Ədəbiyyat dərslərində şagirdlərin ekoloji tərbiyəsi

Məktəblilərə təbiəti sevdirmək, insanın təbiətin ayrılmaz hissəsi olduğunu anlatmaq hər bir müəllimin vəzifələrindəndir. Ekoloji təhsil və tərbiyənin əsas mahiyyəti uşaqlarda ətraf mühitə yanaşmanın formalaşdırılmasıdır.
VIII sinifdə ədəbiyyat fənninin tədrisi zamanı ayrı-ayrı mövzuları izah edərkən şagirdlərə təbiətdə baş verən ekoloji pozuntuların aradan qaldırılması yolları haqqında, ekoloji tarazlığın qorunub saxlanılması, ümumiyyətlə, təbiətdə insanın sağlamlığı üçün vacib olan proseslərin necə həyata keçirilməsi barədə məlumat verirəm. Onlara təbiəti sevməyi öyrədirəm.
“Dünyanın yaranması” mövzusunu tədris edərkən torpağın, suyun, atmosferin təmizliyinin əhəmiyyətindən söhbət açıram. Şagirdlərə izah edirəm ki, torpaq da, su da, atmosfer də insanlar dünyaya gəldikdən və çoxaldıqdan, sənaye müəssisələri yarandıqdan sonra çirklənib. Bizim borcumuz isə təbiəti sevməkdən, çirkləndirməməkdən və çirkləndirilməsinin qarşısını almaqdan ibarətdir.
“Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir” – akademik Həsən Əliyevin bu söləri ilə mövzunu tamamlayıram.
İmadəddin Nəsiminin “Mövsümi-Novruzi neysan…” şerində Bahar fəslinin gəlişi təsvir olunur.Bahar fəslinin gəlişi ilə təbiətin oyanması, gözəlləşməsi həssas qəlbli şairin diqqətindən yayınmamış və o, hisslərini, düşüncələrini əks etdirən maraqlı bir əsər yaratmışdır. Təsvir olunan bağça “behiştə” bənzədilir. Şagirdlərə izah edirəm ki, şair kimi bizim də hər birimiz təbiətin gözəlliyindən zövq alır, bəhrələnir, təbiət guşələrinə istirahətə gedirik. Buna görə də təbiətin təbiiliyini qorumaq , onu daha da canlandırmaq bizim hər birimizin borcudur.
Şah İsmayıl Xətainin şeirlərində təbiətin gözəlliyi, təkrarsızlığı, insan hisslərinin, zövqünün zənginləşməsi mühüm mövzulardandır. Xüsusilə, “Bahariyyə” əsərinin tədrisi zamanı şairin bahar fəslinin gözəlliyini ifadə etmək üçün bədii vasitələrdən necə ustalıqla istifadə etdiyini şagirdlərə izah edirəm.
Çinar əlini çü rəqsə açdı,
Gül xırda zərin şabaşa saçdı.
Bu misralarda yamyaşıl yarpağa bürünən, budaqlarını ətrafa geniş açan, vüqarlı çinar ağacı qollarını uzadaraq fərəhlə, sevinc içində rəqs edən insana bənzədilir. Onun ətrafına səpələnən xırda, qızılgül ləçəkləri şabaşa oxşadılır. “Bahariyyə” əsərindəki beytləri oxuduqca insan daxilən zənginləşir, saflaşır, təbiətin gözəlliyinə valeh olur. İnsanda təbiətə məhəbbət, məftunluq hissləri oyanır. Şagirdlərə izah edirəm ki, hərə bir ağac əkib onu böyütsə, gör ətrafda necə gözəllik yaranar. Hər bir ağac bizim sağlamlığımıza fayda verir. Bu məqamda istedadlı şair Musa Yaqubun aşağıdakı msralarını yada salıram
Üstündən sehirli küləklər əsən,
Meşələr öyrətdi dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən,
Çinarlar uzadıb əlini mənə.
Molla Pənah Vaqifin “ Hayıf ki, yoxdur…” qoşmasının tədrisi zamanı şagirdlərə izah edirəm ki, əsərdə Kür qırağının gözəlliyi ilə yanaşı həm də, bu yerin insanlarının mənəvi aləmi və xarici görkəmi də təbii və inandırıcı canlandırılır.
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası hayif ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası hayif ki, yoxdur!
Bu misralarda bir- birinə zidd olan iki hisslə üz-üzə gəlirik. Kür qırağının gəzməli, görməli yerləri şairi heyran edir, o, fərəhlənir, bu “ gözəl yeri, gözəl məkanı”dünyanın gözü sayır. Söz sərrafı olan Vaqif “ Bir gözəl sonası hayıf ki, yoxdur” deməklə çox mətləblərə toxunmuşdur. Mövzunun tədrisi zamanı çalışıram ki, şagirdlərdə gözəlliyi duymaq hissləri ilə yanaşı ekoloji mədəniyyət tərbiyə edim.
Qasım Bəy Zakirin sürgün illərində yazdığı “Durnalar” şerini tədris edərkən həssas qəlbli, urəyi vətən həsrəti ilə qovrulan şairin doğma yurdundan durnalar vasitəsi ilə bir xəbər eşitmək istədiyini, köçəri quşların Azərbaycan ərazisinə gəldiyini, yuvalayıb bala çıxardıqlarını şagirdlərin diqqətinə çatdırıram. Beləliklə, şagirdlərə qəriblik, vətən həsrəti anlamı ilə yanaşı köçəri quşların, xüsusilə, qaranquşların hər birimizin mənzillərində yuvalamasını, onların müqəddəsliyini də xatırladıram. Şagirdlərə izah edirəm ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Həmin ərazidə tez- tez yanğınlar törədilir, meşələr, təbiət abidələri məhv edilir. Ermənistan ərazisindən bizim əraziyə gələn çaylara zəhərli maddələr axıdılır, Qarabağın təbiətinə qəsd edilir. Yurdlarından qovulmuş insanlar şair kimi vətən həsrəti ilə yaşayırlar.
Aşıq Ələsgərin “Dağlar” qoşmasında doğma yurdun gözəlliyi tərənnüm edilməklə yanaşı, həm də vətən məhəbbəti, ana yurdun ucalığından, əzəmətindən bəhs olunur.
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Bu misralarda vətən hamı üçün vətəndir. O, qoynunda yaşayanlara fərq qoymur. “Yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar” deməkdə aşıq haqlıdır. Aşıq Ələsgərin fikrincə vətənə layiq övlad olmaq hamının borcudur. Mən şagirdlərə izah edirəm ki, hər bir insan öz döğma yurdunun təbiətini sevməli, vətəninin müdafiəsində canından keçməyə hazır olmalıdır.
Daim doğma təbiıətini tərənnüm edən şair Musa Yaqubun vətənpərvərlik ruhunda yazılan “ Torpaq” şeirindəki misraları şagirdlərə xatırladıram.
Bəlkə də borcundan çıxmadım, vətən,
Ömür bahar deyil-bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Ədəbiyyat dərslərinin tədrisi zamanı çalışıram ki, şagirdlərdə vətənə məhəbbət, milli adət-ənənələrimizə hörmət hissləri tərbiyə etməklə yanaşı, onların ekoloji biliklərinin artırılmasına, həm də hər bir şagirddə ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşmasına nail olum. Təbiətdə, canlı aləmdə nizam var, qayda-qanun var, tarazlıq var, hec nə artıq deyil. Təbiətin açılmamış sirrlərini öyrənmək üçün ona qayğı ilə yanaşmalıyıq.
Fikrimi görkəmli şairimiz Osman Sarıvəllinin misraları ilə tamamlayıram.
Hər kiçik böcəyin adı var, quzum,
Hər meyvənin ayrı dadı var, quzum!
Ana təbiəti duyub dərindən,
Bu qoca dünyanın sirrini öyrən.
Xatirə Nuriyeva,
İsmayıllı şəhər A. Aslanov adına 2 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz