Fransaya getməyinə dəyərdi

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ilin yanvar ayından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində fəaliyyət göstərir. Və bu qısa zaman kəsiyində işi daha yaxşı öyrənə bilməyimiz üçün AQUPDK çoxsaylı təlimlər, görüşlər, seminarlar təşkil etmişdir. Bu ilin noyabr ayında Fransaya təşkil olunan gediş də elə bu məqsədlərə xidmət edirdi.
Fransaya getməyinə dəyərdi
Bu bir təcrübə səfəri idi və bu səfərdən çox şey gözləyirdik. Mənim də daxil olduğum 5 nəfərlik qrupda olan hər kəs işi ilə bağlı Fransa təcrübəsini öyrənməkdə maraqlı idi: Fransanın bu sahədə çoxillik təcrübəsi var, ailə problemləri və qadın hüquqları ilə bağlı Nazirliklər 20-25 il öncə yaradılmışdır, üstəlik də çoxsaylı QHT-lər bu sahədə geniş iş aparırlar. Məqsəd ailə münaqişəsi qurbanlarının himayəyə götürülməsi üçün qəbul vasitələrinin, əhalinin zəif təbəqəsinin sosial xidmətlərə istiqamətləndirilməsinin dəyərləndirilməsi metodları üzrə təcrübə mübadiləsi aparmaq idi.İlk görüş GİP İnternationalın yerləşdiyi Əmək Nazirliyinin binasında oldu. Və gəlişimiz qəribə bir ana təsadüf etdi: 17-ci mərtəbəyə qalxıb görüş keçiriləcək otağa yönələndə yanğın siqnalı çalındı. İşçilər tələsik pilləkənlərə və liftlərə tərəf qaçışırdılar. Biz nə baş verdiyini anlamağa çalışarkən GİP İnternationalın nümayəndəsi “yanğından mühafizə təlimidir, biz də binanı tərk etmək məcburiyyətindəyik” dedi. Və təbii ki, tərk etdik, özü də heç kəsdən – 2 ayda bir keçirilən belə təlimlərə adət etmiş fransızlardan geri qalmadan.Fransaya getməyinə dəyərdi
Ilk görüş GİP İnternational təşkilatının rəhbəri xanım Agan Ferrierlə oldu. O, Fransa dövləti, səfərin planı və təşkilat haqqında qısa məlumat verdi. Fransa 26 regionu, 101 departamenti, 36000 bələdiyyəni əhatə edir. Zorakılıqların sayını azaltmaq məqsədilə dövlət səviyyəsində böyük və sistemli iş aparılır.. Ölkədə geniş maarifləndirmə işləri aparılır. Nazirliklərin və eləcə də Qadın Hüquqları və Ailə Problemləri Nazirliyinin fəaliyyət istiqamətini yerlərdə həyata keçirən nümayəndələrin daimi iş yeri departamentlərdir. Bu işçilər Nazirliklər tərəfindən işə götürülməsinə baxmayaraq, onlar həm də departamentin rəhbərinə tabedirlər və yerlərdə birbaşa nəzarəti həyata keçirirlər. Qadın məsələləri sahəsində fəaliyyət göstərən departamentdaxili təşkilatlar fəaliyyət hesabatlarını həmin nümayəndəyə təqdim edirlər.
Azərbaycanda İcra Hakimiyyətlərinin strukturunda qadın məsələləri ilə məşğul olan işçilər olsa da, onlar ancaq İcra Hakimiyyətlərinə tabedirlər. Fransada isə müvafiq mövqenin həm departamentə, həm də Nazirliyə tabe olmasi məlumatların çatdırılması və nəzarətin təşkilini asanlaşdırır.
GİP international haqqında təqdimat verən xanım Ferrier bildirdi ki, təşkilatın 400-ə yaxın mərkəzləri var və onlar yerlərdə sosial iş sahəsində dəyərləndirmə metodikasını gücləndirirlər.
Günün ikinci yarisinda zorakılıq qurbanı olmuş qadınların istiqamətləndirilməsi, qəbulu və yerləşdirilməsinin araşdırılması məqsədi ilə qəbul və sosial readaptasiya üzrə Assosiasiyaların Milli Federasiyası, araşdırmalar və statistika üzrə məsul şəxs Kristel Sirbo ilə GİP ofisdə görüş keçirildi. Bildirildi ki, təşkilatin məqsədi çətinlkdə yaşayan, problemlərlə üzləşən qadınların qəbulu, onlara dəstək və onları istiqamətləndirməkdir. Bu fəaliyyəti həyata keçirmək üçün 115 nömrəli qaynar xətt mövcuddur, müraciət edənlərin adları məxfi saxlanılmaqla müraciətçilər qeydə alınır. 115 xidməti yalnız təcili yerləşdirməni həyata keçirir, uzun müddətli yerləşdirməni başqa qurumlar təmin edir, ölkədə 46 departament bu xidmətə qoşulub. Qaynar xəttin Məlumat bazasına yerləşən məlumat department və FNARS üçün hər zaman açıqdır. Departament sığınacaqlar haqqında (boş yerlər) məlumatı yerləşdirir. Milli Federasiya statistikani toplayır və bu sahə ilə məşğul olan nazirliyə hesabatını təqdim edir. Müvafiq Nazirlik və qurumlar yalnız onların tanış ola bildiyi məlumat bazasına əsasən zorakılığa məruz qalmış qadınlarla iş aparırlar. Məsələn, əgər zorakılığa məruz qalmış və sığınacağa alınmış qadının işə ehtiyacı varsa, Əmək Nazirliyi ilk növbədə onun işlə təminatına şərait yaradır. Yəni əlaqəli iş bu baza vasitəsilə qurulur.
Sığınacaqlar təcili, bir neçə günlük və 6 aylıq olur. Hamilə və 3 yaşa qədər körpəsi olan qadınlara xüsusi diqqət ayrılır. 6 aylıq sığınacaqla təmin olunan şəxsləri çalışılır ki, bu vaxt ərzində sosial evlə təmin etsinlər. Əgər 6 ay ərzində sosial evlə təmin etmək mümkun olmasa, o halda yenidən müraciət olunur və daha 6 ay qadın həmin sığınacaq evində qalır. Sığınacaq evlərinin yeri gizli saxlanılır və lazım gələrsə qorunur.
Təlimin ikinci günü günün yarısına kimi Yvonne küçəsi, 4 ünvanında yerləşən “SOS qadınlar 93” cəmiyyətinə səfər etdik. Səfərin məqsədi zorakılıq qurbanı olan qadınların gün ərzində qəbulu prosesi ilə tanışlıq idi. Cəmiyyətin məsul şəxsi xanım Foşe SOS Qadınlar mərkəzi haqqında məlumat verdi. Bildirdi ki, bu mərkəz 20 ildir fəaliyyət göstərir. Sığınacaq departamentdaxili yeganə mərkəzdir, 36 işçi heyyəti var və sıgınacaq məqsədilə 38 mənzil kirayəyə götürülmüşdür. Sığınacaq müddəti 7 gündən 2 ilə qədərdir və il ərzində 100-120 qadına xidmət göstərə bilirlər. Mərkəz ancaq məişət zorakılığına məruz qalmış qadınların qəbulu və yerləşdirilməsini həyata keçirir. İlk öncə qadınlara hüquqları başa salınır, bundan sonra seçim hüququ qadının özünə verilir.
