Gileylənir

Gileylənir
Vurnuxub dörd bir yana, dayanmadan, gün boyu,
Düzü, haqqı danan kəs, qanundan gileylənir.
Yol verdiyi səhvləri, günahı səbəbindən,
Hər zaman uduzduğu oyundan gileylənir.

Əyləncə, boş, mənasız saydığından həyatı,
Tamah, məqsəd dalınca qurur vaxtı, saatı.
Verib yüyəni əldən, sevmədiyindən atı,
Otardığı inəkdən, qoyundan gileylənir.

Yaxşı əməldə, işdə yoxdu səsi, sorağı,
Dəryaz tutmağı bilmir, tanımayır orağı.
“Norka”dan, “andatra”dan geyinəndə papağı,
Papaq altında başdan, boyundan gileylənir.

Öz gücü hesabına durammayır ayağa,
Büdrəyib yıxılanda söykənmək istər dağa.
Çanağında, qınında sürünən bu tısbağa,
Çanağını bəyənmir, qınından gileylənir.

Görünür güvə kimi, xatırladandır “sus”u,
Sinirlərində yoxdur fəaliyyət tonusu.
Aşkarlanıb mikrobu, çıxdığından virusu,
“Analiz”ə verdiyi qanından gileylənir.
Tamam Nur (Tağlabiyanlı)

Şərh Yaz