Mərd cavanlar öyrənsinlər…

Yer üzünün bir parçasıdır, bir tikəsidir Vətən. Doğulduğumuz, ata yurdumuz, ata evimizdi Vətən. Mışıl-mışıl uyuyub böyüdüyümüz isti ana ağuşudur Vətən. Üzərində boy atdığımız, ayaq açıb yeridiyimiz torpaqdı Vətən. Əsrlərin sınağından çıxıb dövrümüzə gəlib çatan daş yaddaşdı, babaların yağı düşmən-dən müdafiə olunduqları müqəddəs hörgülərdir, qalalardır Vətən. Hardan başlanır Vətən, nədən başlanır Vətən? Quruca torpaq necə oldu ki, Vətən kimi bir müqəddəsliyə ucaldı, ülviliyə çatdı, hər şeyin fövqündə durdu?! Hər bir qeyrətli vətən övladının qəlbində səslənir bu sual.Mərd cavanlar öyrənsinlər...
“Şahın oğlu olmuş”-deyə məmləkətdə qırx gün, qırx gecə şadlıq məclisi qurulardı. Oğul atalarını şahanə çadırlara dəvət edərdilər. Çünki oğulu yurd qoruyucusu, namus, qeyrət keşikçisi, çətin gündə öndə gedən əsgər sayardılar babalarımız.
Əsrlərin o tayından yurd keşikçisi olan bir oğul -Türk hökmdarı Mete haqqında əfsanə gəlib çatıb bizə. Yenicə taxta çıxan Meteni bəhanə ilə məhv etməyə çalışan qonşu hökmdar onun yanına heysiyyatına toxunacaq bir təkliflə elçisini göndərir, atını və kənizini istəyir ondan. Yaxınları etiraz etdikdə Mete deyir ki, bir at, bir qadın üçün qonşuluğu pozmağa dəyməz. Bundan cəsarətlənən qonşu üçüncü dəfədə ölkələr arasındakı daşlı-çınqıllı kiçik bir ərazini tələb edir. Yaxınları tez buna razılaşırlar ki, onsuz da orada heç nə bitmir.
Gənc Mete buna qətiyyətlə etiraz edir. Deyir ki, at da, qadın da mənim idi, verdim. Altında əcdadlarımızın sümükləri uyuyan bu torpağı verməyə mənim ixtiyarım yoxdur.
Bundan sonra o, qurşanıb döyüşə gedir və qalib gəlir.
Rəvayətlərdən birində deyilir ki, igid sərkərdə və hökmdar Cavanşir oğullarına onu öləndə məmləkətinin sərhəddində basdırmağı vəsiyyət etmişdir. Demişdi ki, oğullarımda qeyrət olsa, qəbrimi tapdalamağa qoymazlar.
Nəhayət, ulu torpağın mərd oğullarından biri haqqında tarixdən gələn səs: Sultan Hüseyn Bayqara Ş.İ.Xətaiyə rəqqasələr dəstəsi göndərir. Vətənpərvər sərkərdə və hökmdar isə deyir ki, mən vuruş adamıyam, belə müsahibləri istəmirəm. Mən gərək rahatlanmadan məmləkətimin ətrafında at cövlan etdirəm.
“Məmləkətin ətrafında at cövlan etdirmək!” – Vətən torpağının keşikçisi, Vətən oğlu üçün bundan gözəl məram olarmı?! Bu məramın işığında böyüyən neçə-neçə vətən övladına verilən ilk dərs oldu bu: “Sənin borcun doğulduğun, boya-başa çatdığın torpağı qorumaqdır”.
Bu məramın işığına sığınan nə qədər Vətən oğlu hər qarış torpağı göz bəbəyi kimi qorumağa çalışmışdır.
Mərd cavanlar öyrənsinlər...İgid Babək iyirmi ildən çox rahatlıq bilmədən döyüşdü, ölüm qarşısında da mərdliyini itirmədi. Mərd cavanlar öyrənsinlər...Koroğlu əlçatmaz, ünyetməz dağları özünə məskən etdi. Qaçaq Nəbi düşmənə qan uddurdu.
Ömür payını ulularımızın uyuduğu torpağa zaman-zaman üzərlik eyləyən azəri türkü neçə-neçə ağır sınaqlara çəkildi. Bu dəhşətli sınaqlardan biri də alman-faşistləri ilə olan ölüm-dirim savaşı oldu. Dahi şairimiz Səməd Vurğunun:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən

-misraları neçə-neçə qəhrəmanın yolunda parlaq işığa çevrildi. İgid babalarımızın varisləri olan Mehdilər. Qafurlar, Həzilər, Gəraylar və yüzlərlə başqaları Odlar yurdunun döyüş salnaməsinə yeni-yeni səhifələr yazdılar və xoşbəxtliyimiz naminə şərəfli ölümü qəbul etdilər. Şair bu qəhrəmanlığı belə qiymətləndirdi.
Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə.
Deyirəm eşq olsun dünən və bu gün
Azadlıq uğrunda can verənlərə!

Tarix Vətən dediyimiz Azərbaycanı yeni, görünməmiş bir imtahana çəkdi. Sən demə, bu xalqın görəcəkli günləri öndə imiş. Bu xalqı daha məkrli, daha riyakar sınaq gözləyirmiş. Neçə illər qar, yağış əvəzinə od yağdı, güllə yağdı başımıza. Vətən qurbanları xalı kimi döşəndilər torpağa, qoşuldular əbədiyyətə. Torpağımızı güllər bəzəmək əvəzinə, şəhid qanı ilə suvarıldı, şəhid məzarlığı ilə qazıq-qazıq edildi. Xalqımızın ah naləsi və sızıltısından dağlar, daşlar lərzəyə gəldi. Qəlbimizə Xocalı dağı çəkildi. Ancaq hər cür əzab-əziyyətə qatlaşan, qonağa hər şeyin yaxşısını verməyə çalışan xalqın torpağını, daşını heç vaxt pay verməz. Xalqımızın bu mərdliyini sevimli şairimiz Tofiq Bayram vətənpərvərlik duyğuları ilə ifadə etmişdir.
Bütün ellər danışır mənim səxavətimdən,
Dostlara pay verəndə bahasını verərəm.
Qonağa süfrə açıb öz halal nemətimdən,
Evimin ipəyini, xarasını verərəm.
Görsəm ki, şəfa tapır ana təbiətimdən,
Dərman kimi dağların havasını verərəm.
Fəqət dağı vermərəm,
Mən canımı verərəm,
Bu torpağı vermərəm.

Vətən məhəbbəti, vətəndaşlıq hissi əsil insanı ən ağır anlarda, ən çətin dəqiqələrdə, hətta ölüm ayağında belə tərk etmir:
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

B.Vahabzadə
Canlarını Vətən yolunda qurban verən şəhidlərimiz gələcək nəsli də özləri kimi igid, məğrur, dəyanətli olmağa ruhlandırırlar. Bu gendən, qandan gələn bir hissdir.
Əslində, Vətən torpağını qorumaq, dağına, daşına qurban getmək kimi müqəddəs keyfiyyətlərin tarixi kökləri çox qədimlərə gedib çıxır. Xalqımızın bahadırlıq tarixindən xəbər verən “Dədə Qorqud” dastanlarında cürətə, mərdliyə, qəhrəmanlığa yüksək qiymət verilir. Eposun başlıca qayəsini Oğuz igidlərinin cəsurluğu, qorxmazlığı, sədaqətliliyi, vətənə məhəbbət təşkil edir.
Bayandır xan, Qazan xan, Qaragünə, Şir Şəmsəddin və digər oğuz igidləri yaxşı bilirlər ki, onların düşmənləri çoxdur. Bu düşmənlərə qarşı mübarizə apara bilən övladlar yetişdirmək lazımdır.
Oğuz igidləri düşmənlə döyüşdə hiylə işlətməzdilər. Yağı ilə üzbəüz, mərdanə döyüşür heç vaxt kürəklərindən yaralanmırdılar. Dədə Qorqud öyüdləri zaman-zaman yeni nəsildə mərdlik, igidlik, qəhrəmanlıq, mənəvi və fiziki kamillik tərbiyə etməklə, onları Vətən torpağının qədrini bilməyə, düşmənlə barışmaz olmağa çağırmışdır.
