Yaxşılığı, yaxşı əməlləri görməmək nankorluqdur

Xeyli müddət idi ki, “İsmayıllı xəbərləri” redaksiyasının qapısını döymürdüm. Hər hansı bir mövzuda yazı yazmırdım. Yumorlu, satirik yazıları, atmacaları da sanki unutmuşdum. Lakin bu günlərdə keçmiş müəllim həmkarlarımdan biri ilə söhbət zamanı yəqin etdim ki, dayanmaq olmaz. O mənə az qala ciddi irad səviyyəsində bildirməyə cəhd göstərdi ki, yazılarına baxanda görürəm ki, əvvəlki Valeh müəllim deyilsən. Çox səhv edirsən “dostum”. Mən bütün istiqamətlərdə sabitəm. Çörəyim dizimin üstündə deyil, qədirbilənəm. Yaxşılığı, yaxşı əməlləri yaxşı görüb, yaxşı da qiymətləndirməyi bacarıram. Xəbərçilərdən, satqınlardan, yaxşılığa, inkişafa, yüksəlişə kor olanlardan, bu günümüzü gözü götürməyənlərdən, haqsız olub ancaq özünü haqlı bilənlərdən, antidövlətçilərin qurumuş dəyirman arxına su qoşmaq istəyənlərdən, mənəviyyatı mədəsində olanlardan və kimlərdən… kimlərdən də yan keçmirəm. Müxtəlif formalı yazılarla onları “sancmaq”la, “iynələmək”lə başa salmağı özümə borc bilirəm. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayaraq çaşanların, dövlətçilikdən yan keçənlərin, qarayaxa mövqelilərin, meydan “qəhrəmanlarının”, partiya adı ilə şər-böhtan kampaniyası aparanların çoxu Azərbaycan həyatının gedişini başa düşüb düz yola qayıdıb, haqqa tapınıb. Bundan özü də, ailəsi də, həmkəndlisi də, həmkarı da xeyir tapıb.
Atalar yaxşı deyib: “Davalı yerdə ot bitməz”. Bu həqiqəti dərk etməyənlərin vay halına. Bir də o adamların vay halına ki, xəyanətkardır, riyakardır, beyni ilə dili arasında məsafə çox böyükdür. Maddiyyata görə hər addımda mənəviyyatını ayaqlar altına atanlar, araqarışdıranlar, riya donuna bələnənlər, üzdə “bəli, baş üstə” deyib arxada hər cür pozuntuya gedənlər, şərə, şeytana qulluq edənlər daha qorxuludur, varlıqları çirkabdır, çürüntüdür, üfunətdir.
Belələrinə qarşı heç zaman biganə olmuram. Xislətlərini şifahi və yazılı nitq vasitəsilə, yumorlu yazılar, satirik nəzm parçaları ilə faş edirəm. Müsəlman aləminin dərdlərinin tərcümanı olmuş Mirzə Ələkbər Sabir çox yerində demişdir:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən Günəşi göydə dana bilmərəm.
Yüksəlişi, sürətli inkişafı, zənginləşən sosial həyatı, təkmilləşən təhsili, mədəniyyəti, Azərbaycan vətəndaşlarının ucalmasını görməyən gözlərin əbədi yumulduğunu zənn edirəm.
Yeridir ki, sözü burda saxlayıb, bəzi atmacalarımı təkrar olsa da oxucuların diqqətinə çatdırım:
Sevinc, şadlıq olubdu bu diyarda yaşamaq,
Ata bilmir sürünən indi uçana qarmaq.
**
Olub kasad xəbərçinin bazarı,
Çuğulların şiddətlənib azarı.
**
Açar deşiyinə bənzəyir gözü,
Daha eşidilmir əbləhin sözü.
**
Tapşırılan işləri tez görmək əvəzinə,
Əldə külüng qazırsan sən quyu özgəsinə.
**
Geniş imkan yaranıb, xidmət edək dövlətə,
Sənsə qanıq olmusan vara, pula, sərvətə.
**
Sənə çörək verənin əlin öpəsən gərək,
Yoxsa tutar gözünü o nemət, o bərəkət.
**
Bir budaqda oturub, silkələr min budağı,
Bərk dəyəcək ona da haqq-ədalət şallağı.
**
Böyüklər böyük yolda böyük əməllər üçün,
Yüksəliş yollarında səninsə sınır qıçın.
**
Nifrin yağdırıb dalda, tərif demə üzümə,
Dabbaqda gönün bəlli, gəl görünmə gözümə.
**
Geri zəkalıdır, düşüncəsi dar,
Özü el içində edib özün xar.
V.Salehov

Şərh Yaz