İsmayıllı tarixinə kiçik səyahət

Hər kəsin vətən məsələsinə bir yanaşma tərzi var. Mənim yanaşmam budur ki, vətən mənə doğulduğum yerdən, eldən, obadan başlayır. Əgər mən doğulduğum yeri sevməsəm, onun qədrin bilməsəm, tarixini öyrənməsəm ümumi Azərbaycan məfhumuna biganə yanaşmış olaram. Bu cəhətdən mənim üçün də vətən məhz İsmayıllıdan başlayır. İsmayıllının zəngin tarixinin təbliği istiqamətində addımlarımızdan biri avqustun 30 da “İrəli Tarix” mərkəzinin üzvləri ilə İsmayıllıda olan tarixi abidələrə səfər etmək idi. İsmayıllı tarixinə kiçik səyahətQeyd edək ki, İsmayıllı rayonunun əhatə etdiyi mövcud ərazidə insanların oturaq həyata keçmələrinin tarixi ən azı 7000 ildir. Bu baxımdan İsmayıllı ərazisi müxtəlif dövrlərə aid tarixi abidələrlə zəngindir. Belə abidələr sırasında Talıstan kəndi yaxınlığında Cavanşir qalası (VII əsr), Xanagah kəndi yaxınlığında Qız qalası (XI-XII əsr), Lahıc qəsəbəsi yaxınlığında Girdiman qalası (VII əsr),Sulut kəndi yaxınlığında Fit qalası və 40 otaq(hər iki abidə XVIII əsr nümunələridir), Zeyvə kəndində türbə(XVIII əsr) və s. İlkin məqsədimiz VII əsrə aid Cavanşir qalasına səyahət etmək, tarixin bu qədim yadigarı ilə əyani tanış olmaqdır. Tarixin hər bir dövründə xalqı öz arxasınca apara bilən, ona işıqlı gələcək bəxş etmək istəyində olan hökmdarlara, tarixi qəhrəmanlara rast gəlinib. Məhz belə şəxslər tarixin yaddaşında qalır. Belə tarixi şəxsiyyətlərdən biri də Girdiman dövlətinin hökmdarı Varaz Qriqorun oğlu Cavanşir olub.
Dostlarla Cavanşir qalasına, möhtəşəm memarlıq nümunəsinə doğru irəliləyirik. Qalaya yol Talıstan kəndinin içərisindən, Ağ çayın sahili boyunca meşə massivindən şimala istiqamətlənən cığırla gedir. Qalanın ətrafı Böyük Qafqazın gözəllikləri ilə əhatə olunub. Füsunkar bir təbiət qoynunda yerləşir. Maşından düşüb qalanın ətəyinə gəlirik. Amma bizləri təəssüf hissi bürüdü. Qalanın yerləşdiyi yeri tariximizə biganə yanaşanlar yandırıblar. Belə ki, qalanın ətəyində çay sahilində gəlib yayda istirahət edənlər qaladıqları ocağı söndürməyib gedirlər. Axırda belə tariximizə zərbə vuran hadisələr baş verir. Çay sahilində bir qədər dincəldikdən sonra qalaya çıxmağa başlayırıq. Ağ çay dərəsindən üzü yuxarı olan cığır bizi VII əsr yadigarına aparır. Getdikcə qalanın cənub divarlarına yaxınlaşırıq. Ətrafda gözəl bir mənzərə bizi əhatələyir. Sanki Qafqazın zirvələri yüksəkliyə qalxdıqca hündürlük baxımından bizə təslim olur. Cənub divarında olan hissədən içəri keçirik. Söz Cavanşir qalasından olan mənzərəni təsvir etməkdə acizdir. İnsan övladı gör nələrə qadirdir belə yüksəklikdə VII əsrdə texnikanın olmadığı vaxtda belə müdafiə qalası tikmək çox çətin iş idi. Qalanın sahəsi haqda yekdil fikir yoxdur. Coğrafiyaçı R.Tarverdiyev qalanın sahəsinin 1,49 hektar olduğunu bildirir. Tarixçi alim, professor, uzun illər qala ilə bağlı tədqiqatlar aparan və indiyədək də davam etdirən Qafar Cəbiyev isə bildirir ki, qalanın uçub getmiş hissəsini nəzərə almadan belə qalanın sahəsi 2 hektara yaxındır. Müşahidələrimizdə bizə Qafar müəllimin fikri ilə razılaşmağa əsas verir. Qalanın cənub tərəfi daha əzəmətlidir. Bu hissədə qalanın divarların qalınlığı 2 m, hündürlüyü 12-15 metrə çatır. Qalada 6 bürc var və onların bəzilərinin diametri 8 metrdir (Qala ilə bağlı Qafar Cəbiyevin tədqiqatlarına istinad edilib). Qala müdafiə tipli qaladır və əksər qalalar kimi bu qala da 2 hissədən ibarətdir: qala və iç qala. Bir çox tədqiqatçılar qalanın Girdiman dövlətinin hökmdarı Cavanşirin adını daşıdığını və onun da 636 (642) -681-ci illər hakimiyyətdə olduğunu nəzərə alaraq qalanın məhz VII əsrə aid olduğunu bildirirlər. İsmayıllı tarixinə kiçik səyahətAlban tarixçisi Musa Kalankatlının (Dasxuranlının) “Alban tarixi” əsərində Cavanşirin dövrü ilə bağlı hadisələrə geniş yer verilib. Amma tarixçi əsərində Cavanşir qalasının yox, Girdiman qalasının adını bir neçə dəfə çəkib. Güman etmək olar ki, qala Cavanşirin ölümündən sonra(681-ci ildən sonra)tikilib deyə dövrün tarixçisinin əsərində qalanın adı çəkilməyib. Biz qalanı gəzdikcə burda olan hər daş parçası bizi uzaq keçmişə aparırdı. Hətta düşünürdük ki, görəsən Cavanşiri fəth etmək üçün hansısa hökmdar bura çıxmağa cəhd edərdi? Suallar da bizi Cavanşirin zamanına aparır.
Qalanın əsaslı restavrasiyaya ehtiyacı var. İnanırıq ki, tezliklə qalada əsaslı bərpa işləri aparılacaq. Fazil Osmanov, Qafar Cəbiyev, Cəfər Qiyasi kimi tarixçilərin apardığı tədqiqatlar istisna olmaqla qala elə də geniş tədqiq olunmayıb. Qaladan zəfər duyğusu ilə enirik. Axı babamız Cavanşir də burda zəfərlər qazanıb. Elə bil o azadlıq duyğusu bizlərə sirayət etmişdi. Getdikcə qaladan uzaqlaşırıq. Yenə yüksəklikdə bir qala qalır o da – Cavanşir qalası. Hələ qarşıda bizi İsmayıllı tarixi ilə bağlı tarixin şahidi olan neçə-neçə tarixi qala gözləyir… Yolumuz açıq olsun…
Ardı var…
Sahil Əzimov,
Ağbulaq kənd ümumi orta məktəbinin tarix müəllimi

Şərh Yaz