Vergi orqanlarında qeydiyyata alınma barədə

Hörmətli vətəndaşlar!
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq, habelə, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə vergi hesabatını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Vergilər Nazirliyi tərəfindən aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, bəzi xidmət növlərini fərdi qaydada həyata keçirən şəxslər (şəxsi və ya ailə sürücüləri, dayələr, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar və s.) vergi orqanlarında qeydiyyata durmadan fəaliyyət göstərir və vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar.
Vergilər Nazirliyi hər zaman dövlətimizin və xalqımızın gələcəyini düşünərək, şəxsi və ya ailə sürücüləri, dayələr, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar və s. fəaliyyət növləri ilə məşğul olan şəxslərin vergi orqanlarında uçota durmasının vacibliyini bildirir və bu xidmətdən yararlanan və buna görə haqq ödəyən vətəndaşlardan həmin şəxslərdən vergi orqanlarında qeydiyyata alınmasını tələb etmələri və bu barədə aidiyyəti vergi orqanlarına (o cümlədən, 195 nömrəli Telefon Məlumat Xidmətinə) məlumat vermələri xahiş olunur. Unutmayın ki, hər bir kəsin verdiyi məlumat vətənə və dövlətçiliyə xidmət kimi dəyərləndirildiyi üçün çox önəmlidir.
Əlavə məlumat almaq üçün 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət edə bilərsiniz.
Vergilər Nazirliyi göstəriləcək əməkdaşlığa görə Sizə əvvəlcədən minnətdarlığını bildirir.
Vergilər Nazirliyi

Şərh Yaz