Yaddas kitabcasi

“El həsrəti”

“Dağ çiçəkləri” ədəbi məclisinin üzvü Nailə Hacıbala qızı Bayramovanın (Nailə Yırğançaylı) ilk şeirlər kitabı işıq üzü görmüşdür. Müəllif kitaba müxtəlif illərdə qələmə aldığı şeirlərini daxil etmişdir. Vətən məhəbbəti, yurd həsrəti, xalqa bağlılıq, əməksevərlik, halallıq, gözəlliyə vurğunluq və saf sevgi kitabdakı şeirlərin leytmotivini təşkil edir.
Nailənin şeir dili çox rəvan və şirindir. Elə bu səbəbdən də yazdıqları oxucu ürəyinə tez yol tapır. Şeirlərin birnəfəsə oxunması, bir səs kimi, bulaq şırıltısını xatırladan “Payız” şeiri bu fikrə gözəl misaldır:
Gəldi payızın səsi,
Küləklərin əsməsi.
Sevindirdi hər kəsi,
Payızın toy-busatı.
Nailənin şeirlərindən sözlə tablo yaradan bir çox nümunələr misal gətirmək olar. Onun şeirlərində aşıq yaradıcılığı üslubu özünü çox qabarıq büruzə verir. Bu da onun Borçalı mahalında dünyaya gəlməsindən irəli gəlir. Onun şeirlərində boya-başa çatdığı yerlərin, bulaq və dağların adları tez-tez çəkilir. Bu da Nailənin qəlbinin bir parçasının hələ də o yerlərdə qaldığına sübutdur. Təbii haldır, insan uşaqlıq xatirələrindən heç cür ayrıla bilmir, yaş üstə yaş gəldikcə tez-tez o illəri göz önünə gətirir. Nailə də bu nostaljidən qaça bilməmişdir. “El həsrəti” şeirindəki yer adları – “Gödəkdərə”, “Qayalı bulaq”, “Mehralının çeşməsi”, “Haçaqaya” və sair dediyimizə misal ola bilər.
Nailənin şeirlərini oxuyan hər kəs öz zövqünə uyğun, ürəyinə yatan misralar tapa biləcək. Biz də öz növbəmizdə, Nailə xanımın oxucularını yeni-yeni şeir nümunələri ilə sevindirəcəyinə ümid edirik. Uğurlar olsun!
“İsmayıllı xəbərləri”

Şərh Yaz