can atdığım məsələ məhz bu məqsədə istiqamətləndirilmişdir.
Artıq 66 yaşım və tibb sahəsində 40 ildən artıq iş təcrübəm var. Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq barəsində söylədiklərimin real həyat həqiqəti olmasına tam əminəm. Ümidvaram ki, məqalə oxucuların marağına səbəb olacaq və aidiyyəti təşkilatlar tərəfindən dəstək alacaqdır.

***
Son vaxtlar əhali ürək-damar, əsəb, tənəffüs sistemi orqanları, qaraciyər və onkoloji xəstəliklərdən çox əziyyət çəkir. Böyük fizioloq İ.P.Pavlov əksər xəstəliklərin əmələ gəlməsini əsasən əsəb sisteminin pozulması ilə əlaqələndirirdi.
Əsəb sisteminin pozulması isə ətraf mühitin mənfi emosiyalarının insan orqanizminə təsiri ilə xarakterizə olunur. Əgər biz insanları məruz qaldıqları mənfi emosiyaların təsirindən qoruya bilsək, o zaman biz onların orta yaş həddini 25-30 il uzatmağa nail ola bilərik.
Statistik məlumatlara görə hazırda insanların orta yaş həddi 70-75 il hesab olunur. Respublikamız XX əsrdə uzunömürlülər ölkəsi kimi tanınırdı. Sirr deyildir ki, Azərbaycanda 130, 140, 150 il və daha artıq yaşayan insanlar olmuş, hal-hazırda yaşı 100-dən yuxarı olan yüzlərlə vətəndaşımız vardır. Bu nümunələrə istinadən insanların orta ömür səviyyəsini 100-110 ilə çatdırmaq mümkündür.
Hər bir insan həyatı boyu müxtəlif çətinliklərlə üzləşir və bunun nəticəsində orqanizmin normal inkişafı pozulur, orqanizmdə gedən patoloji proseslərin inkişafı sürətlənir. Ümumiyyətlə, insan doğulduqdan 17 yaşa qədər həddən artıq çox məlumat alır, çox şeylə maraqlanır və çox öyrənmək istəyir. Bu, onunla izah olunur ki, dünyaya yeni atılan fərdin beyni heç bir yazısı olmayan bir “kitab”dır. İnsan yaşadıqca, bu kitab səhifə-səhifə yazılır və nəticədə, yazılanlara münasib insan formalaşır.
Bildiyimiz kimi, emosiyalar şəxsiyyətin formalaşmasında xüsusi rol oynayır. Hər bir şəxsdə mənfi və müsbət xarakterlər fərqli şəkildə olduğundan, həmin şəxslər də təbii olaraq ətraf mühitə fərqli təsir göstərirlər.
Müsbət emosiyalar insanda gümrah, şən əhval-ruhiyyə yaratmaqla orqanizmdə maddələr mübadiləsinin düzgün mərhələ ilə getməsinə köməklik göstərir. Mənfi emosiyalar isə, əksinə, mərkəzi sinir sistemini qıcıqlandırmaqla orqanizmdə üzvi və qeyri-üzvi maddələrin mübadilə prosesini pozur. Mənfi emosiyalar orqanizmdə ən vacib sistem olan endokrin sisteminin fəaliyyətinə təsir göstərərək, orqanizmdə ciddi xəstəliklər törədir. Mənfi emosiyalar orqanizmdə gedən karbon qazı və oksigen mübadiləsini pozaraq, hemoqlobinin toxumaları oksigen ilə təmin etməsini azaldır. Əgər mənfi emosiyalar təkrarlanarsa, bu zaman orqanizmdə xəstəlik halı törənir.
İnsan orqanizmi olduqca mürəkkəb mexanizm olub, əsasən baş beynin nəzarəti altında işləyir. Mənfi emosiyalar beynin normal funksiyasına təsir edərək, onun daxili üzvlər üzərində nəzarətini pozur.
Ürək orqanizmin ən mürəkkəb mexanizmi olmaqla, bilavasitə, beynin nəzarəti ilə işləyən orqanlardan biridir. Məlum olduğu kimi, ürək, ürəyin keçirici sistemi, simpatik və parasimpatik sinirlər vasitəsilə idarə olunub, daima mərkəzi sinir sisteminin nəzarəti altında fəaliyyət göstərir. Mərkəzi sinir sistemi mənfi emosiyaların təsiri altında olduqda, ürəyin keçici sistemi, simpatik və parasimpatik sinir sisteminin qıcıqlanmasının artması nəticəsində ürək ritmləri pozulur. Ritmlərin pozulması isə öz növbəsində qan dövranını pozur və ürəkdə xəstəlik yaranır. Emosiyaların daha intensiv olması isə, ürək infarktına səbəb ola bilir.
Orqanizmin əsas qidasını üzvi maddələr təşkil edir. Üzvi maddələrin parçalanmasının son məhsulu karbon qazı və sudur. Bu proses 12 mərhələdən sonra başa çatır. Mənfi emosiyaların təsirindən həmin proses sona qədər gedə bilmir. Nəticədə, orqanizmdə zərərli maddələr əmələ gəlir ki, bunların təsirindən onkoloji xəstəliklər yaranır. Həmin maddələrin tərkibi hələ də alimlər tərəfindən tam öyrənilmədiyi üçün onkoloji xəstəliklərin müalicəsi istənilən nəticəni vermir.
Mənfi emosiyalar təkrarlandığından xəstəlik halları və fizioloji qocalıq erkən baş verir. Ağır xəstəliklərin qarşısını almaq və insanların orta ömrünü 105-110 ilə qaldırmaq üçün onları mütləq mənada mənfi emosiyaların təsirindən qorumaq lazımdır.
Hərtərəfli inkişaf etmiş insan öz davranışı və əməlləri ilə ətrafdakıları mənfi emosiyalara məruz qoymur. Əgər hər hansı bir kollektivin bütün üzvləri yüksək mədəniyyətə sahib, inkişaf etmiş insanlar olarsa, o zaman onlardan heç kim mənfi emosiyalara məruz qalmaz, bununla bərabər, çalışdığı sahədə insanlara səviyyəli xidmət nümayiş etdirər. Lakin insanlar müxtəlif dərəcələrdə bilik və düşüncəyə malik olduqlarından buna müvəffəq olmaq çətindir.
Tibb sahəsində çoxillik əmək fəaliyyətim və apardığım araşdırmalardan bu qənaətə gəlmişəm ki, bu məsələnin həllinə yalnız və yalnız tədrislə, uşaqlara orta məktəblərdə verilən təlim-tərbiyə ilə nail olmaq mümkündür.
Məlum olduğu kimi, davamçılarımız, gələcəyin vətəndaşları olacaq uşaqlar təhsil almaq hüququna malikdirlər və 6 yaşdan məktəblərin birinci sinfinə qəbul edilirlər. Onlar əvvəlcədən tərtib olunmuş, dəfələrlə islahatlardan keçmiş proqramlar üzrə təhsil və tərbiyə alırlar. Hamıya eyni dərəcədə öyrədildiyindən asılı olmayaraq, mənimsəmə səviyyələrinin eyni olmaması səbəbindən məktəbdə oxuduqları müddət ərzində şagirdlər müxtəlif biliyə, tərbiyəyə və xarakterə malik olurlar.
Sevindirici haldır ki, məktəblərimizdə təhsil alan uşaqların böyük əksəriyyəti hərtərəfli inkişaf edir. Məktəbi qurtardıqdan sonra onların hər biri cəmiyyətin üzvünə çevrilir, çalışdıqları əmək kollektivlərində vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirirlər.
Bütün bunlara baxmayaraq, bu, heç də cəmiyyətin arzuladığı kimi, tam kamilliklə alınmır. Belə ki, cəmiyyətdə əməlləri, əmək fəaliyyətləri və şəxsi münasibətləri zamanı ətraf mühitə külli miqdarda mənfi emosiyalar yayan insanlara rast gəlirik. Ortaya belə bir sual çıxır:
– Bütün uşaqları yüksək əxlaqi keyfiyyətlərlə tərbiyələndirməklə ətraf mühitə mənfi emosiyaların miqdarını minimuma endirmək üçün nə etmək olar?
Müşahidələrim məni bu qənaətə gətirir ki, tərbiyə işini yüksək dərəcədə düzgün qurmaqla bu sahədə ciddi uğurlar əldə etmək olar. Bu məqsədə istiqamətlənmiş təlimdən keçən insanlar mənsub olduqları cəmiyyətin yüksək düşüncəyə, mədəniyyətə sahib vətəndaşlar olaraq həyat və fəaliyyətləri ilə yalnız müsbət emosiyaların cərəyan etdiyi bir mühit yaradacaqlar. Bir müddət, təxminən 30 il keçdikdən sonra cəmiyyətin 50 faiz üzvü məhz bu qəbildən – yüksək əxlaqi keyfiyyətlərə malik insanlardan ibarət olacaq ki, onlar müsbət emosiya daşıyıcıları olduqlarından harada, hansı işdə və ya vəzifədə çalışmalarından asılı olmayaraq, ətrafdakıları mənfi emosiyalara məruz qoymayacaqlar.
Təhsil sisteminin bugünkü tələblərinə diqqət yetirdikdə görürük ki, başlıca səylər uşaqlara həddən artıq elm öyrədilməsinə yönəldilmişdir. Düzdür, hər bir şəxsin elmli olması lazımdır və faydalıdır. Amma həmin məqamda uşaqların əxlaqi keyfiyyətlərlə yüklənməsi məsələsi arxa plana keçir.
Belə bir deyim var: Alim olmaq asandır, insan olmaq çətin. Bugünkü təhsil metodu ilə sanki biz uşaqların hamısının alim olması üçün çalışırıq, onları həddən artıq biliklə yükləyirik. Yaddan çıxarmayaq ki, uşaqları həddən artıq yükləməklə onların fiziki inkişaflarını ləngidirik.
Bu fikirdə olmaqla heç də həyata yenicə atılmış insanların elmlərə yiyələnmələrinin əleyhinə deyiləm, əksinə o fikirdəyəm ki, onlar mənimsədikləri elmlərin hesabına yüksək əxlaqa, mədəniyyətə, sivil cəmiyyətə sahib olub, qazandıqları mənəvi saflıqla uzun ömürlülər sırasına qoşulsunlar.
XX əsr tarixinə nəzər saldıqda Azərbaycanda neçə-neçə adlı-sanlı, böyük şəxsiyyətlərin yaşadıqlarını, fəaliyyətləri ilə ölməzlik qazandıqlarını görürük. Bu şəxsiyyətlər dövrlərinin sadə təhsil proqramı ilə savadlanmışlar. Həmin şəxsiyyətlər yüksək elmə və dərin mənəvi saflığa malik olmaqla, vətənimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün misilsiz xidmətlər göstərmişlər.
Son vaxtlarda təhsil proqramlarında tez-tez islahatlar aparmaqla bu proqramları daha da mürəkkəbləşdiririk. Etdiyimiz dəyişiklikləri Avropa təhsil sisteminə uyğunlaşmaq, çatmaq üçün etdiyimizi bildiririk.
Son 20 ildə ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sistemində də inkişafı təmin edən əsaslı işlər görülmüşdür. Mövcud məktəblərin 80 faizdən çoxu müasir təhsil və təlim üçün yeni avadanlıqlarla təchiz edilmiş, köhnə məktəb binaları son üslubda tikilmiş və ya təmir olunmuşdur. Yüksək səviyyədə təhsil almaq üçün şəraiti olan bu cür məktəblərdə yalnız alim deyil, insan yetişdirməyi tədris proqramının tərkib hissəsinə çevirsək, o zaman sivil cəmiyyətin üzvünü yetişdirmiş olar və belə bir cəmiyyəti asanlıqla qura bilərik.
Bunun üçün ilk növbədə bütün yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirə bilən əxlaq proqramı tərtib olunmalıdır. Bu proqramın tərtibində respublikanın böyük pedaqoqları, psixoloqları, fizioloqları, elmin müxtəlif sahələrindən olan tanınmış alimlər müştərək işləməlidirlər. Belə bir proqram hazır olduqdan sonra məktəblərdə yaş qrupuna uyğun olmaqla, elmi dərslərlə yanaşı tədris olunmalıdır. Yaxşı olar ki, ali məktəblərdə haqqında fikir yürütdüyümüz bu ali proqramın tədrisi ilə məşğul olan pedaqoqlar hazırlayan fakültələr də yaradılsın. Həmin proqramın tədrisinə görə elmi fənlərin miqdarını qismən azaltmaqla əxlaqi biliklərin tədrisinə ayrılan saatların miqdarını bir qədər artırmaq daha məqsədəuyğundur.
Haqqında danışdığımız, yüksək əxlaqi keyfiyyətlər aşılamaq baxımından tərtib olunmuş proqramla tədris edilən dərslərin keyfiyyəti daha yüksək olar. Uşaqlar yorulmadan daha geniş biliyə, kamilliyə istiqamətləndirilmiş vərdişlərə yiyələnərlər.
Təsəvvür edək ki, belə bir proqram tədris olunur və aradan 30 illik müddət keçmişdir. Onda görərik ki, ətrafımızdakıların ən azı 30-40 faizi sivil cəmiyyətin yüksək əxlaqa malik nümayəndələridirlər. Həmin proqram özü də ötən müddət ərzində cilalanar və təkmilləşər. Bununla bərabər tərbiyə etdiyimiz sivil vətəndaşlar içərisindən həmin proqramın tədrisi üçün daha bacarıqlı pedaqoqlar formalaşar.
Belə olduğu halda, gələcəkdə cəmiyyətdə baş verə biləcək xoşagəlməz hadisələrin sayı minimuma enər, aramızda mənfi emosiya daşıyıcılarının sayı azalar və nəticədə, uzun, mənalı ömür sürənlərin sayı artar və mənəvi saflıq üzərində qurulmuş sivil bir cəmiyyət formalaşar.
Belə olarsa, indi biz Avropadan öyrəndiyimiz kimi, onda avropalılar bizdən öyrənmək arzusuna düşər və “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq” konsepsiyamızı öz təhsil proqramlarına tətbiq edərlər.
Haqqında fikir yürütdüyümüz təhsil modelinin tərtibi və tətbiqi zamanı çalışmalıyıq ki, XXI əsrin insanlarında görmək istədiyimiz keyfiyyət və səviyyə burada əksini tapmış olsun.
Şahmurad Şirəliyev,
Respublikanın Əməkdar həkimi, İsmayıllı rayonu

Şərh Yaz