“Niyal”ın yüksəlişi

“Niyal”xalq çalğı alətləri ansamblı rayonumuzda, eləcə də respublikanın mədəniyyət aləmində kifayət qədər nüfuzu olan sənətçilər cəmləşiblər. Ansamblın solisti Sahibə Abbas qızı Abdullayevanın ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi bunun bariz nümunəsidir. S.Abdullayeva 35 ildən artıqdır ki, bu kollektivdədir. “Niyal”ın sevilib-seçilməsi üçün Əbülfəz Pənciyevin, Zərraf Bədəlovun, Eyvaz Abbasovun, Hafiz Ağayevin, Mehman Hüseynovun, Amil Talıbovun, bənzərsiz ifaları ilə el şənliklərini canlandıran Piralı Şıxıyevin, Rövşən Teyyubovun və başqalarının əvəzsiz zəhmətləri olmuşdur.
Bu yazıda ansamblın keçdiyi yoldan, onun bu günü barədə oxucularımıza bəzi məlumatları çatdırmaqdır.
Sahibə Abdullayeva dünyaya dağlar qoynunda göz açıb. Musiqiyə sənətə bağlılıqdan rayon mərkəzinə gəldiyi gündən tanıdığı ilk ocaq da elə mədəniyyət evi olub. Niyal dağından enib gələn və həyatını ömürlük bu ansambla bağlayacağını bilən bu nəğməkar xanım üzvü olduğu kollektivə də “Niyal” adını verdi və illər ötdükcə onu tanıtdı və yüksəltdi.
O, bir sənətçi kimi özünü çoxdan tanıdıb. Səmimiliyi, yurdsevərliyi, həqiqəti üzə deyə bilməsi onun xarakterik xüsusiyyətlərindəndir. Sahibə bir müğənni kimi, həmişə “Niyal” ansamblının müşaiyətinə üstünlük vermişdir. Bu, bəlkə də insanın öz evinə, ailəsinə isinişməyinə bənzər bir haldır.
Sahibə xanım muğamlarımızı, bəstəkar mahnılarını özünəməxsus ustalıqla oxuyur. Sənət aləminə məlum “Şikəstə”lər onun ifasında çox təsiredici alınır. O “Şirvan şikəstəsi” ni ifa etdikdən sonra el sənətkarı Aşıq Yanvardan həmişə bu sözü eşitmişik: Sən “Şikəstə” oxudun. İndi mən nə oxuyum ki, aşıq olduğumu sübut edə bilim?! Əlbəttə bu cür deyim Sahibə xanımın sənətkarlığına verilən yüksək qiymət kimi qəbul olunur və olunmalıdır.
Sahibə xanımı sevdirən cəhətlərindən biri də gənclərə dayaq durması, onların sənət aləminə gəlməsində hamilik etməsidir. Onun sənətə yenicə gələn gənclərimizlə eyni vaxtda səhnəyə çıxması məhz bu keyfiyyətinin nəticəsidir.
Əbülfəz Pənciyev ansamblın ən təcrübəli üzvüdür. Yaddaşında ansamblla bağlı saysız-hesabsız xatirələr var. O, ansamblın uğurlarını birmənalı olaraq Sahibə xanımın adı ilə bağlayır:
– Uzun illərdir Sahibə xanımla bir kollektivdəyik. Onu mərd, mübariz, vətənpərvər bir Azərbaycan qadını kimi tanıyıram. Bütün ifaları ürəkdən gəlir. Sözə, onun ifadə olunmasına ehtiyat və ehtiramla yanaşır. Muğam oxuyarkən klassik üslubda, əruzda yazılmış qəzəllərə üstünlük verir, səsini bəmdən zilə, zildən bəmə ustalıqla kökləyir. Onun ifasında bütün muğamlarımız gözəl səslənir, qüsursuz oxunur.
Dəfələrlə qastrol səfərlərində olmuşuq. Onun kübarlığı, süfrə mədəniyyəti, yol yoldaşlığı hər birimiz üçün nümunə olub. Belə bir sənətçi ilə eyni ansamblda olmaqdan qürur duyuram.
Sahibə Abdullayeva qarşılıqlı olaraq, üzvü olduğu ansambldan razılıq edir:
– Mən dövrümün bir sıra tanınmış sənətkarlarının müşaiyəti ilə səhnələrə çıxmışam. Demək olar ki, muğamlarımızın hamısını şənliklərdə, tədbirlərdə oxumuşam. İfam həmişə bəyənilib. Şükürlər olsun ki, səsim məni darda qoymayıb. Səsimi istədiyim kimi təqdim etməkdə məni müşaiyət edənlərin böyük zəhməti olub. Bunun üçün “Niyal”ın bütün üzvlərinə təşəkkür edirəm, sağ olsunlar, deyirəm.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov qeyd edir ki, Sahibə xanımda nadir səslərdən sayılan, şirin səs var. Dinləyici sevgisi də elə bu şirinlikdən keçib gəlir. O şöbəmizin ən peşəkar, təcrübəli, daha çox sevilən üzvlərindən biridir. Elə bir tədbirimiz olmayıb ki, onsuz keçsin. Bütün tədbirlərdə tamaşaçı və dinləyicilərin, elə özümüzün də gözümüz Sahibə xanımı axtarır. Sıramızda da həmkar, dost, sənətkar kimi onun həmişə yeri var. Fürsət düşmüşkən, ansamblın bütün üzvlərinə çalışdıqları hər bir faydalı işdə yeni-yeni uğurlar arzulayıram.
Şəhər sakini Əjdər Hüseynov “Niyal” xalq çalğı alətləri barəsində fikirlərini belə açıqlayır:
-Hər bir musiqi kollektivi ayrı-ayrı sənətçilərdən yaranır. Bu yaranışda vətəndaşlıq mövqeyi əhəmiyyətli rol oynayır. Layiqli vətəndaş olmadan sevilən sənətçi olmaq mümkün deyil. Sənətçi xalqının yaşantılarını sənətinin dili ilə ifadə edə bilməlidir. ”Niyal”ı rayonda, hətta, respublikada tanıdan cəhət onun hər bir üzvünün cəmiyyətdəki mövqeyi ilə bağlıdır. Bu kollektivə böyük rəğbətim var. Övladımın toyunu da bu kollektivlə birlikdə tarixin yaddaşına yazmışıq. İnşallah, ailəmiz gələcək toylarını da “Niyal”la keçirəcəkdir…
Yalnız böyük arzularla yaşayan insanlar xarüqələr yaradır. Bu işdə vətən məhəbbəti, xalq sevgisinin də rolu az deyil. “Niyal” ansamblının tanınıb sevilməsi üzvlərinin əzmkarlığı, daim axtarışda olmaları, öz üzərlərində işləmələri bu amillərdə ehtiva olunur.
Bu kiçik yazıda illərlə formalaşmaqda olan bir ansamblın bəzi məziyyətlərindən söz açdıq. Ümidvarıq ki, “Niyal” bundan sonra da yüksəliş yolunda uğurlu addımlar atacaq, öz yüksəkliyini nümayiş etdirəcəkdir.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz