Xeyirxah insanlar coxdur

Hörmətli redaksiya, bu ilin yayında nəvələrim Fərid və Lida yay tətillərini keçirmək məqsədilə Tatarıstanın Buqulma şəhərinə getmişdilər. Bir neçə gün burada qaldıqdan sonra 14 yaşlı Fəridin qarın nahiyyəsindən ağrıları başladı. Buqulma şəhər xəstəxanasına çatdırıldıqda əməliyyat edilməsi zəruriyyəti ortaya çıxdı. Əməliyyata başlananda həkimlər onda dəhşətli bir xəstəlik aşkar etdilər. Həkimlər uşağın valideynlərinə izah edirlər ki, onun yaşamaq şansı azdır.
Xeyirxah insanların yaxından köməyi ilə Fəridi Kazan Şəhər Diaqnostika Mərkəzinin onkologiya şöbəsinə yerləşdirdilər. Uşaq təzədən əməliyyat edilməli idi. Xəstə çox ağır vəziyyətə düşmüşdü. Başqa ölkənin vətəndaşı olduğuna görə onun müalicəsinə milyonlarla rubl pul lazım olduğunu söylədilər. Dünya xeyirxah insanlardan xali deyil. Belə insanlar bizim də köməyimizə çatdı, bizə əl uzatdılar. Bizə bu işdə maddi və mənəvi köməyi dəyən insanlara ailəmiz adından minnətdarlığımızı bildiririk. Kimdir, bu xeyirxah insanlar? İlk öncə Tatarıstanın Səhiyyə Nazirliyinə təşəkkürümü bildirirəm. Bundan əlavə, Onkologiya şöbəsinin müdiri Rafael Zakarov, həkim Liya Rafaelovna Karimova, tibb bacıları Marqarita, Elvira və Arzu xanım bizə doğmaları kimi yanaşıb, hər cür köməklik göstərdilər.
Bir faktı da xüsusilə qeyd etmək istəyirəm. Kazan şəhərində “Odlar yurdu” adlı qəzet nəşr edilir. Azərbaycan dilində çıxan bu qəzetin redaktoru, əslən Masallıdan olan Vasif Allahverdiyevin bizə göstərdiyi xeyirxahlığı heç zaman unuda bilmərik, çox sağ olsun. Onun təşkilatçılığı olmasaydı biz çox çətinlik çəkərdik.
Orada daha bir gözəl insanla da rastlaşdıq. Rayonumuzun Diyallı kəndindən olan və yaxşı cərrah kimi tanınan Toğrul İsgəndərlinin köməyini xüsusi qeyd etmək istərdim. Belə oğul tərbiyə edib böyütdüklərinə görə onun valideynlərinə minnətdarlığımı bildirirəm və çox sağ olsunlar deyirəm.
Kazan və Buqulma şəhərlərində xeyli azərbaycanlı yaşayır və işləyir. Onların da bizə maddi və mənəvi köməyi çox dəyib. Onların hər birinə minnətdaram.
Rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi də bizi köməksiz qoymadı, sağ olsunlar, Allah həmişə onların köməyinə çatsın (Fəridin anası bu təşkilatda çalışır) .
Bütün xeyirxah insanların köməyi ilə nəvəm Fərid müəyyən qədər müalicə aldı. Buna baxmayaraq, onun yenə müalicəyə ehtiyacı var.
Ərziman Baxışov,
İsmayıllı şəhər sakini

Şərh Yaz