“Dağ çiçəkləri”

Nazir Ziya (Talıstanlı)

Yadıma düşüb

Cavanlığım, bir də sən,
Gülüm, yadıma düşüb.
Əllərində isinən
Əlim yadıma düşüb.Nazir Ziya (Talıstanlı)

Yadıma düşüb

Cavanlığım, bir də sən,
Gülüm, yadıma düşüb.
Əllərində isinən
Əlim yadıma düşüb.

Tələbə – kənd uşağı,
Ürəyi göy qurşağı.
Fağır, başıaşağı,
Halım yadıma düşüb.

Pencəklə qışı keçən,
Papaqsız başı keçən.
Beləcə, yaşı keçən
İlim yadıma düşüb.

Sən aranlı, mən dağlı,
Arada sevgi nağlı.
Qaldı qapısı bağlı –
Zülüm yadıma düşüb.

Könlümə söz toxudum,
Əziyyətlə oxudum.
Ehtiyacdan qoxudum,
Külüm yadıma düşüb.

Sonda hörmət, deputat,
Adlı təqaüdüm – ad.
Bir az gülmüşdü həyat,
Yolum yadıma düşüb.

Eh, yanına gəlmədim,
Yuxuna da girmədim.
Bəlkə bir də görmədim –
Ölüm yadıma düşüb.

Cəbrayıl Hüseyn

Girəcək qolumuza

Rüşvət bizi yıxacaq,
Üstümüzə çıxacaq.
Dünya bizə baxacaq,
Güləcək halımıza.

Ayaq dönüb baş olub,
Gözlərimiz yaş olub.
Əməlimiz daş olub,
Düşəcək yolumuza.

Allah da bizdən dönüb,
Mələklər göydən enib.
Qara libas geyinib,
Girəcək qolumuza.

Bu dünya köç eləyir

Bu dünya köç eləyir,
Gözüm düşüb köçünə.
Qopub yarpaqlar düşür,
Ürəyimin içinə.

Tüstüləyir ocağım,
Tüstümə qısılmışam,
Elə bil ki ömrümün,
Tükündən asılmışam.

Hər tərəf buz kimidir,
Üşüdüm, çıxım, gedim.
Özümü öz oduma,
İsidim, çıxım, gedim.

Bu torpağın aranı,
Yaylağı mərə-mərə.
Aparın, atın məni,
Ya Araza, ya Kürə.

Xalıq Yusifoğlu

Fatma oxuyanda

Vallah, doğrasalar xəbərim olmaz,
Dinib-danışmağa hünərim olmaz.
Mənim tək divanə, sərsəri olmaz,
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Bir sevgi həsrəti içimdən keçər,
Doğrayar köksümü, dağıdar, biçər.
Qərib xatirələr canımdan köçər,
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Durnalar səmada qanad saxlayar,
Bulaqlar dil reyər, coşub-çağlayar.
Billah, bu səs məni elə dağlayar
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Dərdini oxudu, duyan olmadı,
Kimsəyə bu sevgi bəyan olmadı.
Tək qaldı, bir kimsə həyan olmadı,
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Özümdən qaçaram, uzaqlaşaram,
Dərdimlə barışıb qucaqlaşaram.
Olub ötənləri soraqlaşaram,
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Bu səs tilisimə salar insanı,
Ruhuna fırlanıb dolar insanı.
Alar öz çənginə, alar insanı
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Lal olub qalaram, nəfəsim olmaz,
Bir kəlmə deməyə həvəsim olmaz.
Nə qədər dinləsəm, heç bəsim olmaz,
Fatma oxuyanda “Kəsmə şikəstə”,
Fatma oxuyanda “Kəsmə şikəstə”.

Xatın

Qalıb

(Çox olan çox istəyər – atalar sözü)
Malı, mülkü, dövləti,
Sərvəti olan adam,
Quş südü, can dərmanı,
Badəsi dolan adam-
Camımda gözü qalıb.

Dünyanı qucaqlayıb,
Qızıldan teşti, tası.
Hasarlayıb, bağlayıb,
Neçə yerdə villası –
Damımda gözü qalıb.

Ceyran, cüyür ətindən
Kabablayır, şişləyir.
Hər dünya nemətindən,
Hər tamından dişləyir –
Tamımda gözü qalıb.

Göyərtdi hər diləyin,
Nəyi çatmır ağanın,
Bir yol gülsə ürəyim –
Bu qırnəfis qağanın
Kamımda gözü qalıb.

Onunçün yaşıl işıq,
Ulduzdan gəlir səsi.
Ətrafında yaraşıq,
Çıraqbandı dövrəsi –
Şamımda gözü qalıb.

Söz yazdım, söz oxudum,
Könüllərdə bitməyə.
Dərd açdım, köz toxudum
Dərdimi əritməyə –
Qəmimdə gözü qalıb.

Hacıməmməd Məmmədov

Kiçilmək, böyümək

Udduğu havadan at zəhərlənir,
Kimsə eşşəyinə yəhər qoyanda.
Canıma od düşür, başım hərlənir,
Xırdalar özünü böyük sayanda.

Xırdalıq günahdır xırdalanançün,
Çoxları bu yolda dönüb qurbana,
Bazarda növbə var ucuz mal üçün,
Ucuz baxan yoxdur ucuz satana.

Xırdalıq edənin dərdi dağdı, dağ,
Kiçilib yaşamaq kişilik deyil.
Ağlı dayazlar da gəzdirir papaq,
Böyüyür, ad günü keçirir hər il.

Xırda cığırları udur böyük yol,
Xırda fikirlər var, böyüyə bilməz.
Boyuyla seçilir ağac, pöhrə, kol,
Boylar var ölçülməz, ölçüyə gəlməz.

Böyümək könlümdən keçməyib bir an,
Kiçilmək dözülməz dərd olub mənə.
Düz sözü, haqq sğzü soruş uşaqdan,
Mərdlik, düzlük nədir, o deyər sənə.

Laçın Nəcəfoğlu

Dağların

Arandan düzlərdən aralı dağdır,
Yarğanlı, uçqunlu, yaralı dağdır.
Sinəsi boz qaya, zirvəsi qardır,
Daim bəlalıdır başı dağların.

Çaylar qidalanır çeşmələrindən,
Selləri oynadır daşı yerindən.
Heç vaxt düşməyibdir şair dilindən,
Kəsəyi, torpağı, daşı dağların.

Səmada qıy vuran qartallarına,
Yamacı çeşməli yaylaqlarına,
Min misra yazılıb hər dağ adına
Bilinmir neçədir yaşı dağların.

Bizlərdən yaxındır mavi səmaya,
Gülləri dərd üçün dönür dəvaya.
Bütün gözəlliyi alıb araya,
Gözəldir gözləri, qaşı dağların.

Günəş dağda yatır, dağda oyanır,
Dağlar ay doğanda nura boyanır.
Yaranan günündən məğrur dayanır,
Gözəldir baharı qışı dağların.

Yaşıl yaylağında quzular mələr,
Bu yeri bir görən, bir daha gələr.
Uca zirvəsində nələr var, nələr-
Qıy vurur qartalı, quşu dağların.

Dərin dərəsindən duman, çən keçər,
Təbiətin əyninə burda don biçər.
Dağın zirvəsinə Laçın and içər –
Çünki müqqəddəsdir başı dağların.

Sönüb sənsiz kül oldum

Atdın məni, arzum qaldı yarımçıq,
Ürəyimdə eşq atəşi yox artıq.
Bir olanda, günəşdən od alırdıq,
Od-alovum sönüb, sənsiz kül oldu.

Kaş olaydın sən yanımda ömürlük,
Parlayaydı barmağında bəxt – üzük.
Anlaşmadan aralandıq, üzüldük,
Ayrı salan bir fitnəkar dil oldu.

Niyə düşdü bu ayrılıq bəxtimə,
Qəlbimizi parçaladı, yıxdı nə?
Eşq dünyamı mən itirdim bir günə,
Səbəbkar aylar ilə, il oldu.

Hüseyn Həsrət

Mələyim mənim

Alın yazısını bir məktub kimi,
Tanrı möhürləyib mənə göndərib.
“Xatirə” adlanan ömür qönçəsin,
Xoş günlər bitirib, şad günlər dərib.

