Münbit şərait, yüksək nəticə

Xumarın 11 il əvvəl məktəbə getdiyi ilk gün yaxşı yadımdadır. Onda da belə fərəhli idim. Ürəyimin bir guşəsində qızımın oxuyacağını, orta məktəbi bitirib ali məktəbə daxil olacağını bir arzu kimi, düz 11 il yaşatdım.
Bu il Xumarın 603 balla ali məktəbə daxil olması xəbərini böyük fərəh içində qarşıladıq. Ailədə, qonum-qonşuluqda, qohumluqda bu xəbərə sevinənlər çox oldu. Düzünü deyim ki, bizdən öncə Xumarın təhsil aldığı məktəbin müəllimlərinin bu xəbəri eşitməsi bizə maraqlı gəldi.
Əslində bizdən çox Xumarın yüksək nəticə əldə edəcəyinə onun müəllimləri arxayın olmuşlar. Necə deyərlər, çəkdikləri zəhmətin müqabilində onun həqiqətən də üz ağardıb, baş ucaldacaqlarına əmin imişlər.
Artıq bir çox narahatlıqlar, tərəddüdlər arxada qaldı. Xumar Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Hər kəslə sevincimi bölüşdürmək istəyirəm. Xumarın təhsil aldığı şəhər 6 saylı tam orta məktəbinin pedaqoji kollektivinə, İsmayıllı rayonunda təhsil sahəsinə xüsusi önəm verən rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərova, rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova ailəmiz adından dərin təşəkkür edirəm.
İstənilən sahədə uğur, müvəffəqiyyət və yüksək nəticə əldə etmək üçün ilk növbədə münbit şərait lazımdır. Hər il İsmayıllıdan yüzlərlə məzunun ali məktəblərə qəbul olunması məhz rayonda təhsilə göstərilən diqqət və qayğıdan qaynaqlanır.
Vəfayə Cəbrayılova,
İsmayıllı şəhəri

Şərh Yaz