Elektron xidmətlərin təqdimatı

Elektron xidmətlərin təqdimatıİqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə oktyabr ayının 23-də İsmayıllı rayonunda “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə aidiyyəti qrumların nümayəndələri və sahibkarlar iştirak etmişlər.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev paytaxt Bakı ilə yanaşı, regionlarda da informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndiyini, bu sahədə işlərin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-1012-ci illər üçün “Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Nazirlikdə qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini vurğulayan Z.Qasımov elektron xidmətlərin tətbiqinin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmışdır. Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumiyyətlə, Nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Artıq İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumları və xidmət haqlarının ödənişi on-line rejimində həyata keçirilə bilər və ya ödənişə dair təsdiqləyici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər.
Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
Bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin bu qaydada qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, həmin rejimdə sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlıq və vətəndaşlar üçün uzaqdan on-line rejimində video-təlim sistemi www.icazeler.gov.az icazələrin elektron informasiya portalı, www.b2b.az elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndəsi malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərin tətbiqinin xüsusi əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
B.Babayev

Şərh Yaz