Ayrılıq

Gözəl insan, bütöv şəxsiyyət, işgüzar rəhbər, ən başlıcası əqidəli dövlət qulluqçusu idi Xalid müəllim. Dostluğa sədaqəti, insanlara məhəbbəti ilə seçilərdi həmişə. Rəhbər kimi tabeliyində olanların qayğıkeşi, himayəçisi, yaxını idi. Təəssüf ki, aramızdan tez getdi, dünyasını tez dəyişdi! Bir anda, göz qırpımında!Ayrılıq
Onun həyat bioqrafiyası hamıda olduğu kimi, olumdan ölümə qədər olan 60 illik bir həyat yoludur. Daşlı-kəsəkli, ağrılı-acılı, sevincli-kədərli bir həyat yolu! Rəsmi xronikaya diqqət yetirsək görərik:
Qəniyev Xalid Cəbi oğlu 04 oktyabr 1952-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. 1968-ci ildə İsmayıllı kənd məktəbinin 8-ci sinfini, 1970-ci ildə şəhər 1 saylı orta məktəbini bitirmiş, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1975-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Əmək fəaliyyətinə 1975-1976-cı illərdə İsmayıllı rayon Texnika Birliyində mühəndis kimi başlamışdır. 1976-1977-ci illərdə elektron-hesablama maşınları üzrə mühəndis–mexanik, 1977-1979-cu illərdə Azərbaycan LKGİ İsmayıllı rayon Komitəsində katib, 1979-1980-cı illərdə ikinci katib, 1980-1982-ci illərdə “Oktyabr” kolxozunda partiya komitə katibi, 1982-1984-cü illərdə Ali Partiya Məktəbində dinləyici, 1984-1987-ci illərdə Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Birliyində müdir, 1987-1989-cu illərdə “Rusiya” sovxozunda direktor, 1989-1993-cü illərdə MTT və MİB-də müdir müavini, 1993-2003-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2003-2005-ci illərdə Dövlət Əmək Müfəttişliyinin 13-cü sahəsi üzrə rəis, sonrakı illərdə İsmayıllı RİH başçısının aqrar məsələlər üzrə müavini, İsmayıllı rayon Qaz İstismar Sahəsinin rəisi vəzifələrində çalışmışdır.
X.Qəniyev çalışdığı bütün sahələrdə işə dərin məsuliyyəti, işgüzarlığı, rəhbərlik bacarığı, tələbkarlığı ilə fərqlənmiş, daima yeniliyə, inkişafa xidmət etmişdir. Rayonumuzun sosial-iqtisadi inkişafında, onun infrastrukturunun yenilənməsində, dövlət orqanlarında gənc kadrların yetişməsində X.Qəniyevin əvəzsiz xidmətləri olmuşdur.
Ona tapşırılan işin öhdəsindən həmişə ləyaqətlə gəlmiş, ictimai fəallığı, dövlətə, dövlətçiliyə sədaqəti ilə fərqlənmişdir. Xalq arasında böyük nüfuz sahibi olan X.Qəniyev hələ sovetlər dönəmində bir neçə dəfə rayon XDS-nin deputatı seçilmişdir.
Xalid Cəbi oğlu Qəniyev Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən idi. Partiyanın yığıncaqlarında, konfranslarında məzmunlu çıxışları, dəyərli təklifləri ilə rayon təşkilatının sıralarının artmasına, möhkəmlənməsinə əməli köməklik göstərirdi. Prinsipial mövqeyi, kəsərli sözü ilə həmişə fərqlənirdi.
O gözəl ailə başçısı, üç övlad atası idi. Bəlkə də yaxın dost, doğma qardaş itkiləri Xalid müəllimi aramızdan tez apardı. Üç qardaşını ardıcıl itirən Xalid müəllim onlara qovuşmağa tələsdi.
Gözəl insan, səmimi dost, qayğıkeş ata, ən başlıcası dəyanətli dövlət qulluqçusu Xalid Qəniyevin əziz xatirəsi onu tanıyanların, dostlarının, çalışdığı bütün sahələrdəki iş yoldaşlarının xatirəsində əbədi yaşayacaqdır!
Ulu Tanrıdan ona rəhmət diləyirik!
Allah rəhmət eləsin!
İsmayıllı rayon İcra Hakimiyyəti

Şərh Yaz