Mərd cavanlar öyrənsinlər,
Vətəni candan sevsinlər.
Keşiyində dayansınlar,

Dava-qırğın görməsinlər.
Tarix bu çağırışın heç də əfsanə olmadığım dəfələrlə sübut etmişdir. Vaxtı ilə Çex xalqının vətənpərvər oğlu Yulius Fuçik demişdi ki, müharibədə adsız qəhrəman olmayıb. Onların hər birinin fədakarlığı, adı tarixə düşmüşlərin fədakarlığından heç də az deyildir.
Bu mənada el igidlərinin qəhrəmanlığına kölgə salmamaq şərti ilə Vətənin iki cəsur övladını xatırlamaq istəyirəm. Ramil Səfərov və Mübariz İbrahimov. Təkcə bu iki nəfərdən danışmaq kifayətdir ki, bütün dünya, gələcək nəsil Azəri oğlunun öz ata-babalarının qəhrəmanlıq salnaməsinə necə imza atmağını görsün.
Mübariz İbrahimovun şüurlu surətdə düşmənlə ölüm-dirim savaşma getməsi “Dədə Qorqud” dastanındakı oğuz igidlərinin şücaətinin təkrarlanması deməkdir: “Vətənin dar günündə ürəyim dözmür…İnşallah şəhid olana kimi şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim…Vətən sağ olsun”.
Bəzi yerlərindən sitat gətirdiyimiz bu məktub “Dədə Qorqud” boylarındakı igidləri yada salır. İgid Əgrək qorxmadan “qara donlu”, “sası dinli”, “ağılsız” kafirlərin üzərinə gedir, təkbaşına vuruşur, əsir düşür.
Qardaşı Səgrək ata-ana yalvarışına və təzə evlənməsinə baxmayaraq, qardaşını qurtarmağa gedir. Mübariz isə düşmənləri “şərəfsiz” adlandırır. Və onun dostu, qardaşı Fərid Əhmədov Səgrəyin cəsurluğunu təkrar edir. Hadisələrin belə oxşarlığı bir daha sübut edir ki, “Dədə Qorqud” qəhrəmanları tarixdə yaşamış, ad-san qazanmış insanlardır. Və gendən gələn, qandan gələn qəhrəmanlıqlar, bu gün də təkrar olunur, lazım gəlsə, gələcəkdə də təkrarlanacaq.
…Ekranlardan bizə uzun boylu, şir gövdəli, şir biləkli bir gəncin qartal baxışları zillənir: müxtəlif məqamlarda. Belə bir igidin məhz azərbaycanlı olması, Azərbaycan qadınının övladı olması ürəyimi qürurlandırır. Fəqət…. Bir səhnədən başqa….Şəmistan Əlizamanlının oxuduğu “Cənab leytenant” mahnısının həzin melodiyaları ilə müşaiyət olunan Ramil Səfərovun Macarıstan məhkəməsi. Kadrlarda iki Azəri oğlu canlandırılır. Vətən bayrağının təhqirinə dözə bilməyən, şir biliklərinə qandal vurulan, lakin nitqinin hər kəlməsindən mərdanəlik, təmkinlilik, məntiqilik “yağan” Ramil və onun çıxışını qaşları çatılmış, düyünlənmiş şəkildə ürək ağrısı ilə, onun qədər mərdanə və fəxredici baxışlarla dinləyən, bu böyük ürək sahibinə hələlik kömək etməkdə aciz olan Vahid Mustafayev.
İki bədəndə bir ürək gəzdirən bu Vətən fədailərinə baxıb insan kədərlənir. Lakin bir an ürəyin qürurla döyünür. “Bu xalqın qəhrəmanlığı ölməzdir”. Hər qarışı qorxmazlıqla, mərdanəliklə yoğrulan bu torpağın igid övladları var. Torpağa isə o kəsin vətən deməyə haqqı var ki, onun uğrunda çarpışa bilsin, yeri gələndə ölməyə hazır olsun və bunu bacarsın. Sözlə ifadə edilə bilməyən bu qəhrəmanlığa eşq olsun.
Bununla belə, nisgilli bir hiss bizi daim düşündürür. Bəli, qanımızda mərdanəlik, qəhrəmanlıq duyğuları kök salıb. Zaman-zaman duyğular ildırım kimi çaxır, “mən varam”, -deyib hayqırır. Fəqət…
Bu gün həyatımızda elə problemlər ortaya çıxır ki, onlar üzərində ciddi düşünməyə ehtiyac duyulur.
…Məktəbə – birinci sinfə uşaq gətirmişdilər. Valideynlər və müəllim səliqəli və təmiz geyinmiş uşaqları qayğı ilə partalarda oturtmağa çalışırdılar. Balaca qızlar fərəhlə gülə-gülə oturur, müəllimim suallarına həvəslə cavab verir, şeir söyləyir, nağıl danışır, mahnı oxuyurdular. Bir oğlan isə məktəbin qapısından içəri girmək istəmir, ağlayaraq evə qaçmağa çalışırdı. Digər oğlanlar da küncə qısılır, sanki gizlənməyə yer axtarırdılar. Bu səhnə son vaxtlar tez-tez müşahidə etdiyim bəzi məqamları xatırlatdı mənə: siniflərə dərsə girəndə oğlanların biganəliyi, qızların daha fəal olması. Məktəb tədbirlərində oğlanlardan eşitmək istədiyimiz qəhrəmanlıq, vətənpərvərlik şeirlərini qızlarımız söyləyirlər. Ali məktəbə qəbul imtahanlarının nəticələrini əks etdirən siyahıda, həmçinin 600 bal toplayanlar arasında qızlar oğlanlardan daha çoxdur.
Əsgər gedən oğullarımızda bir biganəlik duyulur. Bütün bunlar bizi hara aparır ?
Söylədiklərimiz qızlarımızın böyük duyğularına kölgə salmaq demək deyildir. Tarixən qızlarımız, qadınlarımız öz ataları, qardaşları, ərləri, oğulları ilə birgə mərdanəlik tarixi yazmışlar. Şah İsmayılın qələbə çaldığı döyüşlərdən sonra orada olan qonaqlardan biri deyir ki, əlbəttə, belə oğullarla dağı dağ üstünə qoymaq olar. Şah İsmayıl isə: “Bu hələ mənim qız ordumdur”, -deyir. Qonaq buna inanmır. Şahın bir işarəsi ilə qızlar başlarından dəbilqələri atırlar. Qulac-qulac sallanan hörükləri görüb heyrətdən donub qalan qonağın daha sözü qalmır.
Qızları, qadınları belə mərdanə hərəkətə sövq edən, əlbəttə ki, mənəvi qida aldıqları oğulların mərdanəliyi idi. Selcan xatun Qanturayla: “Yağının bir ucu mənim, bir ucu sənin” – deyərək qoşunun yarısını qırır. Banuçiçək Beyrəklə at sürür, ox atır, güləşir, arvadı Dəli Domrula canını təmənnasız verir, Sara Xatun öz diplomatik manevrləri ilə tarixə səs salır, Nigar xanım Koroğlu ilə əlçatmaz, ünyetməz dağları özünə məskən edir, Həcər xanım qaçaq Nəbiyə arxa, silahdaş olur. Bu siyahnıı kifayət qədər uzatmaq olar. Və nəticə budur: hər qəhrəman ərin arxasında bir dəyanətli qadın durur. Əksinə olduğunu adam heç düşünmək istəmir. Yadıma yenə də “Dədə Qorqud”dan bir epizod düşdü. Düşmən sərhəddi pozanda gözətçi ismarış göndərir ki, Qazan bəy mənə yetsin. Degil, gəlməz olsan, məmləkət pozulub xarab olur, qızım, gəlinim əsir gedir.
Bəli, tarix başqa söz deyir. Qız, qadın namusunu qeyrətli oğullar qoruyar. O qadın özünü inamlı sayır ki, onun arxasında ata dəyanəti, ər qəhrəmanlığı, oğul mərdanəliyi durur. Və bu gün oğlanlarımızdakı bu biganəlik, süstlük bizi düşündürməyə bilməz. Bütün bunların səbəbinin araşdırılmasına, həyacan təbili çalınmasına ehtiyac duyulurmu?
Rəna Mirzəliyeva,
İsmaıllı şəhər 4 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz