İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramı

İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramıNoyabr ayının 1-də İsmayıllı rayon Peşə Tədris Mərkəzinin binasında “Kənd təsərrüfatı işçiləri günü”nə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənov açmışdır. O, bu bayram tədbirinin İsmayıllıda artıq 5-ci dəfə keçirildiyini bildirmiş, son bir ildə rayonun təsərrüfat uğurlarından danışmışdır. Natiq qeyd etmişdir ki, kənd təsərrüfatı işçilərinin işi çətin, lakin çətin olduğu qədər də şərəflidir. Müqəddəs nemət olan çörək də daxil olmaqla süfrələrimizin bəzəyi olan bütün nemətlər kənd təsərrüfatında çalışanların əməyinin bəhrəsi, zəhmətinin nəticəsidir.
Çıxışının sonunda o, təsərrüfatın müxtəlif sahələrində çalışanları əlamətdar gün münasibətilə təbrik etmişdir.
Çıxış üçün söz alan RİH başçısı Nizami Ələkbərov demişdir:
-Ölkə həyatının bütün istiqamətlərində yorulmazlıqla çalışan insanların xüsusi günləri bayram edilir, hər kəsin əməyinə qiymət verilir, hər bir insan dövlətimiz tərəfindən öz dəyərini alır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş “Kənd təsərrüfatı işçiləri günü” bir daha göstərir ki, aqrar sahənin işçiləri hər zaman hörmətə layiq görülür, onların fədakar əməkləri respublikamıza maddi nemətlər bolluğu və şərəf gətirir.
İcazə verin Sizi “Kənd təsərrüfatı işçiləri günü” münasibəti ilə təbrik edim, hər birinizə möhkəm can sağlığı, firavan həyat arzulayım. Azərbaycan süfrəsinə gətirdiyiniz bərəkət bundan sonra daha bol olsun.
Xalqımız həyat səviyyəsinin daha yüksək olması arzularına, daha zəngin həyata qovuşmaq məqsədinə tez bir zamanda çatacaqdır. Çünki, ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə başlanan və müvəffəqiyyətlə başa çatdırılan torpaq islahatı buna zəmin yaratmışdır. Kəndli torpağının, əmlakının sahibidir. Nəyi əkmək, necə əkmək barədəki inzibati təzyiqlərdən xilas olmuşdur. O, əməyinə görə kiminsə yox, dövlətin, öz ailəsinin qarşısında məsuliyyət daşıyır. Dövlət kənd təsərrüfatı işçilərinə ancaq köməklik göstərir, kompensasiya verir. Aqroservislər, aqrolizinqlər yaratmaqla, güzəştli qiymətlərlə gübrələr verməkdə yardımçı olur, elmi nailiyyətlərinin təbliği üçün şərait yaradır.İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikada iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlərin yerinə yetirildiyini bildirmiş, artıq Ağcabədi və Beyləqan rayonlarında hər birinin sahəsi 5 min hektara yaxın olan 2 böyük təsərrüfatın yaradıldığını və həmin təsərrüfatlarda istehsal edilən taxılın məhsuldarlığının azı 40-50 sentner olacağını qeyd etmiş və belə fermer təsərrüfatlarının yaradılması prosesinin sürətlə davam etdiriləcəyini vurğulamışdır.
Möhtərəm Prezidentin iri fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar verdiyi tapşırığa rayonumuzda da əməl olunur. Belə ki, Kürdmaşı kəndində iri fermer təsərrüfatının yaradılması istiqamətində ciddi işlər davam etdirilir.
Üzümçülüyün daha müasir texnologiya əsasında yenidən bərpa olunması, heyvandarlıqda əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, rayonumuzda kənd təsərrüfatı sahəsi ardıcıl inkişaf edir, nailiyyətlər təsadüfi xarakter daşımır, işdə artıq düşünülmüş sistem yaradılmışdır. Aqrolizinq xətti ilə rayon Aqroservis filialı üçün gübrə və texnika talvarlarından, təmir emalatxanasından, ofisdən ibarət müasir bir kompleksin tikintisi, yeni əkin və biçin texnikalarının alınması, Aqroservisin tam işlək vəziyyətə gətirilməsi müvəffəqiyyətləri qat-qat artırır, kənd təsərrüfatı istehsalını müasir əsaslar üzərində inkişaf etdirir. Daha məhsuldar, cins malların rayona gətirilməsi, süni mayalamanın tətbiqi heyvandarlıq sahəsində köklü dəyişikliklər yaradır.
İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramıBir sözlə, dövlətin aqrar siyasəti rayonda uğurla həyata keçirilir. Mən bir daha Sizi, bu uğurlarda daha çox payı olan kənd təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, aqrar sektorun inkişafında Sizə yeni-yeni nailiyyətlər arzulayıram.
Tədbirdə daha sonra Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Nadir Qədirov, N.Nikitin adına kolxozun sədri Qriqoriy Minnikov çıxış etmişlər. Çalışdıqları əmək sahəsində fərqləndiklərinə görə 7 nəfər kənd təsərrüfatı işçisinə RİH başçısı Fəxri fərman və pul mükafatı təqdim etmişdir.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir nahar süfrəsi ətrafında, “Niyal” xalq çalğı alətləri ansamblının və İvanovka kənd “Slavyanka” kollektivinin ifasında biri-birindən gözəl musiqi nömrələri ilə davam etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz