İstedadların üzə çıxarılmasına xidmət edən tədbir

20 noyabr Beynəlxalq Uşaq Hüquqları Konvensiyası günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Yarat” Müasir İncəsənət Məkanı uşaqlar arasında “BacarArt” Layihəsini həyata keçirmişdir.
6 noyabrdan etibarən başlayan Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyac duyan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılması idi. Layihədə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 8 rayondan 24 uşaq iştirak etmişdir.“BacarArt” Layihəsi çərçivəsində “Yarat” Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara ustad dərsləri verilmişdir. İsmayıllı, Qəbələ və Zaqatala rayonlarından layihəyə cəlb olunmuş uşaqlara ustad dərsləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 12-14-də rayonumuzda – Heydər Əliyev Mərkəzində olmuşdur.
İstedadların üzə çıxarılmasına xidmət edən tədbir
Noyabrın 20-də ”Kempinski otel Badamdar”da baş tutan və rayonumuzdan 3 məktəbli rəssamın da qatıldığı yekun tədbirdə uşaqların əl işindən ibarət sərgi-hərrac təşkil olunmuşdur. Tədbirdə layihənin iştirakçisi olan uşaqlarla yanaşı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, “YARAT” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova, Tahir Salahov, Fərhad Bədəlbəyli, Ömər Eldarov kimi çoxlu sayda elm, incəsənət və dövlət xadimləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova qonaqları salamladıqdan sonra ölkəmizin BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulduğu müddət ərzində bu sahədəki irəliləyişlərdən, uşaqlarımızın rifahı naminə görülən işlərdən, “Yarat” Müasir İncəsənət Məkanı ilə birgə keçirilən layihənin əhəmiyyətindən danışaraq, vətəndaş cəmiyyətini uşaq hüquqlarının müdafiəsində daha fəal olmağa səsləyib.İstedadların üzə çıxarılmasına xidmət edən tədbir
Hərracdan əldə olunan gəlir istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf ediləcəkdir.
Rayonumuzu bu tədbirdə şəhər 1, 5 və 6 saylı tam orta məktəblərin şagirdləri – Ülkər Piralızadə, Bayram Mirzəlizadə və Sevinc Əliağalı uğurla təmsil etmişlər. Onların sərgiyə təqdim olunmuş əl işləri çoxlu tamaşaçı toplamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Yarat” Müasir İncəsənət Məkanı hər 3 məktəblimizin çəkdiyi rəsmləri yüksək dəyərləndirmiş və mükafata layiq görmüşlər. Bayram Mirzəlizadə 400, Ülkər Piralızadə və Sevinc Əliağalı isə hər biri 200 manat məbləğində pulla mükafatlandırılmışlar.
Gənc rəssamlarımızı təbrik edir və onlara yeni yaradıcılıq uğurları arzulayırıq.
Ruziyyə Çələbiyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz