Bir dilənən ana gördüm

Yol kənarında oturub dilənən bir ananın məsum baxışlarına

Bir dilənən ana gördüm: daş üstündə əyləşibdir,
Əl uzadıb, dil tökürdü, gah ağzını yumurdu.
Görünür ki, ana yazıq bu mühitə öyrəşibdir
Ötüb keçən hər yolçudan yalvarışla pay umurdu.

Ümidləri puç olana bənzəyirdi baxışından,
Kimsə ona pay verəcək o, ağzını açan kimi.
Qanadları sınıq quşa oxşayırdı duruşundan,
Rəhm edəcək hər kəs ona gözündən yaş qaçan kimi.

Bəs görəsən, bu ananın laylasıilə boya çatan,
Ya oğlanın, ya da qızın borcu yoxmu haqq verməyə?
Ana burda dilənərkən evdə olan, rahat yatan,
Övlad adın nə qoyubdur, nə düşünür, ölmür niyə?

Bir ara ver, qoca ana: Dilənməkçün gəlməmisən,
Bu dünyaya gəlmək üçün haqqın olub sən gələndə.
Dünya belə amansızdır, yəqin bunu bilməmisən,
Çox gec olub həqiqəti ana kimi, sən biləndə.
Rüstəm Məbudoğlu,
İsmayıllı

Şərh Yaz