Yenə cilalandı sözün aynası,
Bir sevgi parlayır xəyallarımda.
Ömür sularına tor atmışam ki,
Sevdadan qopmasın damarlarımda.

Üzü mənə sarı gələn bu baxtın,
De, söylə zülfünü kim darayıbdı?
Həsrətəm ünvanıma gələn məktubu.
Mələyim, biləcəm kim yollayıbdı.

Tamam Nur (Tağlabiyanlı)

Nə qədərdi

Bilmirəm neçəncidir yaşadığım bu həyat,
Dirilməyim nə qədər, ölməyim nə qədərdi?
Getməyim bu dünyadan, qayıtmağım dünyaya,
Təzədən doğulmağım, gəlməyim nə qədərdi?

Parlayıb Günəş kimi, çox batmışam Ay kimi,
Lilləşib sellər kimi, durulmuşam çay kimi.
Ürəyimi, könlümü göndərmişəm pay kimi,
Ömrümü hissə-hissə bölməyim nə qədərdi?

Olmayıb hal-əhvalım, gül-çiçəyim solanda,
Yad əllər qamarlayıb, naşı əllər yolanda.
Qarşılayıb dərd-qəmi, çıxıb yola salanda,
Üzünə acı-acı gülməyim nə qədərdi?

Agah olub bir anda, qəfil, gözlənilmədən,
Arxasınca, dalınca düşüb izlənilmədən,
Gümanlara son qoyub, ümidləri üzmədən,
İtənlərin yerini bilməyim nə qədərdi?

Yeriyib dərd üstümə, şığıyıb qalaq-qalaq,
Həyat mənə başa-baş olub imtahan, sınaq.
Bənzətməklə kitaba, sanmaqla dəftər-varaq,
Həyatımdan dərd-qəmi silməyim nə qədərdi?

Gülxar Cəbiqızı

Arzumun ahəngi

Arzum ağ bulud kimi, uçuraydı kaş məni,
Verəydi uca Tanrı ürəyimdən keçəni.
Görəydim hansı yurdun mənə ehtiyacı var,
Biləydim hansı gülün ürəyində acı var.
Yağaydım narın-narın, töküləydim yerə mən,
Dönəydim torpaq üstə inciyə mən, zərə mən.
Yuyub təmizləyəydim daşların da dərdini,
Tanıdaydım insanın namərdini, mərdini.
Kimsəsizin hayına, köməyinə çataydım,
Sevincimi, sevgimi kədərinə qataydım.
Namərdlərin əlindən qurtaraydım dünyanı,
Vətəninə, yurduna qaytaraydım insanı.
Ürəyimin yanğısı bəlkə bir az sönəydi…
Yenə buluda dönüb mən göylərə dönəydim.
Ya bir gün bulud deyil, mən günəşə dönsəydim,
İşığa, nura dönüb yer üzünə ensəydim –
Dünyanın hər dərdinə döyünərdi ürəyim,
İnsanlara səadət olardı hər diləyim.
Körpələr doğulardı mənim hərarətimlə,
Göylər aşiq olardı mənim məhəbbətimlə.
Düşünməyin könlümdən keçir zülmət həvəsi,
Yox, insanlıq istərəm, nə qədər var nəfəsim.
Bir kimsə insanlıqdan qoy uzağa düşməsin,
İnsanlığın qiymətin heç nəyə dəyişməsin.
Qəlblərə sevinc yayan sözüm yaşatsın məni,
Hamıya Tanrı versin ürəyindən keçəni.

Pərvinə Fətəliyeva

Həyatla dostluq

Dostuma söylədim öləcəyimi,
Dedi: ola bilər havalanmısan.
Mən ona danışdım gələcəyimi,
Bunu bacararmı havalı insan?

Gecəni yatmadım, axdı göz yaşım,
Qaranlıq gecəni əritdi günəş.
Ölümlə hələlik bitdi savaşım,
Sönmədi ürəkdə yanan o atəş.

Təzə boylanıram bəxtəvərliyə,
Qəm-kədər qapımı döyür nə adla?
Ölümü özümdən gen salım deyə,
Dostluq etməliyəm bəxtlə, həyatla.

Şərh Yaz