Yaddas kitabcasi

Kəlfərəc kəndinin dönüşü

Kəlfərəc kəndinin dönüşüGörüş-qəbul üçün yer kəndin qarşısındakı düzəngah seçilmişdi. Kənd sakinlərinin çıxışlarından məlum oldu ki, bu yerdə görüş keçirilməsinə səbəb kənddə heç bir inzibati binanın olmamasıdır. Belə olsa da, seçim düzgün edilmişdi. Buradan həm Kəlfərəc kəndinin özü, həm də ətrafdakı ürəkaçan mənzərələr sanki ovuc içərisində olduğu kimi görünürdü. Sentyabr ayının 20-si olmasına baxmayaraq hər tərəf yamyaşıl idi. Ətrafdakı meyvə bağlarında alma, armud ağaclarının gətirdiyi bar hamıda xoş əhval-ruhiyyə yaratmışdı.
Kəlfərəc İsmayıllıdakı, hündürlüyü dəniz səviyyəsindən 1500 metrdən yüksək olan kəndlər qrupundadır. Bu yerlərin yazı gec, qışı tez gəlir. Günəşli sentyabr günündə duyduğumuz sərinlik az vaxtdan sonra buradakı zirvələrin şaxtaya düşəcəyindən, ilk qarın yamacları ağardacağından xəbər verirdi…
Səmimi salamlaşmadan sonra tədbirə toplaşanlardan Oqtay Əliyev kənddəki elektrik transformatorunun yararsız hala düşməsini, bu səbəbdən məişətdə yaranan çətinliklərlə yanaşı, informasiya qıtlığı duyduqlarını bildirdi: Rayon mərkəzindən xeyli aralıyıq. Dünya və ölkəmiz haqqında xəbərləri televizordan alırıq. İşıq olmayanda sanki dənizdəki uzaq bir adaya düşmüş kimi oluruq.
Kəlfərəc kəndinin dönüşüKənd sakinləri Qamət Heybətov və Gülzar Quliyeva ən yaxın kəndin 2 kilometr yaxınlıqda olmasını söylədilər. İbtidai sinfə gedən uşaqların təhsil almağa həmin kəndə – Tağlabiyana getmələrindən danışdılar. Onlar ibtidai sinif şagirdlərinin, körpələrin qarlı-yağışlı havalarda, enişli-yoxuşlu kənd yollarında hansı çətinliklərlə üzləşməli olduqlarından narahatçılıqla söz açdılar və qeyd etdilər ki, hazırda kənddə ibtidai siniflərə gedən və gedəcək xeyli uşaq vardır. Kənd sakinləri, valideynlər adından onlar kənddə ibtidai məktəbin açılmasını xahiş etdilər.
Ramiz Malıyev Kəlfərəcdən Tağlabiyana qədər olan yolun yağışlı havalarda keçilməzliyini xatırlatdı. İslam Hidayətov həmkəndlisinin sözünə qüvvət olaraq qeyd etdi ki, ən çox istifadə olunan yol budur. Bu yolun əsaslı təmir olunması nəinki burada yaşayanların, qonaq-qaramızın da ürəyindən olar.
Rahil Çələbiyev və Nicat Hidayətov kənddəki problemlərin birinin də içməli su məsələsi olduğunu diqqətə çatdırdılar. Kənddəki “Qoşa bulaq” əhalini su ilə təmin edir. Lakin bulaq kənddən 300 metrə qədər aşağıda, dərədə yerləşir. Mümkündür ki, bu su anbarlaşdırılsın və nasos vasitəsilə kəndə verilsin. İkinci variant isə kəndin üstündəki meşəlikdə olan su mənbələrinin aşkarlanıb, kəndə ötürülməsidir.
İsmayıllı rayon İcra Hakimiyyətinin Tağlabiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mayıl Mikayılov həqiqətən də bu dörd vacib məsələnin Kəlfərəc kəndi üçün əsas problem olmasından danışdı. O bildirdi ki, zonada böyük meyvə bağları var. Məhsul nə qədər bol olsa da, heç kimə bir faydası dəymir. Ərazidə bir meyvəqurutma sexinin tikilməsinin əhaliyə böyük köməyi dəyə bilər. Bu həm də müəyyən mənada işsizliyin aradan qaldırılmasına dəstək olar.
Kəlfərəc kəndinin dönüşüTədbirdə iştirak edən millət vəkili Novruzəli Aslanov adəti üzrə seçiciləri ilə görüşməkdən məmnunluq duyduğunu bildirdi. O qeyd etdi ki, kənd sakinlərinin narahatlığına səbəb olan məsələlərin hər biri həlli mümkün məsələlərdir və bu istiqamətdə təxirə salınmadan işlər görüləcəyinə tam əmindir.
Millət vəkilinin kəndə gəlməsindən sevinən Elşən Quliyev 6 yaşlı oğlunun onurğa sütunundakı problemdən narahat olduğunu açıqladı, bu məsələdə ailəsinə köməklik göstərilməsini xahiş etdi.
Kəlfərəc kəndinin dönüşüİsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov səmimi görüş üçün kənd sakinlərinə təşəkkür etdi. Ayrı-ayrı vətəndaşların problem bilib qaldırdıqları məsələlərin ümumilikdə kənddə yaşayan hər kəsin problemi olduğunu söylədi. O bildirdi ki, Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə, istər şəhər, istərsə də kəndlərdə vətəndaşlar üçün problem olan məsələlər aradan qaldırılacaqdır. Çünki hüquqların bərabər olduğu bir ölkədə hamının rahat, firavan yaşamaq hüququ vardır.
Başçı onu da qeyd etdi ki, Kəlfərəc kəndinin gözəl təbiəti, valehedici mənzərələri var. Bu kənd rayonumuzda turizm baxımından əlverişli yerlərdən biridir. Ona görə də kənddə infrastruktur məsələlərinin həlli vacib bir işdir və bu istiqamətdə aparılacaq işlər sürətləndiriləcəkdir.
RİH başçısı N.Ələkbərov görüş-qəbul çərçivəsində, səsləndirilən məsələlərlə bağlı rayonun əlaqədar xidmət təşkilatlarına, idarə rəhbərlərinə tapşırıqlar verdi
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər.
Görüş başa çatsa da, səmimiyyətdən qaynaqlanan hal kimi, RİH başçısının və millət vəkilinin ətrafına toplaşanlar:
-Tez-tez gəlin, bizimlə bir yerdə olmağınızdan duyuruq ki, problemlər arxada qalacaq, Kəlfərəc kəndinin əvvəlkindən artıq gurluğu özünə qayıdacaq. Bu görüşdə Kəlfərəc kəndinin dönüşünü görürük.
Qəzet çapa hazırlananda kənddə təzə elektrik transformatoru qurulması xəbərini eşitdik.
Ş.Dağlaroğlu

Şərh Yaz