Günün ikinci yarısı dö Verdum prospekti, 142 ünvanında yerləşən Flora Tristan Mərkəzinə səfər edildi. Səfərin məqsədi departamentdə kişilərin qadınlara tətbiq etdiyi zorakılığa qarşı nazirliklərarası fəaliyyət siyasətinin tətbiqi haqqında bilgilər əldə etmək idi. Mərkəzin nümayəndəsi xanım Joana Kosimska bildirdi ki, sığınacaq istəyənlərin müraciəti üçün qaynar xətt mövcuddur. Cari ildə bu nömrəyə 2000 zəng edilmişdir, zəng edənlərdən 145 nəfəri sığınacaqla təmin edilmişdir. Qadın zorakılığı ilə bağlı polis şöbələrində ayrıca ekip var və bu ekiplər qadın mərkəzləri ilə birgə işləyərək gələn zənglərlə Mərkəzlərlə birlikdə məşğul olurlar.
Mərkəz həmçinin maarifləndirmə məqsədilə təlimlər təşkil edir. Mərkəzdə uşaq otaqları mövcuddur, hansi ki, burada anasına qarşı törədilmiş məişət zorakılığının şahidi olmuş uşaqlarla uşaq mütəxəssisi işləyir.
Təlimin üçüncü günü təcili yerləşdirmə vasitələrinin tətbiq olunması barədə hesabatın hazırlanması haqqında GİP İnternationalın beynəlxalq işlər üzrə məsul şəxsi Mişel Teri ilə görüş təşkil edildi. Öyrəndik ki, təşkilat Sosial İşlər Nazirliyinə tabedir və burada 100 nəfər xidmət göstərir. Təşkilat digər nazirliklərlə də sıx əlaqədə işləyir. Buna misal olaraq Əmək nazirliyini, Ailə Problemləri nazirliyini və Miqrasiya İşləri üzrə nazirliyi sadalamaq olar. Təşkilat illik fəaliyyət planlarını müvafiq nazirliklərə göndərərək onların razılıqlarını alırlar.
Sonuncu görüş Fransa Qiymətləndirmə Cəmiyyətinin ofisində oldu. Cəmiyyətin rəhbəri xanım Ani Fukenin dəyərləndirmə və qiymətləndirmə barədəki fikirləri də bizim üçün maraqlı idi.
Ümumiyyətlə, ailə problemləri ilə işləyən bir təşkilatın nümayəndəsi kimi gördüklərim, eşitdiklərim mənim üçün çox maraqlı və lazımlı idi. Ancaq bir məsələdə fransızlarla həmrəy ola bilmədim: onlar zorakılığa məruz qalmış qadına fərd kimi yanaşırlar, bir ailə sahibi kimi yox. Və beləliklə, onun ailəyə qayıtmasına yox, təkrar zorakılığa məruz qalmasın deyə sığınacağa götürülməsinə üstünlük verirlər. Bəlkə də bu, acı statistikanın verdiyi dərsin nəticəsidir: görüşdüyümüz bütün şəxslər təəssüflə bildirdilər ki, bu qədər iş aparılmasına baxmayaraq Fransada hər 3 gündən bir bir qadın zorakılığın qurbanı olur.
Təbii ki, Fransalı günlərimizi tək təlimlərə, görüşlərə həsr etmədik, fürsəti yetərincə dəyərləndirdik: Parisin gəzməli, görməli yerlərində olduq, tarixi abidələri, muzeyləri gəzdik. V.Hüqonun “Səfillər” əsərindən yaddaşımda möhtəşəm iz salmış Notrdam kilsəsi isə yazıldığından daha möhtəşəm və əzəmətli idi. Tək bu tarixi abidəni görmək üçün Fransaya getməyinə dəyər.
Beləcə, təcrübə mübadiləsi məqsədilə getdiyimiz Fransadan ən xoş təəssüratlarla və tərcüməçimiz – ailəliklə Fransada yaşayan, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin məzunu, azərbaycanlı qızı Jalə Babayevadan tələbə yoldaşı – şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevda Ömərovaya ünvanlanmış “bir qucaq salam”la qayıtdıq.
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər birliyinin üzvü

Şərh Yaz