Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi

Ümumtəhsil məktəblərində pedaqoji prosesin keyfiyyətinin əsas göstəricisi olan şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi müəllimin və məktəbin məsuliyyətini artırır. Çünki, məktəb və müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyi, hər şeydən əvvəl, şagirdlərin təlim nəticələri ilə ölçülür.Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi
Şagirdlərin biliklərinin sistemliliyi, möhkəmliyi, dərinliyi, dəqiqliyi, tamlığı, davamlılığı, çevikliyi, praktik istifadəsi və inkişafı əsas parametr kimi götürülür. Uşaqlarda öz təlim nəticələrini tənqidi qiymətləndirmək, ona nəzarət etmək, səhvləri üzrə çıxarıb onları aradan qaldırmaq yollarını tapma bacarığını inkişaf etdirir. Şagirdlərin biliyinin qiymətləndirilməsində, müəllim uşaqların psixoloji xüsusiyyətlərini nəzərə almalıdır. Qiymətləndirmədən əvvəl öyrənilən materialın xarakteri, həcmi, uşaqların ümumi inkişaf səviyyəsi təyin olunmalıdır. Şagirdin təlim marağının artmasında pedaqoji qiymətin obyektivliyi böyük əhəmiyyət daşıyır. Şagird fəaliyyətinin nəticəsi müəyyən olunmalı, müəllimin şagirdə şəxsi münasibəti qiymətdə öz əksini tapmamalıdır.
Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsinin düzgün, ədalətli təşkil olunması uşaqlarda uğursuzluq qorxusunu aradan qaldırır. Təlaş səviyyəsini aşağı salır. Düzgün məqsəd qurmanı formalaşdırır. Şagirdləri müstəqilliyə, fəallığa və özünənəzarətə istiqamətləndirir. Təhsilin qarşısında duran əsas vəzifə müstəqil düşünməyi, sərbəst fikir söyləməyi bilən, daim dəyişən şəraitə uyğunlaşmağı bacaran, dövlətçilik və vətəndaşlıq mövqeyinə malik olan, həyati bacaraqlara yiyələnmiş şəxsiyyət formalaşdırmaqdır. Buna yeni təlim metodlarının tətbiqi nəticəsində nail olmaq mümkündür. Bu məqsədlə də rayon və məktəb səviyyəli öyrədici seminarlardan geniş istifadə edilir. Yaxın günlərdə İsmayıllı rayonun Sumağallı kənd tam orta məktəbində “Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi“ mövzusunda seminar keçirildi.
Esmira Qəribovanın dərs dediyi hazırlıq “a” sinfində riyaziyyatdan, Vəfa Əhmədovanın hazırlıq “b” sinfində “Ətraf aləmlə tanışlıq”dan, Natəvan Fətəliyevanın I sinfində “Oxu”dan, Vüsal Xəlilovun II sinfində “Həyat bilgisi”ndən, Rəfail Aslanovun III sinfində riyaziyyatdan, Sürahi Səmədovanın IV sinfində Azərbaycan dili fənləri üzrə açıq dərsləri oldu. Bu müəllimlər qruplararası qiymətləndirmədən istifadə etdilər. Bir qrupun digər qrup haqqında fikir söyləməsi, onların işini təhlil etməsi, nöqsanları tapıb göstərməsi və nəticə çıxararaq qiymətləndirməsi şagirdlərdə qrup işinə marağı artırır. Hər bir qrupun seçdiyi nümayəndəyə meyar cədvəli paylanır. Hər nümayəndə meyar cədvəli əsasında həm özünü, həm də qrupun digər üzvlərini rəqəmlərlə qiymətləndirir. Şagirdlərdə “özünüqiymətləndirmə“ bacarığını formalaşdırır. Yuxarıda adları çəkilmiş müəllimlər summativ qiymətləndirmə üsulundan istifadə edirlər. Onlar bu qiymətləndirməni hər dərsin deyil, hər fəslin və ya bölmənin sonunda aparırlar. Hər bir şagirdə adı və soyadı yazılan qiymətləndirmə vərəqi paylanır. Qiymətləndirmə vərəqində fəslin adı, fəslə aid mövzulara dair şagird bacarıqları və səviyyələri yazılır. Qiymətləndirmə vərəqi “+” işarəsindən istifadə edilməklə doldurulur. Yeni qiymətləndirmə şagirdlərdə daha çox maraq oyadır.
Qiymət şagirdi həm həvəsləndirə, çətinliklərlə mübarizə aparmağa yönəldə bilər. Həm də kədərləndirə, təlimdə geri qalanların siyahısına yaza, aşağı özünüqiymətləndirməni dərinləşdirə, böyüklər və öz yaşıdları ilə münasibəti poza bilər. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı bu vacib funksiyanın yerinə yetirilməsi o deməkdir ki, müəllimin emosional reaksiyası şagirdinki ilə uyğun gəlməlidir. Onunla birlikdə sevinməli və kədərlənməli və ona uğura yönəltməli, bu göstəricinin yaxşılaşa biləcəyinə əmin olduğunu hiss etdirməlidir. Şagirdin müəllimin verdiyi qiyməti sakit qəbul etməsini, onunla birlikdə çatışmazlıqları təhlil edib aradan qaldırılması yollarını tapa bilməsini təmin edir.
Sumağallı kənd tam orta məktəbində təşkil olunmuş açıq dərslərdə rayonun ayrı-ayrı məktəblərindən ibtidai sinif müəllimlərilə yanaşı direktorlar və metodbirləşmə rəhbərləri də iştirak etdilər.
İbtidai sinif şagirdləri azyaşlı olduqları üçün müəllimlərdən onlara qarşı xüsusi diqqət və qayğı tələb olunur. Bunlar nəzərə alınaraq hər şagirdə xüsusi qovluq hazırlanır. “Portfelio “ adlanan bu qovluğa şagird haqqında toplanan məlumatlar, işlədiyi iş vərəqləri, aylıq təqvim, anket sorğuları, nailiyyətlər kartı və müxtəlif oyunlar zamanı rənglənmiş və ya işlənmiş xüsusi blanklar yığılır. Vaxtaşırı olaraq şagird bu qovluqda olan işlərinin bəzilərini təzələyir, yenidən işləyir. “Portfelio“ sunu səliqəli saxlamağa çalışır. “Portfelio“ ilə işləmək şagirdlərə bir neçə baxımdan xeyirlidir:
a) Tənəffüs zamanı şagirdlərin məşğuliyyəti olur; b) müxtəlif quruluşlu blankları doldurmağı öyrənir; c) səliqəli olmağa alışır; ç) öz işini qiymətləndirə bilir; d) özünün xüsusi sənədlər toplusu olur və bu qovluq yalnız onun özünə məxsus olur.
Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsiBu seminarda “Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi“ məqaləsi geniş müzakirə olundu. Sumağallı kənd tam orta məktəbin direktoru Mahmud Şirinov qeyd etdi ki, məktəbin işinin səmərəliliyi, onun qarşısında qoyulan vəzifələrin necə həyata keçirilməsi məktəb direktorunun iş keyfiyyətlərindən asılıdır. Direktor gün ərzində məktəbin idarəolunması ilə əlaqədar çoxlu qərarlar qəbul edir. Bunlar həm şagirdlərin təlim fəaliyyəti, həm məktəbin pedaqoji kollektivi, maddi-texniki təchizatı, həm də valideyn-məktəb əlaqələri ilə bağlı qərarlardır. Əlbəttə, məktəbi idarə etmək hökm etmək demək deyildir. Doğrudur, qəti və təxirəsalınmaz tədbirlər görülməsi tələb olunan şəraitdə inzibati-amirlikdən qaçmaq olmur. Ən yaxşısı, demokratik və kollegial idarəçilik formasından istifadə etməkdir. Məktəbin idarəolunması ilə bağlı qərarların qəbulunda və onların icrasında məktəb təşkilatları və bütün müəllimlərin iştirakı təmin edilməlidir. Belə idarəetmə sistemini qurmaq direktordan yüksək təşkilatçılıq bacarığı tələb edir. Bu günün direktoru təhsil meneceridir, həm də müəllimdir. Əlbəttə, direktor yaxşı müəllim olsa da, onun dərs demək imkanları çox məhduddur. Buna baxmayaraq, dərs deməyə də vaxt tapmaq lazımdır. Çünki, bu, həm də şagirdlər və müəllimlərlə ünsiyyətə kömək edir. Müəllimlik peşəsinin incəliklərini bilmədən direktor kollektivdəki müəllimlərin işi, onların ixtisas səviyyəsi barədə məktəbdə normal təlim mühitinin yaradılması ilə bağlı düzgün qərarlar qəbul edə bilməz. Mən daim şagirdlərlə, müəllimlərlə, valideynlərlə, digər əməkdaşlarla əlaqə saxlayıram. Buna görə direktor pedaqogikanı, psixologiyanı və metodikanı gözəl bilməlidir.
Ulu öndərimizin adı ilə bağlı olan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı“ həyata keçməkdədir. 2008-2009-cu dərs ilindən sonra məktəbə gələn uşaqlarımız yeni dərsliklərlə oxuyur. Müəllimlər dərslərini yeni təlim strategiyaları ilə aparır. Şagirdlərin təlim nailiyyətləri yeni qiymətləndirmə sistemi ilə qiymətləndirilir.
Seminarda “Məktəbdaxili qiymətləndirmənin aparılması” mövzusunda RTŞ-nın metodisti kimi bu sətirlərin müəllifi məruzə etdi.
“Azərbaycan dili dərslərində KSQ və BSQ-lərinin aparılması” təcrübəsindən ibtidai sinif müəllimləri Vüsal Xəlilovun “Müasir qiymətləndirimədə müəllim-şagird münasibətləri” mövzusunda ibtidai sinif müəllimi Rəfael Aslanovun məruzəsi dinlənildi. Məruzələr ətrafında geniş fikir mübadiləsi keçirildi.
İkinci sinif müəllimi Vüsal Xəlilov qeyd etdi ki, azsaylı xalqların uşqalarının bir qismi müəyyən hərfləri düzgün tələffüz edə bilmir. Şagirdlərdə nitq mədəniyyətinin formalaşmasında ana dilinin bir fənn kimi əhəmiyyəti böyükdür. Onu da qeyd etmək lazımdır ki, ana dilinin məqsədi olan nitq mədəniyyətinin formalaşdırılması digər fənlər üçün də əsasdır. Çünki, bütün dərslərdə şagird danışır, fikrini ifadə edir, münasibət bildirir. Odur ki, bu bünövrə düzgün qoyularsa bütün uşaqlarımız səlis, aydın nitqə, mədəni davranışa malik olmalıdır. Bu bacarıqlar ana dili fənni kurikulumda “Dinləyib-anlamaq və danışmaq” və “Həyat bilgisi” fənni kurikulumunun “Mənəviyyat” məzmun xətlərinə dair standartlarda öz əksini tapmışdır. Müasir dərs axtarış (tədqiqat) deməkdir. Fəal dərsin mərhələri ilə yanaşı, fəal təlimin metod və üsulları da (debat, diskussiya, müzakirə, rollu oyunlar və s.) şagirdlərdə şəxsiyyət üçün lazım olan keyfiyyətlərin mədəni davranış, ünsiyyət bacarıqlarını formalaşmasına imkan yaradır. Bütün bu fənlərin tədrisində bacarıqları inkişaf etdirməyə çalışıram. Dərs zamanı istiqamətləndirici sual və təkliflər verməklə şagirdlərə fikirlərimi ifadə etməklə kömək edirəm. Şagirdləri subyekt kimi qəbul edir, demokratikliyi qoruyur, problemli situasiya yaradaraq onları düşünməyə sövq edirəm. Şagird-müəllim münasibətlərini davam etdirir və bununla da şəxsiyyətlərinin hərtərəfli inkişafını və bir şəxsiyyət kimi formalaşmalarını təmin etməyə çalışıram.
Seminarlarda iştirak edən RTŞ-nın metodisti Nəriman Qəniyev vurğuladı ki, müasir dövrdə biz müəllimlərin qarşısında duran əsas vəzifə XXI əsr Azərbaycanı üçün hərtərəfli bilik, bacarıq və keyfiyyətlərə malik olan, bunları həyatda tətbiq etməyi bacaran insanlar yetişdirməkdir. Bu gün parta arxasında əyləşən şagird müstəqil fikir və düşüncələrə malik olan bir insan kimi formalaşmalıdır. Müstəqilliyə aparan yol ibtidai sinifdən başlayır. İbtidai sinif orta təhsilin çox böyük əhəmiyyətə malik olan bir mərhələsidir. 6-7 yaşlı uşaqlarda təfəkkür inkişaf edərək tədricən məntiqi təfəkkürə çevrilir. Bu dövrdə uşağın məntiqi çevik olur və mürəkkəbləşməyə başlayır. İbtidai siniflərdə formalaşmağa başlayan bilik, bacarıq və vərdişlər yuxarı siniflərə keçdikcə möhkəmlənməyə başlayır. Orta təhsil çoxmərtəbəli binadırsa, ibtidai siniflər onun özülüdür. Özül nə qədər möhkəm qoyulmuş olarsa, onun üzərində ucaldılmış bina da o qədər davamlı olar. Müəllimlər təlim prosesində qarşılaşdıqları problemlərlə bağlı məlumatları hər zaman əldə etməli, öyrənməlidirlər.
Bu işdə onlara uğurlar arzulayırıq.
Ayna Bağıyeva,
RTŞ-nın metodisti

Şərh Yaz