Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılması

Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılmasıBizim nəsil XXI əsrdə yaşayır. Zamanın tələbinə uyğun olaraq yeni nəsil müasir informasiya texnologiyalarına yiyələnməli, fəal, yaradıcı, təşəbbüskar olmalı, sahib olduğu biliklərə arxalanıb qarşıya çıxan problemləri çevik həll etməyi bacarmalı və bütün bunlarla yanaşı mütləq ekoloji biliklərə yiyələnməlidir.
Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılmasında əsas məqsəd gənc nəsildə ekoloji düşüncə tərzi tərbiyə etmək, ekoloji mədəniyyətin ən yüksək mədəniyyət olduğunu onlara çatdırmaq, təbiəti qorumağın, öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu başa salmaqdır. Təbiət yaratdığı canlılara özünə qarşı məhəbbət hissi də bəxş edir. Məktəblilər bilməlidirlər ki, planetimizin təbii sərvətləri gələcək nəsillərə yararlı halda ötürülməlidir. Çünki təbiət hamı üçündür, bütün canlıların yaşadığı məkandır. Məşhur İngilis ekoloqu Li Talbot demişdir: “Dünya bizlərə əcdadlarımızdan qalmış olsa belə, biz onu daha çox gələcək nəsillərdən borc götürmüşük”.
Məktəblərdə həyat bilgisi, biologiya, coğrafiya, həyati bacarıqlara əsaslanan təhsil dərslərində və ekoloji dərnəklərin məşğələlərində şagirdlərə ətraf mühitin ekoloji durumu barədə məlumat verilərək mühitdə baş verən dəyişikliklərin bütün canlılara o cümlədən insanların sağlamlığına təsiri geniş izah edilir.
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində “Ekoloji mədəniyyət” dərnəyi fəaliyyət göstərir. Dərnək üzvləri praktiki məşğələlərdə Azərbaycan Respublikasının bitki və heyvanlar aləminin müxtəlifliyi, zəngin təbii sərvətləri ilə tanış olur, ətraf mühitin sağlamlaşdırılması və mühafizəsində əlavə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Dərnək məşğələlərində həm də ətraf mühitin kimyəvi, bioloji, radioaktiv çirklənməsinin ağır ekoloji nəticələri şagirdlər tərəfindən geniş müzakirə edilərək təkliflər irəli sürülür. Dərnək üzvləri həmyaşıdları arasında sağlam həyat tərzinin əhəmiyyəti barədə söhbət edir, zərərli vərdişlərin əleyhinə təbliğat aparırlar. Təbiətə ekskursiyalar, reydlər zamanı ekoloji mədəniyyət , təbiətdə düzgün davranış qaydaları, humanist və məsuliyyətli münasibət prinsiplərini təbliğ edirlər. Məqsədimiz ekoloji mədəniyyətin dünya mədəniyyətinin tərkib hissəsi, həm də əsası olduğunu gənc nəslə çatdırmaqdır. “Ekoloji mədəniyyət dərnəyində” aşağıdakı fikirləri əsas götürərək müzakirələr aparırıq.
1. Ekoloji mədəniyyət ümumi mədəniyyətin tərkib hissəsidir.
2. Ətraf mühitə istismarçı mövqedən yanaşmağın zərəri.
3. Təbiətə, sərvətlərimizə, ümumi evimiz olan ətraf mühitə laqeyd münasibətdən otraya
çıxan problemlər.
4. Azərbaycanın florasının və faunasının nadir və nəsli kəsilməkdə olan bitki növləri və
heyvanları.
5. Torpaq erroziyası və torpaq sürüşmələri və bununla mübarizə tədbirləri.
6. Havanın çirklənməsi səbəbləri.
7. Suyun çirklənməsi səbəbləri.
8. Torpağın çirklənməsi səbəbləri.
9. İqlim dəyişiklərinin təbiətə və insanın sağlamlığına təsiri.
10. Mühitin radioaktiv çirklənməsinin insan orqanizminə təsiri.
11. Urbanizasiya və bununla bağlı problemlər.
Siz ekoloji mədəniyyəti necə başa düşürsünüz? Sualına dərnək üzvlərinin cavabları
aşağıdakı kimi oldu.
Həyətə və küçəyə zibil atmamalı.
Zibil xüsusi ayrılmış yerlərdə qoyulmuş qablara atılmalı.
Nəqliyyat vasitələrindən yola və yol kənarlarına zibil atmamalı.
Təbiətdə istirahət zamanı artıq qalmış ərzaq qalıqlarını və plastik qabları və sair
əşyaları özümüzlə götürməli, istirahət etdiyimiz yeri zibilləməməli.
