Basqal sirli aləmdir

Kim bir yol gəlibsə İsmayıllıya,
Gərək dostlarını bura yollaya.
Dumanda dağları oxşar yallıya,
Sən bu səfalara baxdıqca zövq al,
Ey ruhu ipəkli, çiçəkli Basqal!
Rafiq Zəka Xəndan,
(“Basqal” şerindən)

Müasir elmi-texniki tərəqqi dövründə cəmiyyət sürətlə inkişaf edir, köhnə istehsal üsulları aradan çıxır və birdəfəlik unudulur. Əcdadlarımızın qiymətli irsini qoruyub saxlamaq, gələcək nəsillərə bir ərməğan kimi catdırmaq, həmçinin xalqımızın keçmiş həyatında mütərəqqi rol oynamış gözəl adət-ənənələrin yaddaşlardan silinməməsinin qarşısını almaq üçün salnamələr yazmaq, zəngin muzeylər yaratmaq, keçmiş dövrü əks etdirən eksponatlar nümayiş etdirmək böyük vətənpərvərlik və əməksevərlik məktəbi kimi əhəmiyyət kəsb edə bilər. Bu sahədə respublikamızda xeyli təcrübə əldə edilmişdir.
Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonu ərazisində tarixi-etnoqrafik baxımdan zəngin, orta əsr şəhərlərinin bəzi xüsusiyyətlərini, o cümlədən qədim mədəniyyət, sənətkarlıq irsini bu günə qədər mühafizə edən neçə-neçə yaşayış məntəqəsi hələ keçən əsrlərdən dünya şöhrəti qazanmaq səviyyəsinədək yüksəlmişdir. Belə görkəmli, əsrarəngiz yaşayış məntəqələrindən biri Basqaldır.Basqal sirli aləmdir
Şirvanın ən səfalı, zəngin təbiətə malik sahəsində yerləşən Basqal qəsəbəsi xalqımızın bir sıra qədim və keşməkeşlərlə dolu tarixi ənənələrini bu günə qədər qoruyub yaşatmışdır.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Fazil Osmanov apardığı uzunillik elmi araşdırmalardan bu qənaətə gəlib ki, Basqal qəsəbəsinin yerləşdiyi indiki ərazi və onun ətrafı antik və orta əsr abidələri ilə zəngindir. Basqalın bir qədər cənub-şərqində hələ eraməzən I-III əsrlərindən insan məskənlərinin varlığı arxeoloji tədqiqatlardan məlumdur. Arxeoloji materiallar isə eramızdan əvvələ aid Şirvan ərazisi üçün səciyyəvi yerli xüsusiyyətlərə malikdir. Orta əsrlərdə isə Basqal və onun ətrafı coğrafi və relyef quruluşuna uyğun böyük iqtisadi və strateji əhəmiyyət kəsb etmişdir.
Orta əsr feodal pərakəndəlikləri dövründə, həmçinin xarici işğalçıların basqınları zamanı burada yaşayış məntəqələrinin, eləcə də, müdafiə qalalarının daha da inkişaf edib genişlənməsinə səbəb olmuşdur.Bunlardan Basqalın şimali-qərdində “Qala başı” və cənubi-şərqində “Qalalar” deyilən sahələr təqribən XI-XII yüzilliklərin yadigarıdır.
Qəsəbənin cənubi-şərqində ilk orta əsrlərdən başlayaraq ta xanlıqlar dövrünədək möhtəşəm qala və şəhər xarabalıqları qalmaqdadır. Basqalın şimalında ucalan Niyal dağında XI-XII əsrlərin qalaları, Şirvanşahların mühüm müdafiə məntəqəsi olmuşdur. Bütün bunlarla yanaşı, Basqalın mərkəzində orta əsr şəhərlərinin xarakterik xüsusiyyətlərini əks etdirən və eramızın əvvəllərindən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam və başqa mədəni, iqtisadi və dini tikililər yerli əhalinin mədəni irsinin timsalıdır.
Basqal qıvrım uşaq telləri kimi hər yana burulan enişli-yoxuşlu küçələri, özünəməxsus həyat tərzi və adət-ənənələri ilə həqiqətən canlı bir tarixdir. “Kavkaz” qəzetinin 1882-ci il tarixli, 310-cu nömrəsində bu qəsəbəyə gəlmiş tanınmış səyyah, tarixçi M.N.Lebedev-Kostromsevin böyük aludəlik və məftunluqla yazdığı sətirlər xüsusi maraq doğurur: “Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından bir qədər kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Atın sahibi, yerlilərin çarvadar adlandırdığı orta yaşlı kişi öz heyvanına elə bil dil öyrətmişdi. At sahibini mütiliklə dinləyir və iri daş topaları ilə dolu olan maniələri, yoxuşları, gur dağ çayını dəf edirdi. Basqal şəhərinə axşam çağı yetişdik. Neft lampaları evlərin eyvanını, həyətlərini, küçələri kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gəldiyini mənə başa saldı. Məscid işçisi şam əzanı verirdi”. Qəzetdə səyyahın ertəsi gün kəlağayı karxanalarını seyr etməsi, toxucuların ağır vəziyyəti, lakin öz sənətlərinə sadiq qalmaları təsvir edilir.
Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazır: “1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa xan öz yaxın qohumları ilə Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal adlı şairanə yerdə ipək əyirən fabrik açır”.
Basqaldakı bir neçə tikilinin sorağı qədim əsrlərdən gəlir. Hicri-qəməri təqvimi ilə 935-ci ildə tikilmiş Əl-fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidinin qarşısında ucalan qocaman çinarın isə yaşını bilən yoxdur. Çinarın aşağı gövdəsindəki koğuşun içərisində müxtəlif vaxtlarda çayxana, bərbərxana yerləşdirilmişdir. Bazar meydanından Sayad dağına, Fit dağına və ətraf meşələrə gözəl bir mənzərə açılır.
Tehran-Təbriz memarlıq üslubunda tikilmiş nağılvarı hamam orta əsrlər üçün səciyyəvi olan gümbəzə bənzər tavanlı olub, bir-birinin içində iki otaqdan ibarətdir. Hamam tağları, içərisindəki nəbati naxışları, sütun elementlərinin dəqiq simmetriyası ilə xalq memarlıq folklorunun yüksək səviyyəsindən xəbər verir. Ulu tariximizi yaşadan abidənin indiki vəziyyəti isə təşviş doğurur. Təcili təmir olunmazsa, uçmaq təhlükəsi yaranacaqdır.
Basqal sirli aləmdirQiymətli memarlıq abidəsi Hacı Bədəl məscidi isə 1854-cü ildə bənna Allahi və Məşədi Səttar tərəfindən tikilmişdir. Qoşabulaq məhəlləsinin sakini tacir Hacı Bədəl həcc ziyarətindən qayıtdıqdan sonra yeganə qızı Sitarənin xatirəsinə tikdirdiyi bu məscidin arxitektura-planlaşdırma işi çox ağıllı düşünülmüşdür. Naməhrəmlər bir-birini görməsin deyə içəridə qadınlar üçün ikimərtəbəli hissə ayrılmışdır. Hacı Bədəl məscidində camaatın gücü ilə sonrakı dövrlərdə əsaslı təmir işləri aparılmışdır. Həyətindəki Seyid Ümbülbanu türbəsi də abadlaşdırılmışdır.
İki məscid, hamam, kürəbənd şəbəkəsi, onlarla bulaq, qədim tikililərdən başqa Basqalda daha bir neçə ulu abidə də mövcuddur. Belə abidələr arasında “Düzən” qəbiristanı, qəbirüstü daş kitabələr diqqəti cəlb edir. Burada 400-500 il, hətta daha çox yaşı olan, dəfn olunanın kimliyi, hansı sənət sahibi olması, vəfat etmə tarixi göstərilən, Quran ayələri ilə nəqşlənən, səliqəli, aydın yazılı baş daşları çoxdur. Əcdadlarımızın ruhu köçmüş epitafiyalı bu başdaşıları ulu keçmişimiz haqqında müəyyən təsəvvürlər yaradır.
