“Salam, dünya, biz də varıq – 2012” layihəsi reallaşdı”

Ötən il Mərkəzdən bəhrələnən valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil etdiyimiz “Salam, dünya, biz də varıq – 2011” yay istirahət düşərgəsinin uğurlu, nəzərdə tutduğumuz kimi keçməsi bizi layihəni bu il bir az da genişləndirməyə həvəsləndirdi. Və üstəlik ideyanın yayılması üçün Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin olduğu daha 2 rayondan – Qəbələ və Saatlı rayonlarından da layihəyə xüsusi qayğıya ehtiyaclı uşaqlar cəlb etdik. Beləliklə, qrupumuz ötən ildəkindən 2 dəfə çox – 40 nəfər oldu, 22 XQEU və 18 valideyn.
Layihə avqust ayının 22-25-də Böyük Qafqaz sıra dağlarına baş qoymuş Xanagah kəndində, VI əsrin yadigarı olan Qız qalasının yerləşdiyi “Qız qalası” istirahət mərkəzində reallaşdı.
Layihənin açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Ceyran xanım Rəhmətullayeva bu işin xüsusi qayğıya ehtiyaclı uşaqların cəmiyyətə inteqrasiyasında, valideynlərin utancaqlıq hissindən qurtulmasında, dərdləri ilə baş-başa qalmamalarında böyük önəm daşıdığını vurğuladı.
AQUPDK-nin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sülh Korpusunun və Amerikanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə reallaşan bu layihəyə cəlb edilmiş valideyn himayəsindən məhrum və əlilliyi olan uşaqlar burada gözəl vaxt keçirdilər, bir-birindən maraqlı oyunlar oynadılar, maraqlı görüşlərin iştirakçısı oldular. Paraolimpiyaçı Allahverdi Allahverdiyevlə görüş onların yaddaşında xüsusi iz buraxdı. Allahverdi xüsusi qayğıya ehtiyaclı insandır, lakin inadkarlığı sayəsində çox şeyə nail olub, dəfələrlə yüngül və ağır atletika üzrə respublika çempionu, 2 dəfə olimpiadanın qalibi olub. Görüşə toplaşanlar Allahverdinin həyat tarixçəsini maraqla dinlədilər və çempiona bir-birindən maraqlı suallar da verdilər. Türkiyə televiziyası ilə verilən “Arxa sokaklar” serialına maraqla tamaşa edən və böyüyəndə polis olmaq istəyən Nemətin cavabı da özündə olan sualını “mən çalışıb bu əlil arabasından qalxacam, Sizin kimi güclü olacam, məncə, bacararam, elədir?!” sualını Allahverdi böyük həvəslə cavablandırdı: ”Əlbəttə, bacararsan, təki özünə inamın olsun!”
Uşaqlar qidalanma, diş gigiyenası, yoqa, ilkin tibbi yardım barədəki söhbətlərə də böyük maraq göstərdilər.
Düşərgə boyunca analara da “İlkin tibbi yardım”, “Qadınlara qarşı zorakılıq – insan hüquqlarının pozulmasıdır”, “Valideynlik bacarıqlarının inkişaf etdirilməsi” və sair mövzularda təlimlər keçirildi. Təlimləri “Qadın dünyası” və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliklərinin əməkdaşları, habelə İsmayıllı UADM-in işçiləri aparmışlar.
İsmayıllı rayon mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı da ötən ilki ənənəsini davam etdirərək, bu il yenə düşərgənin qonağı oldu və iştirakçılara gözəl bir konsert proqramı hədiyyə etdi. Ansamblın solisti, könülləri oxşayan səsi ilə ürəklərdə taxt qurmuş Sahibə xanım Abdullayevanı tək düşərgə iştirakçıları yox, istirahət mərkəzində dincələnlər, mərkəzin işçiləri də gülərüzlə, alqışlarla qarşıladılar. Sahibə xanımın oxuduğu şən-şux mahnıların sədaları altında uşaqlar doyunca rəqs etdilər, əyləndilər. XQE Nicat Məmmədlinin, Qəbələ və Saatlı UADM-lərinin direktorları Rəna Mahmudova və Aida İbrahimovanın Sahibə xanımla birgə oxuduqları muğam və mahnılar tədbir iştirakçılarının şən əhvalına ayrı bir rəng qatdı. Nemətin, Nicatın əlil arabasında, Jalənin qoltuq ağaclarında meydana çıxıb rəqs etmələri özgə bir mənzərə, başqa bir əhval-ruhiyyə bəxş etdi. “Azərbaycan” mahnısının sədaları altında gedən “Yallı”ya tək düşərgə iştirakçıları yox, istirahət mərkəzində dincələn onlarla insan da qoşuldu və bu əzəmətli mənzərənin şahidi olmaq çox xoş idi. Sahibə xanımın ifasında həmişə tamam başqa bir əzəmət kəsb edən “Şirvan şikəstəsi”ni o axşam, o möhtəşəm dağların əhatəsində, Ax-ox çayının sahilində dinləmək nə qədər xoş, nə qədər unudulmaz idi!
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Əzizə xanım Vahabova da iştirak və çıxış etdi. Ə.Vahabova xüsusi qayğıya möhtac bu insanların həyatında unudulmaz iz buraxacaq və həqiqətən çox lazımlı olan belə bir düşərgənin təşkili üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Amerika səfirliyinə, Sülh Korpusuna, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə minnətdarlıq etdi.
Sülh Korpusunun Azərbaycan üzrə direktoru Vhittinqton da düşərgədə oldu, oyunlarda, təlimlərdə iştirak etdi, valideynlərlə, azərbaycanlı könüllülərlə söhbətlər apardı və məmnun qaldığını bildirdi.
Sülh Korpusunun 10, İsmayıllı UADM-in isə 9 könüllüsü 4 gün ərzində düşərgədə oldular və oyunlarda, gəzintilərdə, karusellərdə əylənmələrində uşaqlara yardımçı oldular. Onu da deyək ki, ötən ilki düşərgədə bizim Mərkəzdən cəmi 2 könüllü var idi.
Son gün, ayrılıq anı… Hamımız bir yerdə vida şəkli çəkdiririk. Yola düşmək vaxtıdır, səs-küylə gəldiyimiz istirahət mərkəzindən istəmədən, uşaqların qeyri-ixtiyari axan göz yaşları ilə, “Salam, dünya, biz də varıq – 2013”-də iştirakçı olmaq ümidi və arzusu ilə ayrılırıq.
Bizi qəribə baxışlarla qarşılayan “Qız qalası”nın işçiləri də bu ayrılıqdan məmnun görünmürlər, “yenə gəlin, gözləyəcəyik” deyirlər, əllər uzun zaman havada yellənir.
Avtobuslar İsmayıllıya, Qəbələyə, Saatlıya olmaq üzrə yola çıxırlar, yollarımız burada – kəndin çıxışında ayrılır, yenidən görüşmək ümidi ilə “hələlik” deyirik.
P.S. Bu işdə bizə yardımçı olanların hər birinə, o cümlədən könüllülərin düşərgə xərclərini qarşılayan digər könüllümüz Vidadi bəyə təşəkkür edirik.
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz