Hədiyyə – sevinc

Hədiyyə - sevincBir uşağın təfəkkür və düşüncəsinin şeir kimi formalaşmasında ailəsinin, təhsil aldığı məktəbin və bunlarla bərabər hər gün gördüyü təbiət və cəmiyyətin də rolu vardır.
Xəyal Qalib oğlu Hüseynov 1999-cu ildə Talıstan kəndində anadan olub. Kənddəki tam orta məktəbin VIII sinfində oxuyur. Dərs əlaçısıdır və asudə vaxtlarında şeirlər yazır. Çapdan çıxmış bu kitab çalışqanlığına görə babası Nizami tərəfindən ona hədiyyə edilmişdir. Bu hədiyyəni Xəyalın doğmalarına bəxş etdiyi sevinc kimi də qəbul etmək olar.
Xəyalın şeirlərindəki vətənpərvərlik ruhu rahatlıqla duyulur. Torpaq, vətən sevgisini balaca şair xüsusi şirinliklə ifadə edib. Onun mübarizliyi digər yaşıdlarında da varsa, Vətənin gələcəyi etibarlı əllərdədir.
Qarabağ – doğma, əziz,
Əzəli vətənimiz!
Yaxındır qisas günü,
Düşmənlərin yas günü.
Bəlkə də kitabı oxuyanlar Xəyalın şerlərində hardasa, nəyinsə çatışmadığını söyləyə bilərlər. Bu təbii haldır. Şeir adlandırdığımız bu düşüncələr haqqında müəllif özü də bir neçə ildən sonra dediklərimizi deyəcəkdir. Lakin bu gün, dərslərini əla oxuyan şagirdin şeir yazmasına yaxşıdır demək lazımdır ki, bir qədər də ruhlansın, üzərində daha çox işləsin.
Qəribə də olsa, uşaqlıqda hər birimiz kəpənək görəndə sevinmiş, onu tutmağa can atmışıq. Xəyal yazır:
Kəpənəyim al-əlvan,
Bax, belə qal hər zaman.
Baxmaq istəsək sənə,
Bir anlığa sən dayan.
Balaca şairimizə dərslərini yaxşı oxumağı və daha mükəmməl şeirlər yazmağı arzulayırıq. Onu da qeyd edim ki, bu kitaba redaktorluq etmək. Mənə çox da uzaqda olmayan uşaqlıq illərimi xatırlatdı.
Firuzə Çiçək,
gənc yazar

Şərh Yaz