Meşələrdə yanğın törətməmək üçün təhlükəsizlik qaydalarına əməl etməli.
Yaşıllıqları mal-qaradan mühafizə etməli.
Yasıllıq məqsədilə ağaclar əkməli, suvarmalı.
Axar və durğun su hövzələrinə zibil atmamalı.
Erroziyaya uğramış yerlərə çoxillik bitkilərin və meyvə toxumlarını əkməli.
Təbiətin mühafizəsində fəal iştirak etməli, öz dostlarını və yoldaşlarını, özündən
kiçikləri bu işə cəlb etməli.
Təbiətdə düzgün davranış qaydalarına əməl etməli.
Park və bağların salınması qədim mədəniyyət və incəsənətin bir növüdür. Misir, İran, Qədim Yunanıstan, Roma mədəniyyəti, Şərq bağları və parkları, Rus bağ və parkları, Semiramidanın asma bağları, Azərbaycanın parkları barədə və salınma tarixləri, salınma stili haqqında şagirdlər məlumatlandırılmalıdırlar.
Ekoloji tərbiyə ilə məşgul olan hər bir müəllim, hər bir dərnək rəhbəri, ictimai qurum Azərbaycan təbiətinin mühafizəsi ilə məşğul olan təşkilatlar barədə məktəblilərə məlumat verməlidirlər. Onları aşağıdakı qurumların fəaliyyəti və vacib sənədlərlə tanış etməlidirlər.
1. Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı.
2. Azərbaycan təbiəti mühafizə cəmiyyəti.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
4. Ovçular Cəmiyyəti.
5. Qoruqlar və Yasaqlıqlar.
6. Milli parklar.
7. Azərbaycan Milli Elmlər Akademiyasına Elmi Tədqiqat İnstitutlarında ətraf mühitin mühafizəsi ilə bağlı elmi araşdırmalar.
8. Azərbaycan Respublikasının “Qırmızı kitabı”nda (1989-cu il) adı çəkilən 138 bitki, 108 müxtəlif növ heyvanların biologiyasına aid məlumatlar.
9. Ətraf mühitin mühafizəsinə aid Beynəlxalq Konvensiyalar və bu sahədə Azərbaycan Respublikasının Dövlət qanunvericiliyi .
Məktəblərdə şagirdlərdə ekoloji mədəniyyətə daha yaxşı yiyələnmələri məqsədilə
“ Ekoloji informasiya” lövhələrinin təşkili və bu lövhələrdə Respublikamızda təbiətin mühafizəsi ilə bağlı materialların əks etdirilməsi faydalı olar.
“Qağayılar Xəzərin və onun sahil hissələrinin sanitarlarıdır”, “Meşə bizim sərvətimizdir”, “Sağlam bədəndə sağlam ruh olar”, “İnsan sağlamlığının qorunmasında ətraf mühitin rolu”, “İnsanın sağlamlığına ətraf mühitin komponentlərinin təsiri”, “QİÇS- əsrin bəlasıdır”, “Meşə insanın ağ ciyəridir” mövzularında məktəblilərin iştirakı ilə viktorina və dəyirmi masaların keçirilməsinin onlarda ekoloji mədəniyyətin formalaşmasında böyük rolu vardır.
İstixana effekti. Qlobal istiləşmə. Buzların əriməsi. Ozon təbəqəsinin zədələnməsi səbəbləri. UBŞ (ultrabənövşəyi şüaların) mənfi təsiri. Qlobalistilər və antiqlobalistilərin fəaliyyəti. Vəhşi təbiət fondu. BMT-nin ətraf mühit üzrə proqramları. “Qırmızı kitab” (nəsli kəsilməkdə olan canlıların siyahısı), “Yaşil kitab” (sayı bərpa olunmuş canlıların siyahısı) və “Qara kitab” (yer üzündən yox olan canlıların siyahısı) barədə məktəblilərin məlumatlandırılması zəruridir.
Ekoloji aksiya və iməciliklərin keçirilməsi, parka, bağa ekskursiyalar, burada fəsillər üzrə ağac və kol bitkilərində baş verən dəyişikliklər üzərində müşahidələrin aparılması, Gigiyena və epidemiologiya mərkəzinə, qoruqlara və yasaqlıqlara ekskursiyalar məktəblilərdə ekoloji bilikləri zənginləşdirir.
“Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir”. Akademik Həsən Əliyevin bu fikri hər bir məktəblinin qəlbində özünə yer tapmalıdır.
Dərs ilinin sonunda “Planetimizin ekoloji problemləri”nə həsr edilmiş konfransda dərnək üzvlərinin referat məruzələri dinlənilir, videofilimlər, plakatlar foto-albomlar, foto-stendlər nümayiş etdirilir.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz