Gəda kimdir, bəy kim?…

Qələm yoldaşlarım M.FAxundovun anadan olmasının 200 illiyi ilə bağlı «İsmayıllı xəbərləri» üçün məqalə yazmağı xahiş etdilər. 20 il bundan əvvəl yazdığım və “Naftalan” qəzetində dərc olunmuş bir məqaləni uyğun saydığım üçün, heç bir dəyişiklik etmədən, redaksiyaya təqdim etdim.
Məmməd MirzəGəda kimdir, bəy kim?...

“Naftalan” qəzetinin redaktoruna: Hörmətli redaktor, Sizə göndərdiyim bu məqalə ötən il (1991-ci ildə) “Aydınlıq” qəzetində F.Haşım adlı bir müəllifin “Gədadan bəy olmaz” adlı məqaləsi dərc olunandan dərhal sonra yazılıb. Elə onda da məqaləni məramına və redaktoruna çox hörmət etdiyim respublika qəzetlərindən birinə göndərdim. Redaktorla telefon söhbətimizdən belə məlum oldu ki, məqalədə deyilənlər çox haqlı və tutarlı cavabdır. Lakin F.Haşımla “salam-əleyki” pozmamaq xatirinə dərc edə bilməyəcək. Doğrusu, mən də köhnə “salam-əleyk”lərin pozulması tərəfdarı deyiləm. Lakin Gəda kimdir, bəy kim?...M.F.Axundov, İ.Qutqaşınlı və A.Bakıxanov kimi şəxsiyyətlərin təhqir edilmiş heysiyyətləri mənim üçün hər cür “salam-əleyk”dən yüksəkdir. Əlbəttə, Azərbaycan ədəbiyyatının korifeyləri olan bu nəhəngləri nə F.Haşımın məqaləsi alçalda bilər, nə də onların mənim tərəfimdən müdafiə olunmalarına ehtiyacları var. Sadəcə olaraq, yuxarıda adını çəkdiyim məqaləni oxuyanda, ədəbiyyatımızın ən sıravi təəssübkeşlərindən biri kimi mən də özümü təhqir olunmuş hesab etdim.
“Başqaları qızılgül və yasəmən, biz isə tikan olsaq da, bir gülzarın pərvərdəsiyik”.
A.Bakıxanov.

F.Haşımın “Aydınlıq” qəzetində (1991-ci il № 9) dərc etdirdiyi “Gədadan bəy olmaz” adlı məqaləsini mən də oxudum. Bu məqalədən Azərbaycan tarixi və ədəbiyyatına dair bir sıra yeni, necə deyərlər, “xoruz səsi eşitməmiş” məlumatları əxz etdikdən sonra xeyli feyziyab oldum. Doğrusu, müəllifin belə geniş mövzunu balaca bir məqalədə əhatə etmək bacarığına heyrət etdim. İlahi, burada nələr yoxdur! Azərbaycanın ilk maarifçi yazıçı və mütəfəkkirlərinin amansız tənqidindən tutmuş, “öz şəxsi şərəflərini hər şeydən üstün tutan” (F.Haşımın ifadəsidir) milyonçuların tərifinəcən – hər şey! Şübhəsiz, mən respublikada tanınmış məşhur qələm sahibi ilə mübahisəyə girişməyə cəsarət etməzdim. Amma bir halda ki, o, A.Bakıxanov və M.F.Axundov kimi nəhəngləri “yıxıb-sürüməyə” cəsarət edib, mən nə üçün bir-iki xırda-para iradımı söyləməyə cəsarət etməyim?
Birinci elə məqalənin adından başlayaq.
Hörmətli müəllif, məlumdur ki, Sizdən hələ xeyli əvvəl mərhum yazıçımız Əbdürrəhim bəy Haqverdiyev də bu məsələ ilə maraqlanmış və qondarma bəylərin çox dürüst təsnifatını vermişdir, O, bu cür bəyləri üç “sorta” (Haqverdiyevin öz sözüdür) bölürdü. Birinci sort qondarma bəylər: vaxtilə İran şahlarına xidmət etdiklərinə görə, bəylik, xanlıq alanların törəmələri. İikinci sort bəylər: xanlıqlar dövründə xanlara təlxəklik edən bəylərin törəmələri. Və nəhayət, üçüncü sort bəylər: çara yaltaqlıq və qulluq etdiklərinə görə bəylik rütbəsi alan təzə bəylər. Vəssalam.
İndi burdan belə sual doğur: Axı məqalədə adlarını çəkdiyiniz və “Tənqid” atəşinə tutduğunuz məşhur şəxsiyyətlərin “gəda bəylərlə nə əlaqəsi? Mirzə Fətəli binəva heç yerli-dibli bəy deyildi. Və insaf xatirinə desək, heç vaxt bu iddiada olmamışdır. O ki qaldı, A.Bakıxanov və İ.Qutqaşınlı – onlar da sizin nəzərdə tutduğunuz qondarma bəylərdən deyildilər. Birincinin ata-babası xan, ikincininki isə sultan titulu daşımışdır. Hər ikisi də sizin məqalədə çox-çox tərif etdiyiniz əsl-nəcabətli zadəganlardan idilər. Məqalənizdəki bu ziddiyyəti nə ilə izah etmək olar?
Bir xırda məsələni də yadınıza salım ki, məzkur ismayıl bəyin soyadı Sizin həqarətlə təqdim etdiyiniz “Qutqaşenli” yox, məhz “Qutqaşınlı”dır. Və həmin ərazinin adına da el arasında həmişə “Qutqaşın” deyiblər. Məsələn, heç vaxt eşitməzdiniz ki, (Qəbələ adlandırılmazdan əvvəl) kimsə desin: “Qutqaşen gedirəm”, yaxud “qutqaşenliyəm”. Deyərdilər: “Qutqaşına gedirəm”, “qutqaşınlıyam” və s.. Bilirsinizmi bu niyə belə olur? Sizin “tənqidinizə” məruz qalan M.F.Axundovun özü bu məsələni belə izah edirdi:
“təvəqqe edirəm ki, sən də mənim kimi adəmi türki dilində adam yazasan, töxmi – toxum, cifti – cüt, müqəyyədi -muğayat, övrəti –arvad, qaidəni-qayda və habelə”.
Kübar bəyləri tərənnüm etməyiniz isə, əlbəttə, necə deyərlər, alqışlara layiqdir. Şübhə etmirəm ki, yüz neçə il bundan əvvəlki kimi, bəylik titulu vermək üçün yeni bir komissiya təşkil edilsə, hələ “dördüncü sort” bəylərin zühur etməsi üçün də zəmin var.
Hayıf ki, Nadir Şah (amma o da əsilzadə deyildi ha) taxtdan salınandan sonra bu gözəl xanlarımız və bəylərimiz bir-biri ilə yola getmədilər, qırıb-çatdılar bir-birini və xalqı. Biz indi də ha çalışırıq bir suveren dövlət yarada bilmirik.
Amma onda gör nə qədər “suveren” xanlıqlar vardı Azərbaycanda! Hər birinin öz vəziri, vəkili, öz ordusu, öz dəbdəbəli sarayı və öz hərəm-xanası. Hayıf sizdən, ey şücaətli, ədalətli, mərhəmətli xanlar! Hələ bəzi ac-yalavaclar lağa da qoyurdular xalqımızın əsl bəyzadələrini:
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz bitməz olur şamu naharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

Guya bəyzadələr kasıb-kusuba zülm edirmiş. Gör nə yazır:
Çəltik də gətir, arpa da, buğda da, əkinçi,
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Yeri gəlmişkən, nə təhər olub ki, bəyzadələr mövzusunda yazanda yuxarıdakı misraların müəllifi diqqətinizdən yayınıb? Onun da dərsini vermək lazım idi. Çünki elə o da Mirzə Fətəlinin tayı idi. Yoxsa, şirvanlılar heç nədən ötrü onu gözümçıxdıya salmazdılar.
Amma o zər paqonlular haqqında yazdıqlarınız nə qəşəng səslənir! Lap elə bil, “Cəngi” çalınır:
“Müqəddəs Anna”, “Vladimir” və digər ordenlərin elə dərəcələri var idi ki, onlar heç vaxt özgə dindən olan şəxslərə verilmirdi. Ağır da olsa, İsmayıl bəy Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov və saçaqlı epoletlər taxmış digər tarixi şəxsiyyətlərimizin şəkillərinə diqqətlə baxın. Sonra yuxarıda göstərdiyim ensiklopediya və xüsusi məlumat kitablarını vərəqləyin. Onda hər şey aydın olacaq”.
Bu barədə mübahisə etmirəm. Yəqin ki, yuxarıda adlarını çəkdiyiniz o üç nəfər “dönük” dinlərini dəyişdikləri üçün ordenlərə layiq görülüblər. Nə olsun ki, onlardan ikisi (Gəda kimdir, bəy kim?...A.Bakıxanov və İ.Qutqaşınlı) sonradan hətta Məkkə ziyarətinə də gediblər və birincisi səfərdə ikən Vadiyi-Fatimədə ömrünü başa çatdırıb, elə oradaca dəfn olunub? Amma bilmirəm necə olub ki, öz dinindən dönməyən general Ə.Şıxlınski “Müqəddəs Anna ordeni”nin I-IV, “Müqəddəs Stanislav ordeni”nin I-III, “Vladimir ordeni”nin II-IV, “Georgi ordeni”nin IV dərəcəsi ilə, general Mehmandarov isə Stanislav, Vladimir və Georgi ordenlərinin bütün dərəcələri ilə təltif olunmuşlar? Bunları elə belə, məlumat üçün yazdım ki, həmin mövzuda axtarışlarınızın gələcək mərhələlərində bu rəhmətliklərin də yüksək dərəcəli ordenlərlə təltif olunma səbəblərinə işıq (yaxud kölgə) salmağı yaddan çıxarmayasınız. Nə isə.
“Adını çəkdiyiniz” (əslində isə haqqında söhbət gedən yazınızda heç bir mənbənin adını çəkməmisiniz) ensiklopediya və məlumat kitabları əlimin altında yox idi, ancaq “Azərbaycan ədəbiyyatı tarixi” kitabını açıb (Siz demişkən, “ağır da olsa”) hər iki yazıçının şəklinə baxdım (İsmayıl bəyin şəkli verilməyib). Axundovun şəkli mülki paltarda idi. Məlumdur, yəqin əyri yollarla qazandığı orden və medallarını gizlətmək istəyib xalqdan! Abbasqulu ağanın şəklinə baxanda isə, sizin ifadənizlə desək, “hər şey aydın oldu”. İlahi, belə də biabırçılıqmı olar? Onun çiynində paqon, sinəsində xaç şəkilli ordenlər vardı. Lap “mürtəd” Mirzə Kazım bəyin boynundan asdığı xaça bənzəyirdi. Xəcalətdən gözlərimi yumdum.
Bu yerdə Sizin məqalənizdən uzun bir sitat gətirmək istəyirəm. Çünki – bu “faktlar” M.F.A-xundovun “ifşa” olunması sahəsində apardığınız elmi axtarışların zirvəsidir. Yazırsınız:
“Bir məsələni açmaq vaxtı çoxdan çatıb. Tarixçilərə bəllidir ki, (bəli, bəli, tarixçilərə çox şey bəllidir, Allah onlardan bəzilərinin, xüsusən də Sizin kimi dərin məlumatlı olanların canını istidən-soyuqdan qorusun, yoxsa bu 70 illik şanlı tariximizi bizə kim öyrədərdi? – M.R.), Qafqaz canişini fövqəladə hüquqlara malik idi. Onun mütləq hakimiyyəti altında olan ərazi indiki Qafqaziyyə respublikalarının ərazisindən üçqat böyük idi. Xarici ölkələrlə diplomatik əlaqələrdə o, sərbəst və müstəqil hərəkət edirdi. M.F.Axundov isə belə bir şəxsin tərcüməçisi idi. (Nə böyük kəşf! Nə yaxşı ki, “vaxtı çatmış” bu sirri “açıb” xalqa göstərdiniz! Hərçənd ki bu “kəşfiniz” orta məktəb şagirdlərinə lap çoxdan məlumdur. Həm də tarix kitablarından yox, məhz ədəbiyyat kitablarından – M.R.). Yəni nəinki bütün Qafqazın, hətta qonşu ölkələrin taleyində həlledici rol oynayan canişinin qüdrət və hakimiyyət ziyasından ona da pay düşürdü (Satqınlığa bax! Əlbəttə, qonşu ölkələri də bədbəxt günə qoyan elə M.F.Axundov olub! -M.R.). Onun sinəsindəki ordenlər başqa müdhiş məsələlərdən xəbər verir. Elə buna görə də o, vəfat edəndə cənazəsi neçə gün yerdə qalmışdı. Bəzi başabəla filoloqlar və “şünaslar” bunu yazıq ruhanilərin adına yazmasınlar. (Bura-sını da çox sərrast demisiniz. Yoxsa hələ indiyədək də bəzi “başabəla şünaslar” Nəsiminin dərisinin soyulmasını da, Sabirin çərlədilib öldürülməsini də, yolunu azmış Cordano Brunonun tonqalda yandırılmasını da haqqını müdafiə etdiyiniz “yazıqların” üstünə atırlar – M.R.). Canişinliyin Qafqaz qərargahından və qarnizondan da gələn olmamışdı. Çünki nəinki Rusiyada, hətta Avropa ölkələrində də zümrə şərəfini üstün tutan hərbçilər üzü dönüklərə həmişə ikrahla baxıblar».
Afərin! Millət və Vətən xaininin atasını bax, belə yandırarlar! Axı “fövqəladə hüquqlara malik olan Qafqaz canişini kimi böyük vəzifə sahibinin yanında onun nə işi vardı? Nə olsun ki, erməni dramaturgiyasının banisi Sundukyan da elə onun yanında tərcüməçi işləyirdi?! Bəs müsəlmana yaraşan işdimi bu? Nə çoxdur dünyada sitaryanlar, mitaryanlar, qoy elə Mirzə Fətəlinin də yerində onlardan biri işləyəydi də orada.
Hələ bir gör Ə.Haqverdiyev nə yazırdı onun haqqında: “Epoletlər, imtiyazlar, xaç medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi”. Yox bir! Sən F.Haşımdan yaxşı tanıyırsanmış Mirzə Fətəlini?!
Yüz il bundan əvvəl Firidun bəy Köçərli adlı bir “şünas” da bu dinsizi gör necə tərifləyib: “…qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəfislərinin atası və yolgöstərəni Mirzə Fətəli Axundov olubdur. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər. Axundov öz zamanının Tolstoyu olubdur.

Vəli onun qədri bilinməyibdir”.
Adamdan soruşarlar ki, ay hörmətli Firidun bəy, sən Mirzə Fətəlini hardan tanıyırdın ki, onu belə tərifləyirsən? Bir halda ki, M.F.Axundov vəfat edəndə sənin cəmi-cümlətanı 15 yaşın olub! Gəl sən F.Haşımın “Gədadan bəy olmaz” məqaləsini oxu, öyrən gör, sənin o təriflədiyin “komediyanəfis” nə yuvanın quşu olub!
Hələ onu demirəm ki, Salman Mümtaz adlı başqa bir “şünas” isə (o Mümtaz ki, Azərbaycan ədəbiyyatından ötrü bütün var-dövlətini, üstəlik canını da qurban verib) Mirzə Fətəlini “sərmayeyi-iftixarımız” adlandırmaqda lap ağını çıxarıb.
Amma, öz aramızdır, Axundovun komediyalarını zor təhlil eləmisiniz ha! Məsələn:
“Kimin ağlına gələrdi ki, M.F.Axundovun qərəzli komediyalarından əsl ideoloji silah kimi ustalıqla istifadə edilər? Canişin sarayında “Hacı Qara” komediyası tamaşaya qoyulanda Tiflisin adlı-sanlı müsəlman kübarları məcburən oraya çağırılarmış. (Gör necə alçaldıblar e, yazıq kübarlarımızı! Sen demə, o zamankı kübar bəyləri də elə indiki partiya aktivləri kimi istənilən vaxt zorla yığa bilirlərmiş iclaslara, hələ üstəlik teatr tamaşalarına da! – M.R.). Tamaşanın ifaçıları da çox vaxt rus çinovnik və zabitləri olarmış. Komediyanı yadınıza salın. Bir tərəfdə gəda kimi təsvir edilmiş zəlil, şərəfsiz, pul xatirinə qaçaq mal alverinə girişən müsəlman bəyləri (yəni bu da Qafqazın müsəlman zadəganları), bir qəpik üçün hər şeyi hərraca qoya bilən xəsis Hacı Qara (bu da müsəlman tacir zümrəsi), digər tərəfdən isə qorxaq da olsa, qanuna qulluq edən Ohan yüzbaşı».
Bəli, Siz tamamilə doğru buyurursunuz. Mirzə Fətəlinin komediyaları, həqiqətən də, çox qərəzlidir. Elə başqa əsərləri də həmçinin. Daha bundan da böyük qərəz olarmı ki, o, əsərlərinin birində Molla İbrahimxəlil kimi müqəddəs bir zatı biabır edir ki, bəs guya misi qızıla çevirmək adı ilə camaata fırıldaq gəlir? Bir başqa əsərində yazıq dərviş babanı rüsvay edir ki, bəs guya o, Parisi dağıtmaq adı ilə arvadlardan pul qoparır. Xüsusilə “Aldanmış kəvakib”də Şah Abbas kimi “cənnətməkan” ləğəbini qazanmış əsil-nəcabətli bir hökmdarı gör nə günə qoyub?! Adama deyərlər, yazmaq yaxşıdır, elə rus padşahından yaz da, İran padşahına niyə sataşırsan? Əşşi, hansı birini deyim? Bu komediyalarda yol verdiyi qərəzçiliyin hamısını ona bağışlamaq mümkün olsa da, Sizin çox doğru olaraq qeyd etdiyiniz kimi, “Hacı Qara”da əsilzadə bəylərimizi və tacirlərimizi rüsvay edib nüfuzdan saldığı üçün onun günahından keçmək olmaz.
Adamı yandıran odur ki, hələ belə bir adamın (Mirzə Fətəlini deyirəm) Ümumdünya Sülh Şurasının qərarı ilə anadan olmasının 150 illik yubileyini də keçiriblər. Həmin təşkilatı xəbərdar etmək lazımdır ki, bir də belə işi tutmasın. Birdən YUNESKO da başlayar ki, bəs M.F.A-xundovun 180 illiyini keçirirəm. Yox, buna dözmək olmaz!
Yaxşı olarki, növbəti əsərlərinizdən birində Mirzə Cəlillə də haqq-hesabı çürüdəsiniz. O da “Ölülər”i yazmaqla müsəlman aləmini bütün dünyada rüsvay edib. İnandırıram Sizi ki, o da Mirzə Fətəli kimi Tiflisdə yaşadığı illərdə vəfat etsəydi, cənazəsi üç gün yox, bəlkə üç hətta evdə qalacaqdı. Bəs buna necə dözmək olar ki, müsəlmanların karikaturalarını cuhudlara çəkdirib “Molla Nəsrəddin”ə yapışdırırdı, qeyri millətlər də baxıb, qarınları cırılınca bizə gülürdülər?
Bir məsələ də lap təəccüblüdür ki, nə əcəb fransızlar indiyədək Volter kimi bir dinsizin “qərəzli” əsərlərini çap edirlər? Hələ bir filosof kimi tərifləyirlər də onu? Bəs Molyer? Fransızların xəsisliyini, hələ dilə gətirilməsi mümkün olmayan bəzi-bəzi işlərini də yazıb bütün aləmə faş edib, içərilərində Sizin kimi bir qeyrətli tənqidçi yoxdur ki, irəli çıxıb desin: Bəsdir bu oyunbazın əsərlərini səhnəyə qoyduğunuz! Bütün dünya fransızlara gülür.
Ruslar da həmçinin. Qoqol və Şedrin kimi “cızmaqaraçılar” rus əsilzadələrini öz “qərəzli” əsərlərində biabır ediblər, amma yenə də onlara bir cavab verən tapılmır. İnşallah, Sizin məqalənizi oxuduqdan sonra ayılarlar və onlar da öz incidilib təhqir edilmiş əsilzadələrinə qahmar çıxarlar.
Amma bir məsələ də var ki, ona da aydınlıq gətirməyə ehtiyac duyulur. Hökumət adamları, əlbəttə, Sizin dediyiniz kimi, öz şərəflərini qorumaq xatirinə gəlmədilər Mirzə Fətəlinin dəfninə. Qalan camaat da məlumdur nə üçün. Bəs onun oğul-uşağı nə səbəbə yığışıb öz atalarını dəfn etmədilər və üç gün cənazə evin küncündə qalası oldu? Yoxsa bu binəva öz uşaqlarına da dönük çıxmışdı? Bir halda ki, o zamankı ləng işləyən nəqliyyat vasitələri ilə Tiflisdən Brüsselə – orada təhsil alan oğluna yağından tutmuş, süzmə qatığacan, hər şey göndərirdi. (“Çox şey məlum olan” Sizin kimi tarixçilərə, yəqin ki, bu faktlar da məlumdur). Bax, bu qaranlıq nöqtəni də açıqlamaq lazım idi. Yoxsa bir para ağzıgöyçək “şünaslar” yazırlar ki, cənazənin üç gün evdə qalmasına səbəb Şeyxülislam Molla Əhməd Mirzənin bəyanatından sonra heç bir din xadiminin Mirzə Fətəlinin namazını qılmağa razılıq verməməsi olub; yaxın adamları isə onun müsəlman qayda-qanunları ilə dəfn olunmasını istəyirdilər. Nəhayət, Molla Hüseyn adlı birisi onun namazını qıldıqdan sonra cənazəni torpağa tapşırdılar. (Yəqin ki, bu da elə Şeyxülislamın razılığı ilə olub. Yoxsa, özbaşına belə bir işi tutmağa Molla Hüseyn cəsarət etməzdi). Belə çıxır ki, bütün günahlarına baxmayaraq, hər halda, cənazə namazı da qılınıb onun üstündə.
Ancaq məqalənizin bəzi yerlərində elə eyhamlar, işarələr edirsiniz ki, oxucu çaş-baş qalır. Məsələn:
“Sinəsindəki ordenlər müdhiş məsələlərdən xəbər verirdi” və s..
Daha, öz aramızdır, bu yazınızda qaradan başqa bir rəng olmadığı üçün, bizə elə gəlir ki, eyhama, işarəyə də ehtiyac yox idi. Yaxşı olardı ki, o “müdhiş məsələləri” də aydınca yazaydınız ki, oxucular şübhədən çıxaydılar.
Həmkarlarımızdan biri, həmin məqaləni oxuduqdan sonra çox qəribə bir təşbeh işlətdi. O dedi: “Məqalənin müəllifi İ.Qutqaşınlının, A.Bakıxanovun və M.F.Axundovun üstündən qələm çəkməklə mədəniyyətimizi və ictimai fikir tariximizi “kastrirovat” eləmək istəyir”. Siz necə baxırsız bu bənzətməyə?
Mən bilmirəm ədəbiyyatı və mədəniyyəti “kastrirovat” eləmək necə olur, amma yazı ilə tanış olduqdan sonra oxucuda belə bir fikir yaranır ki, məqaləni yazmaqda Sizin əsas iki məqsədiniz olub: Birincisi, M.F.Axundovu “ifşa etmək” (bilmək olmur nə üçün), ikinci də, “bəy” müraciət formasına qarşı çıxmaq (aydındır nə üçün). Mirzə Fətəli barədə yuxarıda danışdıq. Nəticə budur ki, Sizin M.F.Axundovun və onun müasirlərinin ünvanına söylədiyiniz ittihamlar qətiyyən şübhə doğurmamalıdır. Yoxsa ömrü boyu axundovşünaslıqla məşğul olub bu mövzuda cild-cild kitablar yazmış və həmin kitablardan əldə etdiyi gəlirlə nəinki özünün, bəlkə özündən sonrakıların da firavan həyatını təmin etmiş “şünaslardan” bircəciyi bu məqaləyə öz münasibətini bildirərdi.
“Bəy” müraciət formasına görə isə əsəbiləşməyinizə dəyməz. “Bəy” sözünün Şumerdə mövcud olması fikrini də çox qəribliyə salmayın. Od yanmasa, tüstü çıxmaz – deyib atalar. Bir də ki, “bəy” sözünün Şumerdə olub-olmaması o qədər də vacib deyil, bir halda ki, oğuzların öz tarixi Şumer tarixindən o qədər də uzaqda deyil. Dədəm Qorqud demişkən: “Saydıqca Oğuz bəyləri tükənsə olmaz Ünüm ünlən, sözüm dinlən, bəylər!.. Hey, bəy yigit!.. Bəy yigit, düyünə gedirəm Hanı ol öydüyüm bəy ərənlər».
Yəqin, “tarixçilər” etiraz etməzlər ki, yuxarıdakı deyimlər Haqverdiyevin sortlaşdırlığı bəylərdən çox-çox əvvəl mövcud olmuş və bu qədim abidədəki “bəy” sözü də əksər hallarda məhz müraciət forması kimi işlənmişdir. Bu gün Azərbaycanda təzə ailə quran cütlərdən birinin “bəy” adlandırılması da, yəqin ki, öz başlanğıcını bu kökdən götürüb.
Yuxarıdakı söhbətdən belə məlum olur ki, indi əgər soydaşlarımızdan biri digərinə “bəy” deyə müraciət edirsə, burada təəccüb doğuracaq bir şey yoxdur. Qadınlara “xanım” deyə müraciət olunması az qala hamı tərəfindən qəbul olunmuş normaya çevrilib. Belə olduqda, bunun bir qarşılıqlı müraciət forması vardır ki, bu da “bəy”dir. Mister və ya missis filankəs, madam və ya müsyö filankəs işləndiyi kimi, filan xanım söündən sonra filan bəy sözü işlənsə. dünya dağılmaz.
Məsələn, farslar hər gədə-güdəyə “ağayi filankəs” deməklə, məgər həmin adam gədalıqdan çıxıb ağaya çevrilir? Əsla!
“Naftalan”
1992-ci il №8-9.

Şərh Yaz