Təhsildə müəllim-valideyn münasibəti

Təhsildə müəllim-valideyn münasibətiHamımız təhsilin gələcəyimiz üçün əhəmiyyətli sahə olmasını yaxşı bilirik. Bəşəriyyət tarix boyu təhsilə özünün mənəvi təkamül qüvvəsi kimi baxıb. Bir valideyn kimi, bilirəm ki, hazırda Azərbaycan təhsil sistemində böyük islahatlar keçirilir. Bu islahatların həyata keçirilməsində müəllimlərin də böyük əməyi var.
İsmayıllı təhsilinin yüksək nəticələrində valideyn komitəsinin üzvü olduğum Natiq Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin, yeni dərs ilindən şəhər 6 saylı məktəbi kimi, fəaliyyət göstərəcək ziya ocağının pedaqoji kollektivinin də əməyi sevindiricidir.
Bu il məktəbi bitirmiş şagirdlərdən 22 nəfəri ölkəmizin müxtəlif nüfuzlu ali məktəblərinə, bir nəfər Türkiyədə ali məktəbə, 5 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 22 nəfər şagirdimiz – Dilarə Rəsulova, Sitarə Abdulova, Xumar Cəbrayılova 600-dən, 8 nəfər şagirdimiz isə 500 baldan yüksək nəticələr göstərmişlər. Məktəbin şərəfini uca tutanlardan biri övladım Dilarədir. Ona ANS televiziya şirkətinin keçirdiyi “Ağıl dəryası” müsabiqəsindəki uğurlarına görə Türkiyənin ən nüfuzlu universitetlərindən birində imtahansız təhsil almaq imkanı verilmişdi. Buna baxmayaraq Dilarə qəbul imtahanlarında iştirak etdi və 658 bal topladı.
Hər bir müəllimə, xüsusilə də qızımın təhsil aldığı məktəbin pedaqoji kollektivinə, kollektivə bacarıqla rəhbərlik edən Qalib Bəşirova dərin təşəkkürümü bildirirəm.
Bu məktəbdə peşəsini ürəkdən sevən, müxtəlif müsabiqələrin qalibi olmuş müəllimlər çalışır. Şagirdlərin böyük əksəriyyəti əsil istedadlardır, desəm yanılmaram
Məktəbdə müəllim-valideyn münasibəti günün tələbləri səviyyəsində qurulub. Hər tədris ilinin əvvəlində valideynlərlə müəllimlərin görüşləri təşkil olunur. Valideyn komitəsi və onun üzvləri il ərzində məktəbdə müxtəlif səpgili geniş tədbirlər həyata keçirirlər. Məhz bu əlaqələrin təlimin keyfiyyətinə böyük təsiri olur. Valideynlər mütəmadi olaraq uşaqlarının dərslərini dinləyir, müxtəlif məsələlərin həllini müəllimlərlə birgə həyata keçirirlər.
Ölkəmizdə, eləcə də rayonumuzda təhsilə dövlət qayğısı, rəhbər diqqəti göz önündədir. Bu səbəbdən hər yerdə olan yeniləşmə, canlanma sevindiricidir. Məktəb kollektivinin bir xahişini diqqətə çatdırmaq istərdim: Estetik baxımdan həmişə fərqlənən məktəbimizin, əsaslı təmirə, əlavə sinif otaqlarının tikintisinə ehtiyacı var.
Sonda, bir daha hər birinizə yeni dərs ilində müvəffəqiyyətlər arzulayıram.
Pərviz Rəsulov,
şəhər 6 saylı tam orta məktəbin valideyn komitəsinin üzvü

Şərh Yaz