Məktəblilərin vergilər haqqında bilgiləri artır

Məktəblilərin vergilər haqqında bilgiləri artırMəktəblilər arasında vergi maarifçiliyi və mədəniyyətinin təbliği, vergi biliklərinin artırılması istiqamətində Azərbaycan Respublikası Vergilər Nazirliyinin apardığı elmi yaradıcılıq işi bəhrələrini verməkdədir. Bununla əlaqədar 10 saylı Ərazi Vergilər İdarəsinin apardığı maarifçilik işi də mühüm əhəmiyyət daşıyır. Məqsədimiz uşaqlara kiçik yaşlarından verginin əhəmiyyəti, onun formalaşması, xərclənməsi və sair barədə bilgilər verməkdən ibarətdir. İdarəmiz bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərə məktəblilərlə görüşlər, şagirdlər arasında rəsm və inşa yazı müsabiqələri daxildir. Qaliblərin mükafatlandırılması təntənəli şəraitdə həyata keçirilir və bu da, məktəblilərin yaddaşına möhkəm həkk olunur. Bu müsabiqələr sübut edir ki, uşaqların belə tədbirlərə marağı ildən-ilə artır. Nəticədə, məlum olur ki, uşaqların vergi bilgiləri artmaqdadır.
Bu günlərdə 10 saylı Ərazi Vergilər İdarəsinin bir qrup işçisi İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə şagirdlərlə görüşmüşdür. İdarənin baş dövlət vergi müfəttişi İslam Nəsirov çıxış edərək vergilərin əhəmiyyətindən, ödənilməməsinin törətdiyi fəsadlardan, bu sahəyə diqqətin artırılmasından geniş söhbət açmışdır. O qeyd etmişdir ki, uşaqlara vergi mədəniyyətinin aşılanması onlarda mənəvi dəyərlərə hörmətlə yanaşmanın əsasını qoyur. Həm də ilkin vergi bilikləri uşaqlarda intellektual dünyagörüşü formalaşdırır. Çünki, gələcək uşaqlardan başlayır. Axı onların bu sahəni bilməsi çox əhəmiyyətlidir. Gələcəyin iş adamları, mütəxəssisləri və rəhbərləri onlardır. Gələcəyin vergi ödəyicisi bu sahəni yaxşı bilməlidir. Vergi tam və vaxtında ödənməlidir. Vergidən yayınma halları ictimaiyyətə hörmətsizlik kimi qiymətləndirilməlidir və hər kəs buna qarşı öz vətəndaşlıq mövqeyini bildirməlidir.
Tədbir məktəblilər tərəfindən maraqla qarşılanmışdır. Şagirdlərə paylanan “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı” kitabları onların böyük marağına səbəb olmuşdur. Kitabdakı bilgilərin şagirdlərə öyrədilməsi böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə bu istiqamətdə apardığımız işləri daha da genişləndirəcəyik.
İslam Nəsirov,
10 saylı Ərazi Vergilər İdarəsinin vergi xidməti müfəttişi

Şərh Yaz