Həmyerlimi təbrik edirəm

30 ildən artıq onunla eyni şəhərdə – Sumqayıtda yaşasaq da onu 7 il əvvəl tanıdım. Sən demə, o da İsmayıllıdan imiş. Tanışlıqdan sonra ünsiyyətimiz davam etdi və həmyerli kimi, tez-tez görüşdük.
Məndən yaşca böyük olan həmyerlim İldırım Dəmirlinin jurnalist, şair olmasını da elə o vaxtdan bildim. Günlərin birində yenə görüşdük, portfelini açıb ordan bir kitab çıxartdı və mənə təqdim etdi.
Həmyerlimi təbrik edirəm
“Sevəndən bəri” adlanan həmin kitab elə o vaxtdan ailəmizin stolüstü kitabıdır. Sonrakı görüşlərimiz bizi bir qədər də yaxınlaşdırdı. Daha doğrusu, qaynım Şahməmməd Dağlaroğlu ilə onun münasibətləri, “İsmayıllı xəbərləri” qəzeti üzərində bərabər işləmələri sanki məni də bu fəaliyyətdə iştirakçı etdi.
Bir il sərasər İldırım müəllim qəzetdə baş redaktorun müavini oldu. Onun böyük təcrübəsi qəzetçiliyə yenicə başlamış şair Ş.Dağlaroğlunun əlindən tutdu. Qaynım bunu dəfələrlə etiraf edib. İki şairin, iki qəzetçinin birgə işindən mən də az şey öyrənməmişəm.
İldırım müəllimdə ən çox xoşladığım xüsusiyyətlərdən biri onun həddindən artıq təmizkar və diqqətcil olmasıdır. O, dostluqda da çoxlarına nümunə ola bilər. Bu yaxınlarda söhbətindən tutdum ki, dekabrın 31-də onun 70 yaşı tamam olacaq. Düzü, inanmaq istəmədim. Mən ona heç 60 yaş verməzdim. Maşallah olsun, yaşına görə çox gümrahdır.
İsmayıllıda doğulub, boya-başa çatmış, Xəzərin sahilində yaşayıb-yaratmış, öz həyat kitabının mənalı səhifələrini yazmış İldırım müəllimi 70 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona mənalı ata, baba ömrünü hələ uzun illər davam etdirməyi arzulayıram.
Qələmimdən çıxan bir bənd şeirlə onu şairanə şəkildə bir daha təbrik edirəm :
Bu Nail də sənə olubdur sirdaş,
Həmdəmsiz yaşamaq çətindi, qardaş,
Səni təbrik edir bütün yar-yoldaş,
Çox yox, 100-ü yaşa barı, müəllim!
Nail Əhmədov,
Sumqayıt şəhəri

Şərh Yaz