Yaddas kitabcasi

Dünənin, bu günün, gələcəyin partiyası

Dünənin, bu günün, gələcəyin partiyasıTəşkilatçısı və qurucusu Heydər Əliyev olan, Azərbaycanın xilası və nicatı üçün siyasi, ideoloji zəminə çevrilən Yeni Azərbaycan Partiyasının təsis konfransından bizi 20 illik bir zaman ayırır. 20 ilin zirvəsindən boylanıb 90-cı illərə nəzər yetirdikdə yəqin edirik ki, həmin dövr üçün Yeni Azərbaycan Partiyasının yaranması labüd və zərurət idi. Belə bir missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət, bənzərsiz lider həyata keçirə bilərdi.
Azərbaycanda olan ictimai-siyasi vəziyyət, xalqın qabaqcıl ziyalılarının müraciətləri əsas götürülərək ölkəmizin taleyini düşünən insanlar partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri, dünya siyasətçisi Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər. 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ölkəmizin, xalqımızın həyatında mühüm hadisəyə çevrilən partiyanın təməl daşları qoyuldu.
Yeni Azərbaycan Partiyasının yaradılmasından 20 illik bir vaxt keçir. Zaman baxımından elə də çox olmayan bu tarixi dövr ərzində partiya şərəfli yol keçmiş, Azərbaycan Respublikasının siyasi həyatında avanqard dəstəyə, aparıcı qüvvəyə çevrilmişdir. Hazırda Respublikada Yeni Azərbaycan Partiyasının yarım milyondan çox üzvü vardır.
Ötən 20 il partiyamızın, eləcə də Respublikamızın ictimai-siyasi həyatında yaddaqalan, unudulmaz hadisələrlə müşayiət olunmuşdur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq zamanın sınaqlarından şərəflə çıxmış, xalqın istək və arzularının ifadəçisinə çevrilmişdir. Partiyanın nüfuzunun, boy sırasının gündən-günə artmasının əsas səbəbi odur ki, bu partiyanın yaradıcısı, rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın gücü ondadır ki, bu siyasi birliyə ümummilli liderimizdən sonra Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycanı lider dövlətə çevirmək uğrunda yorulmaz fəaliyyət göstərən prezident İlham Əliyev rəhbərlik edir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə əsaslı islahatlar, genişmiqyaslı fundamental layihələr, uğurlu daxili və xarici siyasət həyata keçirilir. Dövlət quruculuğu, sosial-iqtisadi həyatın əsas istiqamətləri gündən-günə möhkəmlənir. Regionlar inkişaf etdikcə yerlərdə iqtisadi fəallıq, siyasi düşüncə durmadan artır. Əbədi müstəqilliyimizin təminatı üçün yaradılmış iqtisadi və sosial dayaqlar daha da möhkəmləndirilir. Ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında şərəfli inkişaf dövrünü yaşayır.
İlham Əliyev bu tarixi, şərəfli, çətin yolun sükançısı olaraq Azərbaycanı xoşbəxt gələcəyə qovuşdurmağa səy göstərir. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün səmərəli addımlar atılır, demokratiya, söz və mətbuat azadlığı kimi fundamental dəyərlər cəmiyyətimizə daha dərindən nüfuz edir.
Dövlətimizin xarici siyasətinin ana xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi, milli və iqtisadi təhlükəsizliyin təmin edilməsi, qonşu ölkələrlə faydalı əməkdaşlığın dərinləşməsi təşkil edir.
Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafı, əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi, güclü sosial siyasətin həyata keçirilməsi inkişafımızın təkzibolunmaz göstəriciləridir.
Yeni Azərbaycan Partiyasının üzvləri haqlı olaraq fəxr edirlər ki, ölkəmizin yüksəliş və inkişafında, uğurlu iqtisadi və siyasi layihələrin həyata keçirilməsində onların da fəal iştirakı, xalqla, dövlət başçısı ilə sıx birliyi vardır.
Vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyası qələbələrin qazanılmasında, nailiyyətlərin əldə olunmasında, müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində yeganə iqtidar partiyası olduğunu səmərəli fəaliyyəti ilə bir daha sübut edir.
Yeni Azərbaycan Partiyası iqtisadi-siyasi proseslərdə iştirak etdikcə öz sıralarını kəmiyyət və keyfiyyətcə təkmilləşdirir, təşkilati baxımından möhkəmləndirir, ideoloji cəhətdən cilalayır.
İlham Əliyev partiyanın nüfuzunun artmasında, cəmiyyət içərisində onun rolunun yüksəlməsində müstəsna rol oynamış, bunun nəticəsi olaraq III qurultayda Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. 26 mart 2005-ci il tarixdən bu günə kimi İlham Əliyev bu missiyanı şərəflə yerinə yetirir, Dövlət rəhbəri və partiya sədri kimi ölkə qarşısında duran problemlərin həllinə, Azərbaycanın tərəqqi və inkişafına öz layiqli töhfələrini verir.
20 illik tarixi yola nəzər saldıqda bir daha aydın olur ki, Heydər Əliyev yolu alternativsizdir, milli taleyimizin məsuliyyətini daşımaqda bənzərsizdir. Heydər Əliyev dühasının gücünə və qüdrətinə bələd olan Azərbaycan xalqı dərk edir ki, onun siyasi kursundan kənarda ölkənin problemləri özünün müsbət həllini tapmaq imkanından məhrumdur.
Yeni Azərbaycan Partiyasının siyasi fəallığı, proseslərə daha ayıq yanaşma tərzi keçirilən seçkilərdə, referendumlarda, dövlət əhəmiyyətli siyasi-ictimai tədbirlərdə özünü daha aydın büruzə verir. Fəxrlə deyə bilərik ki, Partiyamız Milli Məclisdə 71 nəfər millət vəkili ilə təmsil olunur. Yerli özünüidarə orqanlarına seçilənlərin 65 faizi partiyamızın üzvüdür.
Yeni Azərbaycan Partiyasının mübariz və siyasi cəhətdən mətin dəstələrindən biri də İsmayıllı rayon təşkilatıdır. Təşkilatımız 1993-cü ilin mart ayında həyata vəsiqə almışdır. Yarandığı və fəaliyyətdə olduğu illər ərzində təşkilatımız böyük inkişaf yolu keçmiş, öz sıralarını Heydər Əliyev siyasətinə sədaqətli, mübariz üzvlər hesabına genişləndirmişdir. 86 ərazi ilk partiya təşkilatını birləşdirən bu siyasi birliyi indi 7108 nəfər təmsil edir. YAP üzvlərinin 40 faizə qədərini gənclər və qadınlar təşkil edir. Təşkilatın üzvləri, Heydər Əliyev siyasətinin etibarlı davamçıları bütün ictimai-siyasi kompaniyalarda, dövlət əhəmiyyətli tədbirlərdə fərqlənir, bütün sahələrdə geniş fəaliyyət göstərir, yeniləşmə və inkişafda fəal iştirak edirlər. Nəticə etibarı ilə sosial həyatımızın yeniləşmə prosesi daha geniş miqyas alır, çoxsaylı nailiyyətlər, uğurlar əldə olunur, bütövlükdə bölgəmiz tikilir, qurulur, vətəndaşlarımızın sosial həyatı yaxşılaşır.
Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyəti dövründə rayonumuzun ictimai-siyasi həyatında bir sıra əlamətdar, unudulmaz hadisələr baş vermiş, mübaliğəsiz deyərdim ki, ismayıllılar üçün unudulmaz tarixə çevrilmişdir. Bunlar sırasında ən əlamətdar hadisə Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyevin 19 avqust 2005-ci il və 29 oktyabr 2009-cu il tarixlərdə İsmayıllıya səfərləridir. Cənab Prezident rayonumuza səfərləri zamanı geniş ictimaiyyətlə görüşmüş, həyata keçirilən tikinti-abadlıq, quruculuq işləri ilə yaxından tanış olmuşdur. Sonuncu səfəri zamanı Prezident rayonumuzun həyatındakı inkişaf və tərəqqidən məmnunluğunu ifadə etmiş, rayonda turizmin inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırmışdır. Hazırda bu sahəsinin inkişafı üzrə rayonda əsaslı işlər görülür, perspektiv layihələr hazırlanır.
Yeni Azərbaycan Partiyası üzvlərinin böyük əksəriyyət təşkil etdiyi təhsil, səhiyyə, mədəniyyət sahəsindəki uğurlarımız ildən-ilə artır.
Müqayisə və təhlillər göstərir ki, nailiyyətlərin əldə edilməsində Yeni Azərbaycan Partiyasının üzvləri fədakarlıq və işgüzarlıq nümunələri göstərir, dövlətə, dövlətçiliyə, Prezidentə sədaqətlərini əməli fəaliyyətləri ilə sübuta yetirirlər. Belə uğurlardan birinə təkcə təhsil sahəsində qazanılanları misal gətirmək olar.
Son illərdə təhsilin göstəriciləri, ali məktəblərə qəbul ilbəil yüksəlir, hər il orta məktəb məzunlarının 40 faizə yaxını tələbə adını qazanır. Respublika prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi”, “Ən yaxşı müəllim” müsabiqələrində son beş ildə 16 məktəbimiz və 12 nəfər müəllimimiz qalib adına layiq görülüb. Sadaladığım nailiyyətlər həm təhsil işçilərinin zəhməti, həm də rayon rəhbərliyinin gənc nəslin bilik səviyyəsinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Bu şərəfə hər il təhsil bayramının, bu il isə “İsmayıllı günü”nün keçirilməsi və bu tədbirin mərkəzində təhsil uğurlarının qiymətləndirilməsi buna əyani sübutdur.
Bu inkişafın, yeniləşmənin, tərəqqinin əsasında Heydər Əliyev ideyaları durur. Keçirilən tədbirlər, bütün sahələrdə qazanılan uğurlar möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü siyasətə əsaslanır. Qarşımızda həmişə işıqlı, nurlu zəka sahibini görür, onun tövsiyələri əsasında hərəkət edirik. Yeniləşən, tikilən, qurulan İsmayıllıda da bütün qüvvələr yüksəlişə, sürətli inkişafa, insanların firavan həyatının təmin olunmasına yönəlmişdir.
Bu yolda isə əsas qüvvə, mübariz dəstə, öncül vətəndaş Yeni Azərbaycan Partiyasının üzvləridir.
Partiyamızın ideoloji və siyasi baxımdan inkişafında gənclərin özünəməxsus yer tutması, sıralarımızda onların sayının artması YAP-ın inkişafına etibarlı təminat yaradır. Bugünkü gənclik Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirir və bu yolun ən layiqli davamçılarıdır. Onlar Azərbaycan Respublikasının Prezidenti, partiya sədri İlham Əliyevin ətrafında daha sıx birləşməklə elm, təhsil, mədəniyyət, azad sahibkarlıq, idman və s. sahələrdə uğurlu nəticələr əldə edirlər. YAP Rayon Təşkilatının Gənclər birliyi rayonun ictimai-siyasi həyatında özünəməxsus yer tutur. YAP Qadınlar Şurası rayon təşkilatı bütün siyasi kompaniyaların fəal iştirakçısıdır.
Seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə hesab olunur. Bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının fəallığı, proseslərə ayıq münasibəti danılmazdır. Seçkilərin azad, şəffaf, ədalətli keçirilməsində həmişə YAP üzvlərinin xüsusi əməyi olmuşdur.
2013-cü ilin oktyabrında keçiriləcək növbəti Prezident seçkiləri də xalqımızın həyatında ən məsul dövrlərdən biri olacaqdır. Yeni Azərbaycan Partiyası artıq öz layiqli namizədi, bu partiyanın lideri, prezident İlham Əliyevlə seçkilərə qatılacaq və əminliklə deyə bilərik ki, bu siyasi mübarizədə də qalib gələcəkdir.
Yeni Azərbaycan Partiyası növbəti Prezident seçkilərində də yekdilliyini, siyasi mübarizə əzmini, demokratik tələblərə həssaslıqla yanaşma tərzini nümayiş etdirəcəkdir. Çünki bu partiya xalqa, onun real düşüncə sahibi olan təbəqəsinə tam arxayındır. Xalq kimə səs verəcəyini özü yaxşı bilir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan bütün dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən bir ölkə kimi tanıda bilmişdir. Ölkə daxilində hökm sürən sabitlik, inkişaf, xoşniyyətli siyasət, qanunun aliliyinin bərqərar olması, insan hüquqlarının qorunması sahəsində nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti İlham Əliyevin əvəzsiz xidmətləri vardır.
Müstəqil Azərbaycan Respublikası dinamik, sürətli inkişaf yolundadır. Partiyamızın sədri, İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim uğurlarımız, nailiyyətlərimiz hələ çox olacaq. Ən böyük uğurumuz o vaxt olacaq ki, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaqdır. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş o tarixi günün arzusu ilə yaşayır. Sözsüz ki, həmin gün uzaqda deyil. Qələbəmizin qazanılmasında Yeni Azərbaycan Partiyası, onun gənc üzvləri öndə olacaq, qələbə bayrağını qaldıracaqlar.
Qarşımızda duran ən ali, ən müqəddəs vəzifə Heydər Əliyev ideyalarını, onun ad və şərəfini layiqincə qorumaqdan, bu uğurlu siyasətin davamçısı İlham Əliyevə, doğma Azərbaycana sədaqətlə xidmət etməkdən ibarətdir. Bu yolla irəliləmək, xalqa, millətə, dövlətə layiqincə xidmət etmək hər bir YAP üzvünün şərəf işidir.
Xalqımızın taleyində misilsiz əhəmiyyət kəsb edən tarixi hadisə – Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, ölkəmizin inkişafı naminə hər birinizə uğurlar, Azərbaycanın bundan sonrakı xoşbəxt günlərini yaşamaq üçün sağlam ömür arzulayıram!
Ümummilli liderimizin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
– Yaşasın Heydər Əliyev dühasından yaranan Yeni Azərbaycan Partiyası!
– Yaşasın müstəqil, suveren, demokratik, azad Azərbaycan Respublikası!
– Əbədiyaşar Heydər Əliyev yolunun davamçısı, partiyamızın lideri İlham Əliyevə eşq olsun!
Əzizə Vahabova,
YAP İsmayıllı rayon təşkilatının sədri

Şərh Yaz