Əməkdar mühəndis – alim

Hər dəfə İslam müəllim haqqında yazı yazanda sanki onun önündə hesabat verirəm. Çün ki, İslam İslamov o qədər işgüzar, bacarıqlı, təcrübəli, səmimi və tələbkar insandır ki, adam onu mühəndis – energetikdən daha çox filosofa oxşadır. Əslində elə İslam müəllim energetika üzrə fəlsəfə doktorudur. Məhz elə buna görədir ki, hər iki sahənin mütəxəssisi kimi 40 ildən çoxdur o, istehsalat sahəsində çalışır. Həm təcrübi, həm elmi, həm də mənəviyyat cəhətdən zəngindir, hamı bu xüsusiyyətlərinə görə ona dərin hörmət edir.Əməkdar mühəndis - alim
İslamov İslam Zalı oğlu 1951- ci ildə yanvar ayının 22-də İsmayıllı rayonunun qədim tarixini yaşadan Girdiman çayının sahilində yerləşən Təzəkənddə doğulub. Bu kənd adı kimi özü də həmişə təzədir. Əməksevər adamlar, biliyə, elmə maraq göstərən çoxlu sayda şagird və müəllimlər, yetişdirdiyi mühəndis, həkim, iqtisadçı, hüquqşünas, alim və sənətkarları ilə həmişə İsmayıllı rayonunda fərqlənən kəndlərdən biridir.
İ.İslamov 1957-ci ildə həmyaşıdları Ağalar, Əlimövsüm, Ramazan, Mayıl, Zakir, Ağaveyis, Şəfiqə, Dilbər və başqaları ilə birlikdə (indi onların hərəsi bir təşkilatın, bir sahənin ən nümunəvi mütəxəssisidir) orta məktəbin birinci sinfinə yollanmış, 1967-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin il müvəffəqiyyətlə imtahan verərək. M. Əzizbəyov adına Azərbaycan Neft–Kimya institutunun (indiki Neft Akademiyası) energetika fakültəsinə daxil olmuşdur. Bu, onun illərlə qəlbində bəslədiyi ən böyük arzusu idi.
İnstitutu bitirdikdən sonra o, təyinatla Sumqayıta gəlmiş, 1972-ci ildə Şəhər Elektrik Şəbəkəsində usta kimi ilk əmək fəaliyyətinə başlamışdır. Sonrakı illərdə növbətçi mühəndis, xidmət rəisinin müavini, şəbəkə rayonunun rəisi, baş mühəndis olmuşdur. 1984-cü ildə isə Sumqayıt Elektrik Şəbəkəsinin direktoru vəzifəsinə təyin olunmuşdur. 16 ildən çox bu vəzifədə çalışmaqla o, nəinki Sumqayıtın, hətta qonşu Şimal rayonlarının da elektrik təchizatında bir çox yeniliklər həyata keçirmiş, üst-üstə 7-8 rayonu tam surətdə nura qərq etmişdir.
2002-ci ilin əvvəllərində İslam İslamov öz bacarığına və energetika sahəsindəki nailiyyətlərinə görə Respublika Sənaye və Energetika Nazirliyinə dəvət olunmuş orada da həm təcrübi, həm də elmi biliklərini geniş sürətdə həyata keçirmişdir.
2005-ci ildə İ.İslamovun həyatında daha bir yenilik baş vermişdir. O, “Azərikimya“ Dövlət Şirkəti prezidentinin müşaviri vəzifəsinə təyin olunmuşdur. O vaxtdan bu böyük kimya müəssisəsinin energetika sahəsinin inkişafında böyük işlər görmüşdür. Hazırda İslam müəllim “Azərikimya” İstehsalat Birliyinin baş energetiki işləməsi ilə yanaşı, bu müəssisədə neçə-neçə gənc energetik-mühəndisin yetişməsində təcrübəsini və elmi biliklərini yorulmadan həyata keçirir.
Dediyim kimi, İslam müəllim istehsalat mütəxəssisi, elm adamıdır. Təsadüfi deyil ki, o, 1995-ci ildə ictimai əsaslarla Patent İnstitutunu bitirmişdir. O, Esman adına Energetika İnstitutunun dissertantı olmuşdur. Sonrakı illərdə elmi işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, Sumqayıt Sənaye İnstitutunun elektrik təchizatı kafedrasında çalışarkən neçə-neçə gənc mühəndis-energetikin yetişməsində bilik və təcrübəsini sərf etmişdir. Ona görə də indi nəinki Sumqayıtda, hətta respublikamızın hər yerində onun yetişdirdiyi mühəndis-energetiklərə rast gəlmək mümkündür.
İslam müəllim yaxşı alim, yaxşı rəhbər olduğu kimi, yaxşı da ictimayyətçidir. O, dəfələrlə Sumqayıt şəhər Sovetinin deputatı, Şəhər Bələdiyyəsinin üzvi kimi bir çox komissiyalara sədrlik etmiş, ən mürəkkəb sosial məsələlərin həllində mübarizlik və prinsipiallıq göstərmişdir. Elə buna görə də texniki və ictimai fəaliyyəti ali təşkilatlar və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. İ.İslamov “Əməkdar ixtiraçı”, “Rəşadətli əməyə görə” medalına, fəxri adlara və mükafatlaralayiq görülmüşdür.
Bu günlər İslam müəllimin uzun müddətli səmərəli elmi və təcrübi işi, geniş fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərə görə Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Əlbəttə, bu ad İslam İslamovu ömrünün 61-ci astanasında daha yeni nailiyyətlərə ruhlandıracaqdır.
Onu da deyim ki, İslam İslamov 1967-ci il Təzəkənd orta məktəbinin birinci buraxılış məzunu, şagird yoldaşları arasında texniki instituta birinci daxil olan və həmin məzunlardan birinci “Əməkdar mühəndis“ fəxri adını alandır.
İslam müəllim yaxşı ailə başçısıdır. O, üç övlad atasıdır. Övladları da valideynlərinin yolunu gedərək oxumuş, ali təhsil almışlar. İndi onların hər biri bir ev, bir vəzifə sahibidir.
Hər gün işdən sonra yorğun-arğın evə dönəndə ona bu yorğunluğu unutduran yeddi şirin-şəkər nəvəsi də var. Axı onlar babanın daha fərəhli və şan-şöhrətli gələcəyidirlər.
İslam müəllim öz həmkarları, iş yoldaşları kimi, şair və jurnalistlərin də dilindən düşmür. Yəni, ona öz ürək sözlərini həvəslə söyləyən dost və yoldaşları çoxdur. Budur, onların bir neçəsinin fikir və duyğularını olduğu kimi səsləndiririk:
Hacı Yaşar Xudaverdiyev (Respublika Memarlar Birliyinin üzvi, “Şərəf nişanı” ordenli memar):
– İslam İslamov dedikdə, hamının gözləri önündə bilikli, təcrübəli, təmkinli, boylu-buxunlu bir adam canlanır. Həmkarları yaxşı bilirlər ki, o, geniş dünya görüşlü, bacarıqlı, sadə və mehriban bir adamdır. Onun dostluğa da meyli güclüdür, həyata da, işə də, ovçuluğa da. Adam onunla olmaqdan həmişə zövq alır. Fəxr edirəm ki, həyatda belə dostum var.
Vaqif Əliyev (Elmi-Tədqiqat Axtarış Energetika İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi):
– İslam müəllimin böyük ürəyi var. Əgər onun ürəyi böyük olmasaydı, o, həyatda bu cür yetişməz, bu cür mövqe tutmazdı. Ona xas olan ən yaxşı cəhətlər müdrik, sadə və mehriban olmasıdır. İNSAN adını hər şeydən üstün tutmasıdır. Onunla bir saat olmaq bir ilə bərabərdir.
Musa Abdullayev (Dövlət Neft Şirkəti “ AzəriQaz” İstehsalat Birliyi magistral qaz kəmərləri istehsalat idarəsinin rəisi):
– Mən İslam müəllimlə iş məqamında tanış olmuşam. Sonralar bu görüşümüz, bu səmimi ünsiyyətimiz əsl dostluğa çevrilmişdir. İndi iş yerlərimiz ayrı olsa da ürəklərimiz yenə də birdir. Tez-tez Sumqayıtdan kənarda, mavi Xəzərin sahillərində görüşür, söhbətləşir, istirahət edir, yorğunluğumuzu az da olsa unuduruq. Hərdən bacardığımız qədər ovçuluq da edirik. Mən çox sevinirəm ki, həyatda belə dostlar var. Bütün dostlarımız adından deyirəm:
-İslam müəllim, “ Əməkdar mühəndis “ fəxri adınız çox mübarəkdir !
P.S Mən də İslam müəllimi təkcə mühəndislikdə deyil, ailə, oğul-uşaq sevməkdə, insanlıqda, dostluqda, yoldaşlıqda və səmimiyyətdə də Əməkdar olduğuna görə çox-çox alqışlayıram və ona ömrü boyu xalqın sevimli oğlu olmasını arzulayıram.
Doğrudan da onun barəsində əbəs yerə deməyiblər :
Ürəkdən vuruldun elə, Vətənə,
İslam Zalı oğlu dedilər sənə,
Zəhmətə baş əyib hey dönə-dönə,
Çatdın şan-şöhrətə, İslam müəllim!
İldırım Dəmirli

Şərh Yaz