Uğurlar çoxdur, problemlər də var

Uğurlar çoxdur, problemlər də varİsmayıllı müəllimlərinin sentyabr konfransı
Sentyabrın 8-də İsmayıllı rayon Gənclər Mərkəzinin iclas zalında müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi. Konfransı İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov açdı. Azərbaycanın Dövlət himni çalındı. Konfransda Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov, həmçinin rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra və bələdiyyə nümayəndələri, təhsildə nailiyyətlər əldə etmiş şagirdlər iştirak edirdilər.
Uğurlar çoxdur, problemlər də varRTŞ-nin müdiri R.Orucov “2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” haqqında məruzə etdi. Məruzədə yola salınmış tədris ilində istifadəyə verilən yeni tikilmiş və təmir edilmiş məktəblər haqqında, təhsil ocaqlarında yeni istilik sistemlərinin quraşdırılması məsələləri geniş yer aldı. Yaxşı haldır ki, həmin obyektlərin köhnə və təzə görüntüləri slaydlar vasitəsilə ekranda nümayiş etdirildi. Məruzədən məlum oldu ki, məktəblər üçün xeyli sayda inventar və avadanlıqlar alınmışdır. Dünya bankının investisiyası və yerli büdcə hesabına isə xeyli kompyuter alınıb. Rayonda təhsil sahəsində qazanılan nailiyyətlər məruzədə geniş şərhini tapdı.
Konfrans ərəfəsində “ İsmayıllı xəbərləri” qəzeti redaksiyasında İsmayıllı təhsilinin uğurlarını əks etdirən xüsusi jurnal hazırlanmışdır. Burada verilmiş yazılar, cədvəllər və diaqramlar oxucuya İsmayıllı təhsilində olan yeniliklər barədə çox məlumat verə bilər.
Məruzədə təhsil sahəsindəki nöqsan və çatışmazlıqlar da geniş yer almışdı. İstedadlı uşaqlara, fənn olimpiadalarının, müsabiqələrinin qaliblərinə qayğı məsələləri unudulmur. Bu ilki qəbullarda məzunların nailiyyətlərinə də məruzədə geniş yer verilmişdi.
Məruzənin sonunda R.Orucov 15 sentyabr – “Bilik günü” münasibətilə bütün valideynləri, müəllimləri və şagirdləri təbrik etdi və bildirdi ki, qazanılan uğurlar heç də son hədd deyil. Qarşıdan gələn yeni dərs ilini daha yüksək göstəricilərlə başa vurmaq üçün elə bu gündən əməli fəaliyyətə başlamalıyıq.
Məruzə ətrafında Qaraqaya kənd məktəbinin müəllimi Elmira Soltanova, şəhər 2 saylı tam orta məktəbinin direktoru Ramil Dadaşov, Xəlilli kənd tam orta məktəbin müəllimi, Avropanın Gənc Müəllimlər Assosiasiyasının prezidenti (ofisi Brüssel şəhərindədir) Həmid Qasımov və şəhər 3 saylı tam orta məktəbinin XI sinif şagirdi Gülmayə Bədəlova, şəhər 6 saylı tam orta məktəbinin valideyn komitəsinin üzvü Pərviz Rəsulov çıxış etdilər (Son iki nəfərin çıxışı qəzetin bu sayında dərc edilmişdir).Uğurlar çoxdur, problemlər də var
Rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov çıxışında rayonda görülmüş tikinti-abadlıq işlərindən, xüsusən, məktəb tikintisi və təmirindən söhbət açaraq vurğuladı ki, sosial məsələlərin həlli həmişə diqqət mərkəzində saxlanır. Rayonda əksər işlər məhz bu istiqamətdə aparılır. Son bir neçə ildə rayonun 31 kəndi qazlaşdırılmışdır və bu iş davam etdirilir. Şəhərin su və kanalizasiya məsələsinin həlli istiqamətində işlər davam etdirilir. Mican, Qəzli, İsmayıllı kəndlərinin İsmayıllı şəhərinə birləşdirilməsi ilə əlaqədar (əhalisinin sayı 26 minə çatıb) bu problemlərin həlli rayon üçün xüsusi əhəmiyyət kəsb edir. Başçı şagirdlərin məktəblərə daşınması məsələsinin yox dərəcəsində olduğunu bildirdi. Bəzi kəndlərdə kiçik məktəb binaları müasir tələblərə uyğun deyil. Rayonda məktəbəqədər müəssisələrin sayı olduqca azdır. Yeni dərs ilində mövcud nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir. Sonda N.Ələkbərov hamını “Bilik günü” münasibətilə təbrik etdi.Uğurlar çoxdur, problemlər də var
Söz təhsil naziri Misir Mərdanova verildi. Nazir ilk öncə hamını qarşıdan gələn “Bilik bayramı” münasibətilə təbrik etdi. Nazir əsas diqqəti qarşıda duran vəzifələrin həyata keçirilməsinə yönəltməyi məsləhət gördü. O bildirdi ki, rayon üçün uşaq bağçalarının azlığı ciddi problem olaraq qalmaqdadır. Bağçalar üçün yeni binaların inşası vacibdir. Nazir müəllimə qayğının artırılmasının vacibliyindən, ixtisasartırma, kurikulum məsələlərinə diqqət verilməsini xüsusi vurğuladı. Qiymətləndirmə, rus dilinə, ümumiyyətlə, xarici dillərin tədrisinə diqqətin artırılması zəruriliyindən də söz açdı.
Sonda nazir rayonun çoxsaylı müəllim kollektivini 15 sentyabr günü münasibətilə təbrik etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz