20 ilin uğurları

20 ilin uğurlarıNoyabr ayının 8-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon fəallarının iştirakı ilə Gənclər Mərkəzinin iclas zalında dünənin, bu günün və gələcəyin partiyası kimi xarakterizə edilən, yaradılmasının 20 illiyi yubiley kimi qeyd olunan YAP-ın təntənəli yığıncağı keçirilmişdir.
Tədbir öncəsi RİH başçısı Nizami Ələkbərov, icra aparatının məsul işçiləri, millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova ulu öndər Heydər Əliyevin abidəsi önünə tər qızılgül dəstələri düzmüş, partiya yaradıcısının xatirəsini dərin ehtiramla yad etmişlər.
Yığıncağı giriş sözü ilə YAP rayon təşkilatının sədri Ə.Vahabova açmış, mərasimdə iştirak edən qonaqları – millət vəkilləri Novruzəli Aslanovu, Ərəstun Cavadovu, YAP-ın 20 illiyi ilə bağlı Təşkilat Komitəsinin üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərovu salamlamışdır.
Natiq partiyanın keçdiyi inkişaf yolunu tarixi faktlarla diqqətə çatdırmış və qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin dühasından yaranan, milli taleyimizin yaşanmasında həlledici rol oynayan Yeni Azərbaycan Partiyasının ölkənin siyasi səhnəsinə gəlişindən 20 il keçir. Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizə yüksəliş, millətimizə ucalıq, xalqımıza firavan yaşamaq haqqı qazandırmışdır. Ötən bu müddət, uğurla keçilən bu 20 illik yol sübut etdi ki, xalq düzgün seçim etmişdir.
1993-cü ilin mart ayında həyata vəsiqə alan YAP İsmayıllı rayon təşkilatı respublikada çoxsaylı üzvləri və çoxşaxəli fəaliyyəti ilə fərqlənir. Rayonda yeganə siyasi qüvvə kimi tanınan YAP rayon təşkilatı bütövlükdə yaşayış məntəqələrini əhatə etməklə İcra Hakimiyyətinin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Siyasi, ideoloji və təbliğatı işdə, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində təşkilatımızın fəaliyyəti xüsusilə diqqəti cəlb edir.
20 ilin uğurlarıYeni Azərbaycan Partiyası 20 ildir ki, ölkəmizin siyasi həyatında aparıcı qüvvə və sınanmış təşkilat kimi iştirak edir.
Ə.Vahabova bütün partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə ürəkdən təbrik etdi və hər bir partiya üzvünə Heydər Əliyev yolunun davamçıları olaraq möhkəm can sağlığı, respublikanın daha da tərəqqisi naminə uğurlar arzulamışdır.
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş toplantı açıq elan edildikdən sonra Dövlət himni səslənmişdir.
Yığıncaqda Ə.Vahabovanın Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı məruzəsi dinlənilmişdir. Məruzə ətrafında çıxışlarda söz alan rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov demişdir:
-Bu gün bura Yeni Azərbaycan Partiyasının 20 illik yubileyini qeyd etməyə toplaşmışıq. Bu, hamımız üçün böyük iftixar, sevinc və fərəh mənbəyidir. Ona görə ki, Yeni Azərbaycan Partiyası zaman nöqteyi-nəzərindən çox qısa bir vaxtda uğurlu, şanlı yol keçmiş, respublikada ən böyük, aparıcı partiyalardan birinə çevrilmişdir. Partiya 90-cı illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətlə bağlı zərurətdən yaranmışdır. Qurucusu, yaradıcısı və təşkilatçısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından şərəflə çıxmış, qüdrətlənmiş, böyük siyasi qüvvəyə çevrilmişdir.
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin inkişafında, onun demokratik yolla irəliləməsində, ölkəmizin iqtisadi və siyasi qüdrətinin artmasında əsaslı rol oynamışdır. Partiya yarandığı gündən Vətənə, millətə, müstəqil Azərbaycan Respublikasına xidmət etməkdədir.
Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət əsasında Azərbaycan sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlamaqda davam edir.
Azərbaycan Respublikasının Prezidenti, partiyamızın lideri cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlar, sərəncam və göstərişlər, Dövlət Proqramları ölkəmizin digər regionları kimi İsmayıllıda da uğurla icra edilir.
Biz gələcəyə böyük inamla gedirik. Seçdiyimiz, inandığımız yol isə Heydər Əliyev yoludur. Müstəqil Azərbaycanı, xalqımızı xoşbəxt sabahlara aparan bu yolda hamınıza, Yeni Azərbaycan Partiyasına, onun mütəşəkkil dəstələrindən olan İsmayıllı rayon təşkilatına bir daha uğurlar arzulayıram, Yeni Azərbaycan Partiyasının üzvlərinə bayramınız mübarək olsun deyirəm!
Yığıncaqda millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov, İsmayıllı rayon partiya veteranları adından Məhərrəm Əhmədov, rayonun gəncləri adından YAP rayon təşkilatı gənclər birliyinin sədri Taleh Salehov, Qadınlar Şurası adından rayon İcra Hakimiyyəti başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış etmiş, partiyanın keçdiyi şərəfli, tarixi yoldan danışmışlar.
20 ilin uğurlarıPartiyaya qəbul olunmuş bir qrup gəncə – Mürsəlov Tərlan Gülağa oğluna, Yusifova Səadət Abdulhəmid qızına, Rəhimbəyli Rəşad Nizami oğluna, Şıxməmmədova Firuzə Soltanmurad qızına, Məmmədova Turac Sadıq qızına və Salmanzadə Yaşar Faiq oğluna partiya vəsiqələri təqdim olunmuşdur.
Sonda YAP rayon təşkilatının sədri Ə.Vahabova tədbir iştirakçılarını bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə ürəkdən təbrik etmiş, ölkəmizin və rayonumuzun inkişafında hər bir partiya üzvünə yeni-yeni uğurlar arzulamışdır.
Ş.Soltanov

Şərh Yaz