Yüksək nəticələr göstərəcək

Kamil Qafarovu görənlər ilk baxışdan zənn edirlər ki, bu gənc idmançıdır və heç də səhv etmirlər. Dolu bədən quruluşuna malik olan Kamil hələlik o qədər də geniş yayılmamış daş qaldırma idman növü ilə məşğul olur. Bu idmana həvəs onda hələ yeniyetmə yaşından yaranmışdır.Yüksək nəticələr göstərəcək
Gənc Kamil yavaş-yavaş müxtəlif yarışlara qatıldı və özünü əsil idmançı kimi sübut etməyə, mükafatlar qazanmağa başladı. 2000-ci ildə Bakı şəhər çempionatında iştirak etdi və üçüncü yerə çıxdı. Ancaq belə nəticə gənc idmançını razı sala bilməzdi. Bir il sonra Azərbaycan Texniki Universitetinin spartakiadasında birinci oldu. 2003-cü və sonrakı ildə sorağı respublika çempionatından gəldi. Bu yarışlarda I yerin sahibi oldu. Sonrakı illərdə də Azərbaycan birinciliyində iştirak edərək I və II yerləri tutdu.
K.Qafarovun yüksək uğuru 2005-ci ilə təsadüf edir. O, Bench Press növündə 140 kiloqramlıq çəkidə 225 kiloqramlıq nəticə ilə II olmuşdur. Bu yarışda dünya ikincisi olan Kamil gümüş medalı döşündən asmışdır.
Kamilin respublika çempionatındakı çıxışları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomlarına layiq görülmüş, bu qələbələrə görə o həm də müvafiq medallar almışdır. Müxtəlif yarışlarda qazandığı uğurlar Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Diplomlarına layiq görülmüşdür. Rayonun müvafiq təşkilatları da idmançının əməyini yüksək qiymətləndirmişlər. 2005- ci ildə “Poverliftinq” üzrə Azərbaycan çempionatında 140 kiloqramlıq çəki dərəcəsində 230 kiloqramlıq nəticə göstərərək I yeri tutduğuna görə İsmayıllı RİH başçısının Fəxri fərmanına layiq bilinmişdir.
Qeyd etdiyimiz kimi, Kamil Qafarov 2000-ci ildən respublika çempionatında 7 dəfə iştirak etmişdir. Nəticədə, daş qaldırma növü üzrə respublika çempionatında 5 dəfə I və iki dəfə II olması onun mübarizliyini sübut edir. Bundan əlavə, çıxış etdiyi müxtəlif yarışlarda da 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
İnanırıq ki, Kamil gələcək yarışlarda nəticələrini daha da yaxşılaşdıracaq və yüksək nəticələr göstərəcəkdir.
Rəşad Gözəlov,
Basqal qəsəbə tam orta məktəbinin fiziki tərbiyə və hərbi müəllimi

Şərh Yaz