Qənirsizliklər, təkrarsızlıqlar aləmi bu qədim yurda ayaq basanları öz ağuşuna alır. Ana təbiətin özündə də bir gözəllikj, bir şairanəlik, ahəngdar bir musiqilik duyulur. Dağların vüqarı,bulaqların zümzüməsi ecazkar musiqi təsirinə malik deyilmi? Qarşıda görünən zümrüd Əmrəki meşəsindəki yaşı bilinməyən, başı görünməyən ixtiyar palıd kölgəsində dincəlməyin, göylərə çatmaq cəhdi ilə ömür sürən fıstıq (pip), vələs ağaclarının seyrinə dalmağın, uca boylu çinarlardakı yarpaqların pıçıltısını dinləmək musiqi dinləmək deyilmi? Min-bir rəngə çalan gül-çiçəyin xoş ətri, qoyun-quzunun mələşməsi, quşların cəh-cəh vurub müxtəlif dildə ötməsi xoş musiqi sədaları deyilmi?..
Basqal nənələrimizin uzun qış gecələrində haqqında nağıllar danışdıqları xəyali şəhərlərə bənzəyir. Ətəklərdə qəsəbəni o tay, bu taya ayıran, gümüş kəmnərə bənzəyən çay dərələrə hay-haray salır, daşların arasında durulur, göz yaşları kimi şəffaflanır və uzaqlarda itir. Çayın sağ və sol kənarlarındakı gövdəli ağacların həzin melodiyası suların zümzüməsinə qarışır.
Sanki üst-üstə minmiş evlərin ağ-qırmızı dəmir damları, məscid minarəsi göy qübbəsindəki günəşin parıltısı altında bərq vurur.
Basqalın memarlıq-planlaşdırma işinə sənətkarlığın və ticarətin güclü təsiri olmuşdur. XIX əsrə aid bir çox qəzet və jurnal səhifələrində Basqalın adı şəhər kimi çəkilir. Sonradan “şəhər” sözü hiss olunmadan aradan çıxmış və “kənd” məfhumu meydana gəlmişdir. 1990-cı ilin yanvar ayında Azərbaycan Ali Sovetinin fərmanı ilə buraya şəhər tipli qəsəbə adı verilmişdir.
Basqal orta əsrlərdə, ehtimal ki, hələ ondan da qabaq Şirvanın böyük toxuculuq mərkəzlərindən biri olmuşdur. Əhalisinin hamısı tarixən ipək toxuculuğu ilə məşğul olmuşdur. Burada müxtəlif növlü kəlağayı, yorğanüzü, qanovuz parçalar toxunarmış. Boyaqçılıq, toxuculuq, ipəkçilik sonralar nəsildən-nəsilə keçərək bizim günlərə də gəlib çatmışdır. XIX əsrin birinci yarısından Basqalda hazırlanmış malların, məhsulların şöhrəti, sorağı xarici bazarlardan eşidilir. Burada hazırlanan məmulatlar beynəlxalq sərgilərdə müxtəlif mükafatlara layiq görülüb. Sənətkarlar yurdunun zərif kəlağayısı, al-əlvan rəngli ipək yorğanüzüsü, qanovuz parçası dünya şöhrəti qazanmış, xarici bazarlarda özünəməxsus yer tutmuşdur. İpək toxucuları öz müvəffəqiyyətlərinə o qədər əmin olmuşlar ki, eksponatlarını bir neçə xarici ölkəyə göndərmişlər. 1882-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak etmişdir. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayıya və zərif qanovuza görə gümüş medal və xüsusi diplomla mükafatlandırılmışdır.
Dövrümüzə qədər Bakının muzeylərində Basqal sənətkarları tərəfindən XVIII-XIX əsrlərdə hazırlanmış toxuculuq nümunələri, həmçinin zərli arxalıqlar, başmaqlar, qadın, kişi baş geyimləri, bədii tikmə parçalar saxlanılmaqdadır.
Araşdırmalar göstərir ki, Basqalda XVII-XIX əsrlərdə tikmə sənəti də geniş yayılmışdı. Azərbaycan Dövlət İncəsənət Muzeyində XIX əsrin birinci yarısında basqallı Kəbutər xanım İsmayıl qızı tərəfindən çox incə zövq və ustalıqla ön hissəsinə mirvari və sədəflər düzülmüş qadın arxalığı, Narınc Məşədi Abduləli qızının hazırladığı qadın və kişi arxalıqları diqqəti cəlb edir.
1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı P.Paşino “Kavkazskiy vestnik” qəzetində yazırdı: “Ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar öz bədii xüsusiyyətlərinə görə heç də dövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmır”…
Belə nikbin, ürəkaçan təsvirlərdən sonra solğun, məyusluq doğuran notlara keçmək ağır olsa da, Basqalın hazırkı, ağır vəziyyətindən danışmaya bilmirəm. Qədim sənətkarlar yurdunda bu gün işsizlik böyük sosial bəlaya çevrilmişdir. Bir neçə il ərzində Basqalda əhalinin güzəranının əsas mənbəyi olan üç toxucu sexi tamamilə dayanmışdır. İşıqlı, abad, geniş zallarda müasir texnikanın son sözü ilə qurulmuş 100-dən çox toxucu dəzgahı, maşınlar, boyaqxanalar ölüm sükutuna qərq olmuşdur. Əcdadlarımızın bizə miras qoyub getdiyi bu qədim sənət növünün tamamilə unudulmasını dəhşətli faciə adlandırmaq olar. Bundan əlavə, qəsəbədə 60-70 il fəaliyyət göstərmiş 20 çarpayılıq xəstəxana, hər birində 40 körpə tərbiyə alan 2 uşaq bağçası, böyük gücü olan çörəkbişirmə kombinatı, neçə-neçə ərzaq, sənaye, təsərrüfat malları mağazası,qədim tarixi olan bazar, kirayə məntəqəsi, yanğınsöndürmə qərargahı, əmanət kassası, aptek, bir neçə bərbərxana, yeməkxana, çayxana, yerli radio qovşağı və sair obyektlər tamamilə ləğv olub. Qədim Basqalın iftixar yeri olan “Bazar meydanı” ölü şəhər xarabalığını xatırladır…
Şöhrətini yaşatşaq istədiyimiz ulu sənətkarlar yurduna gələn turistlər bu yerin keçmişi barədə məlumatları öyrəndikdən sonra bizimlə bərabər təəssüflənir və heyrətlənirlər. Bizdən fərqli olaraq vətəndaşlıq təəssübkeşliyimizin zəifliyini söyləyirlər.
Sonda belə nəticəyə gəlmək olar ki, bu vaxta qədər Basqalda onun maddi keçmişini qoruyub saxlaya biləcək etnoqrafik muzeyin yaradılmasına da laqeydlik göstərmişik. Belə bir muzeyin yaradılması qədim xalq sənətinin qorunub saxlanmasında və təbliğində çox lazımlı və xeyirxah iş olardı. Bir növ orta əsr şəhərlərinin quruluşuna uyğun gələn Basqal özünün sıx tikintiləri, daş döşəmə küçələri, tarixi-ictimai binaları, məscidləri, sənətkarlıq alət və dəzgahları xarabalığa çevrilmiş qədim şəhərlərimizin bərpasında, öyrənilməsində arxeoloq, etnoqraf və memarlarımıza yaxından kömək üçün gözəl örnək ola bilər. Bu da xalqımızın təşəkkülü, etnik xüsusiyyətləri, eləcə də bir sıra sosioloji məsələlərin araşdırılmasında müstəsna müsbət rol oynayar.
Basqal sirli aləmdirMiryavər Hüseynov,
Basqal qəsəbəsi

Şərh Yaz