Hər yerdə sizinlə, birgəyik

Hər yerdə sizinlə, birgəyikMilli taleyimizdə xilaskar kimi, tarixi xidmətləri olan, xalqımıza nicat gətirən ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı partiyanın üzvü olmaq şərəfini məsuliyyətlə yaşayıram. Fəxr edirəm ki, mən də rayonumuzda gedən sosial-iqtisadi, siyasi proseslərdə iştirak edirəm. İnkişafı sürətlənən, həyatı zənginləşən, sakinlərinin rifahı yüksələn İsmayıllıda gənclərə, gəncliyə qayğını gördükdə bir daha sevinirəm ki, mən 2678 nəfər gənclə birgə YAP rayon təşkilatının üzvüyəm.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2009-cu ilin oktyabr ayında Olimpiya-İdman Kompleksinin açılışını etdi. Ora indi gənclərin ən qaynar məşğələ yeridir. Həmin gün Heydər Əliyev Mərkəzi açıldı. Burada əsl yaradıcılıq mühiti hökm sürür. Bilavasitə rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə hər il gənclərin, yeniyetmələrin nailiyyət və uğurlarına həsr olunmuş “Təhsil bayramı” keçirilir. İvanovka kənd və şəhər bir saylı tam orta məktəbləri üçün süni örtüklü futbol meydançası tikilmişdir. Bu günlərdə Cüdo Mərkəzinin təməli qoyulmuşdur. Bütün bunlar onun nəticəsidir ki, ümummilli lider Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir.
Rayonda dövlət siyasətinin bütün istiqamətlərinə sədaqət göstərilir. Ölkəmizin, rayonumuzun bu gününə sevinən gənc YAP üzvləri sabahı üçün daha əzmlə çalışmağı özlərinə borc bilirlər. 20 illiyin bu səviyyədə bayram edilməsi isə biz gənclərdə qarşıdakı siyasi, ideoloji, iqtisadi və sosial vəzifələrin həlli üçün daxili bir səfərbərlik yaradır.
Bu səfərbərlikdə YAP rayon təşkilatı gənclər birliyi ön sıralarda durur. Keçirilən tədbirlərin iştirakçılarının çox hissəsini bir qayda olaraq gənclər təşkil edir. Kütləvi idman tədbirlərində gənc YAP-çılar fəallıq nümayiş etdirirlər. Gənclər birliyi öz üzvlərində sosial şəbəkələrdə işləmək, internet vasitəsilə təbliğat işini aparmaq, intellektual səviyyəni yüksəltmək bacarığını yaratmaq üçün seminarlar keçirir. Üzvlərimiz YAP mərkəzi qərargahının müxtəlif bölgələrdə təşkil etdiyi qış və yay məktəblərinə cəlb olunur. 2013-cü ildə bizim siyasi fəallığımız daha yüksək olacaqdır. Çünki biz xalqımızın arzu və istəklərini siyasi fəaliyyətində əks etdirən, Azərbaycanı beynəlxalq miqyasda aparıcı bir dövlət kimi tanıdan İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti seçəcəyik. 2013-cü il sınağından da şərəflə çıxacağıq.
Sizi Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə YAP rayon təşkilatı gənclər birliyinin bütün üzvləri adından təbrik edirəm. Əminliklə bildirirəm ki, biz gənclər həmişə, hər işdə, hər yerdə sizinlə birgəyik.
Taleh Salehov,
YAP rayon təşkilatı gənclər birliyinin sədri

Şərh Yaz